CƏMİYYƏT


Moskvada Seçenov Universitetinin Bakı filialının tələbələrinin klinik rotasiyası keçirilib

Bakı, 10 yanvar, AZƏRTAC

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (birinci MDTU, Seçenov Universiteti) Bakı filialının dördüncü kursunda oxuyan əlaçı tələbələr 2018-ci il dekabrın 6-17-dək İ.M. Seçenov adına Birinci MDTU-nun klinik xəstəxanaları bazasında “Anesteziologiya və reanimotologiya” fənni üzrə praktiki məşğələlər keçmək üçün Moskvaya göndərilmişdi.

Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tələbələr praktikanın ilk günündə Universitetin 1 nömrəli kilinik xəstəxanasının Anesteziologiya və reanimotologiya şöbəsi ilə tanış olub, şöbə müdiri, professor Andrey Yavorovskinin “Müasir anestologiyanın nailiyyətləri” mövzusunda mühazirəsini dinləyib, habelə Elmi-Tədqiqat Uronefrologiya İnstitutunda Seçenov Universiteti tələbələrinin İngiltərə Universitetlərində təcrübə keçməsinə həsr olunmuş konfransda iştirak ediblər.

Klinik praktikanın ikinci günündə tələbələrə aortal klapanın və aortanın yüksələn bölməsinin protezləşdirilməsi əməliyyatında iştirak etmək imkanı yaradılıb. Tələbələr anesteziya prosesi və intraoperasiya monitorinqi ilə ətraflı tanış olublar. Əməliyyatdan sonra doktor A.M.Popov “Kəskin ürək çatışmazılığı” mövzusunda interaktiv seminar keçirib. Seminarda tələbələrə ürək çatışmazlığının patofiziologiyası və onun müalicəsi prinsipləri izah edilib.

Klinik rotasiya dövründə tələbələr üçün çox maraqlı və mühüm təcrübələrdən biri də Fasiləsiz Peşə Təhsili Mərkəzində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Anesteziologiya və reanimotologiya kafedrasının dosentləri Y.L.Bulanova və Y.Y.Xalikovanın rəhbərliyi ilə keçirilən simulyasiyalı təlim məşğələsi olub. Tələbələr müxtəlif təxirəsalınmaz klinik vəziyyətlərin simulyasiya edilməsi sayəsində komanda şəklində işləməyi öyrəniblər. Bundan əlavə, tələbələr Ambu kisəsinin və üç Səfər üsulunun tətbiq edilməsi vərdişlərinə yiyələnib, təxirəsalınmaz hallarda pasiyentin intubasiya edilməsi yollarını öyrəniblər.

Praktiki məşğələlər dövründə tələbələr İ.M. Seçenov adına Birinci MDTU-nun professor-müəllim heyətinin “Sepsis, intensiv terapiya”, “Qarındaxili yüksək təzyiq”, “Massiv və ifrat massiv qan itkilərinin intensiv terapiyası”, “Bədxassəli hipertermiya”, “Əməliyyatqabağı dövrdə orqanların və sistemlərin funksiyasının monitorinqi” mövzularında çox maraqlı mühazirələrini dinləyiblər.

Tələbələr klinik praktikanın sonuncu gününü 31 nömrəli şəhər kilinik xəstəxanasının böhran hallarının intensiv terapiyası bölməsində keçiriblər. Burada hər tələbəyə bir klinik hadisə təqdim edilib və pasiyenti müstəqil surətdə müayinə etmək, anamnez toplamaq, laboratoriya tədqiqinin və EKQ-nin nəticələri əsasında diaqnoz qoymaq tapşırılıb.

Tələbələr peşə vərdişlərini və bacarıqlarını inkişaf etdirməklə bərabər, Universitetin ictimai həyatı ilə də yaxından tanış ola biliblər. Ali məktəbin Təhsilalanlar Şurasında görüşlər keçirilib. Gənclər filialın və Moskva kampusunun Tələbə Şuraları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etidirilməsi, beynəlxalq fəaliyyətin genişləndirilməsi, elmi araşdırmalar sahəsində tərəfdaşlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, tələbələr Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri ilə görüşüblər. Birgə iclasda Seçenov Universitetinin Azərbaycan Klubunun layihələri və xeyriyyə aksiyaları tələbələrə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.