MƏDƏNİYYƏT


Moskvada Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz gecəsi keçirilib

Moskva, 11 mart, AZƏRTAC

Moskvadakı İqor Butman Klubunda Azərbaycanın görkəmli caz bəstəkarı və pianoçusu Vaqif Mustafazadəyə həsr olunmuş caz gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, unudulmaz sənətkarın doğum günü ərəfəsində Moskvanın məşhur caz məkanlarından biri olan İqor Butman Klubunda görkəmli musiqiçinin əsərləri səslənib.

Gecədə Vaqif Mustafazadənin dostları və həmkarları, onun musiqisinin pərəstişkarları və cazsevərlər iştirak edib.

Konsertdə iştirak edən maestro İroq Butman görkəmli Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin xatirəsinin daim cazsevərlərin qəlbində olduğunu qeyd edib. O deyib: “Mən onun yaradıcılığı ilə hələ çox gənc yaşlarımda tanış olmuşam. Vaqifin Sankt-Peterburqun “Kvadrat” caz klubunda və “Payız ritmləri” caz festivalında çıxışlarını heç zaman unutmaram. Sonralar biz qastrol səfərlərində görüşürdük. Onun ifasını dinləmək insana böyük zövq verirdi. Odur ki, Vaqif Mustafazadə hər zaman xatırlanır və cazsevərlər onun adı ətrafında toplaşırlar”.

Tanınmış caz ifaçısı Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb: “Sovet dönəmində bütöv bir nəsil Polad Bülbüloğlunun mahnılarını sevə-sevə dinləyib. İndi də Azərbaycanda gənc musiqiçilər nəsli yetişir. Məsələn, çox istedadlı pianoçu İsfar Sarabski ilə mən Paris Beynəlxalq Caz Festivalında tanış oldum və onunla bir səhnədə çıxış etmək mənə böyük zövq verdi”.

İqor Butman Azərbaycana sonuncu səfərini xatırlayaraq Bakının necə müasirləşdiyini və beynəlxalq mədəni tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini bildirib. Deyib ki, Bakıda maraqlı festival, müsabiqə və sərgilərin keçirildiyinin şahidi olub.

Xatirə gecəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Nigar Axundova, Vaqif Mustafazadənin ev muzeyi və fondunun rəhbəri Afaq Əliyeva, pianoçu Qriqori Fayn və başqaları çıxış edərək görkəmli musiqiçinin bənzərsiz, virtuoz ifa texnikası, özünəməxsus harmonik dili ilə dinləyicilərin qəlbini fəth etməsindən danışıblar, caz-muğam janrının banisi olan sənətkarın ilk dəfə caz musiqisində Azərbaycan koloritindən, muğamlardan istifadə etdiyini qeyd ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.