MƏDƏNİYYƏT
Moskvada VI Beynəlxalq “İnturmarket-2011” sərgisi açılmışdır
Moskva, 14 mart (AZƏRTAC). Azərbaycan Moskvadakı “Krokus Ekspo” sərgi kompleksində açılmış illik beynəlxalq “İnturmarket” turizm sərgisində iştirak edir. Bu il dünyanın 135 ölkəsi özünün turizm imkanlarını təqdim edir. Onların arasında turizm baxımından populyar olan Türkiyə, Yunanıstan, Bolqarıstan, Macarıstan, Polşa, Norveç, Misir, Mərakeş, Tunis, Kipr, Koreya, İtaliya, Çin, Tailand, Suriya, Monqolustan, ABŞ və digər ölkələr vardır. Azərbaycan Respublikasının turizm potensialını Bakı İnformasiya-Turizm Mərkəzi təmsil edir. Onun sərgi pavilyonlarının birində təşkil etdiyi “Azərbaycan” stendinin köməyi ilə sərgiyə gələnlər respublikamızın mehmanxanaları və ekskursiya proqramları barədə də geniş məlumat əldə edə bilərlər.
Sərgini RF İdman, Turizm və Gənclər Nazirliyi və Federal Turizm Agentliyi Rusiya hökumətinin dəstəyi ilə təşkil etmişlər. Bu il “İnturmarket-2011” sərgisinin tərəfdaş ölkəsi qismində Türkiyə çıxış edir.
Sərgi müddətində turizm sahəsinin nümayəndələrinin iştirakı ilə seminarlar, konfranslar, habelə işgüzar görüşlər keçiriləcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva