ELM VƏ TƏHSİL


Moskvada “Universitetin üçüncü missiyası” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva, 4 dekabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fundamental kitabxanasında “Universitetin üçüncü missiyası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə universitetlər və cəmiyyət arasında qarşılıqlı əlaqənin inkişafına şərait yaradan səmərəli vasitələr və müvafiq təcrübələr müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, konfransın işində dünyanın 15 ölkəsindən ali təhsilin inkişafı sahəsində tanınmış ekspertlər, habelə Rusiyanın aparıcı ali məktəblərinin rektorları iştirak ediblər. Tədbirdə Azərbaycanı Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin müavini Ariz Gözəlov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova və nümayəndə kimi Moskva şəhərindəki 1273 nömrəli məktəbin 10-cu sinif şagirdi Nihad Gözəlov təmsil ediblər.

MDU-nun rektoru Viktor Sadovniçi konfransda çıxış edib. O, ali məktəblərin yeni Moskva beynəlxalq reytinqi barədə söhbət açaraq bildirib ki, bu reytinqdə ilk dəfə olaraq universitetin 3 əsas missiyasının hər biri: təhsil, elm və cəmiyyətlə qarşılıqlı əlaqə missiyaları qiymətləndirilir. Belə bir reytinq yaradılması təşəbbüsünü Rusiya Rektorlar İttifaqı irəli sürüb. Bu il reytinqdə ilk beşliyə Amerika ali məktəbləri daxil olub: Harvard Universiteti, Massaçusets Texnoloji İnstitutu, Yel Universiteti, Pensilvaniya Universiteti və Stenford Universiteti.

Mövzu ətrafında diskussiyalarda çıxış edən Azərbaycan alimləri növbəti reytinqlərdə Azərbaycanın aparıcı ali məktəblərinin iştirakını təklif ediblər.

MDU-nun rektoru Viktor Sadovniçi konfransa yekun vuraraq qeyd edib ki, Rusiya Rektorlar ittifaqı yaxın 3 ildə “Universitetin 3 missiyası” yekun siyahısında ali məktəblərin sayını 1000-ə çatdırmağı və dünyada getdikcə populyarlaşan fənn reytinqlərinin tətbiq olunmasını planlaşdırır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.