MƏDƏNİYYƏT
Moskvada “Vo ves qolos” uşaq vokal müsabiqəsinin ikinci mövsümünün çəkilişləri başlayıb
Moskva, 26 sentyabr, AZƏRTAC
“MİR 24” telekanalında “Vo ves qolos” uşaq vokal müsabiqəsinin ikinci mövsümünün çəkilişləri başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası yeddi nəfərdən ibarətdir. “Bu il komandamız çox güclüdür: Aliyə Əliyeva, Səbinə Quluzadə, Emin Məmmədov, Aytən Hacıyeva, Rüfət Məmmədov, Sevil Əsədullayeva. Bu səbəbdən də yalnız qələbə ümidindəyik. “Vo ves qolos” televiziya layihəsi dünya üzrə 90 milyona yaxın tamaşaçıdan ibarət böyük auditoriyaya malikdir. Bu unikal layihə MDB-yə üzv ölkələrin uşaqlarını birləşdirir. Onlar müxtəlif dillərdə danışsalar da, bəziləri hətta rus dilini bilməsələr belə, onları musiqi birləşdirir. Bu, çox vacibdir”, - deyə Azərbaycan komandasının rəhbəri Emil Qədirov AZƏRTAC-a bildirib.
Müsabiqə Millətlər Məsələləri üzrə Federal Agentlik və “Uşaqlar uşaqlara yardım edir” xeyriyyə fondunun təşkilatçılığı, RU.TV telekanalının dəstəyi ilə keçirilir. Layihənin rəhbəri tanınmış prodüser və rejissor Lina Arifulinadır.
Münsiflər heyətinə Dmitri Malikov, Stas Pyexa, Sati Kazanova, Oleq Qazmanov və Brendon Stoun daxildir.
Azərbaycan qrupunun rejissoru Ülviyyə Könül bildirib ki, bu il ölkəmiz müsabiqəyə çox güclü komanda ilə qatılıb. O deyib: “Mən çox xoşbəxtəm ki, növbəti dəfə də uşaqlarla işləmək fürsətim oldu. Mənim uşaqlardan aldığım enerjini yalnız Günəşdən almaq mümkündür. Ümid edirəm ki, biz müsabiqənin qalibi olacağıq. Həmkarlarım Rimma Şapovalovaya, “NERO” rəqs studiyasının xoreoqrafı Eminə və Emil Qədirova minnətdarlığımı bildirmək istəyirəm”.
Bu il layihədə Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Tacikistan, Ermənistan, Moldova və Latviyadan 45 nəfər iştirak edir.
Azərbaycan komandasının vokal məşqçisi Rimma Şapovalova qeyd edib ki, 2011-ci ildən Azərbaycanın ən məşhur musiqi kollektivləri və layihələri, o cümlədən “O səs Azərbaycan” layihəsi ilə işləyir. O deyib: “Azərbaycanda çalışmaq mənim üçün böyük şərəfdir. “Vo ves qolos” mənim bu ölkədə həyata keçirdiyim dördüncü layihədir. Komandamızdakı uşaqların istedadlı, məqsədyönlü, böyük potensiala malik olmaları məni, sözün əsl mənasında, valeh edir. Bizim tamaşaçı zalına parlaq enerji yayacaq çox maraqlı çıxışlarımız var. Biz qələbəyə çox ümid edirik”.
Uşaqları cəmi 5 hesabat konserti gözləyir: “vizit kartı” – mahnının komanda rəhbəri ilə birgə ifası, İqor Nikolayev, Viktor Drobış və Vladimir Presnyakovun yaradıcılıq gecələri və möhtəşəm final. Qaliblər 3 nominasiyada müəyyən ediləcək: ən yaxşı solo ifaçı oğlan, ən yaxşı solo ifaçı qız və ən yaxşı kollektiv.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva