Moskvada Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı keçiriləcəkdir
AzerTAg.az
Bakı, 22 noyabr (AZƏRTAC). Noyabrın 25-də Rusiyanın paytaxtı Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayı keçiriləcəkdir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ÜAK-ın rəyasət heyətinin “Ümumrusiya Azərbaycan Konqresinin III Qurultayının çağırılması barədə” Qərarına uyğun olaraq keçiriləcək qurultayda Rusiya Federasiyasının 72 regionundan seçilmiş 130 nümayəndənin iştirakı nəzərdə tutulmuşdur.
Qurultayda Azərbaycan Respublikası və Rusiya Federasiyasının yüksək səviyyəli dövlət nümayəndələrinin də iştirakı gözlənilir. Bundan əlavə, Rusiyada yaşayan tanınmış azərbaycanlı ziyalılar, alimlər, iş adamları, ictimai xadimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri də qurultaya qonaq qismində dəvət olunmuşdur.
ÜAK-ın III qurultayında ötən müddət ərzində görülmüş işlərə dair hesabat veriləcək, təşkilatın nizamnaməsinə dəyişikliklərlə bağlı təkliflər müzakirə olunacaqdır. Tədbirdə, həmçinin qurumun fəaliyyətinin perspektivləri, qarşıda duran vəzifələr, ÜAK-ın işinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılacaqdır. Qurultayda bir sıra mühüm sənədlərin qəbul olunması da gözlənilir.
ÜAK 2000-ci ildə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə təsis olunmuşdur. Fəaliyyət göstərdiyi müddətdə ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var