Moskvada azərbaycanlı əlaçı tələbələrin qurultayı keçirilmişdir
AzerTAg.az
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycan Mədəniyyətinin İnkişaf və Dirçəliş Fondunun (AMİDF) təşkilatçılığı ilə Moskvanın nüfuzlu ali təhsil müəssisələrindən olan Rusiya Xalqlar Dostluğu Universitetində (RXDU) azərbaycanlı əlaçı tələbələrin qurultayı keçirilmişdir.
Qurultayda AMİDF-nin təqaüdünə iddiaçı olan 40-dək tələbə iştirak etmişdir. Tədbiri RXDU-nun Azərbaycan Həmyerlilər Birliyinin prezidenti Binnət Binnətov açmışdır. Moskvanın müxtəlif ali təhsil müəssisələri tələbələrini maraqlandıran suallar cavablandırılmış, onlara fondun təqaüdünü almaq qaydaları izah edilmişdir.
Fondun direktoru Şamil Tağıyev azərbaycanlı əlaçı tələbələrə gələcəkdə uğurlar arzulamış, bütün iştirakçılara təşəkkürnamə və fəxri fərmanlar təqdim etmişdir.
Hazırda Moskvada on minlərlə azərbaycanlı gənc təhsil alır. Biliklərə yiyələnməyə səy göstərən tələbələri dəstəkləmək olduqca vacibdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var