MƏDƏNİYYƏT


Moskvada keçiriləcək “Ənənə və müasirlik” Beynəlxalq incəsənət festivalında Azərbaycanı rəssam Namiq Məmmədov təmsil edəcəkdir

Bakı, 25 iyun (AZƏRTAC). İyunun 26-dan 30-dək Moskvadakı Mərkəzi Rəssamlar Evində “Ənənə və müasirlik” Beynəlxalq İncəsənət Festivalı keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Moskva Mədəniyyətin Dəstəklənməsi və Müasir İncəsənətin İnkişafı Fondunun təşkilatçılığı ilə 2007-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən festivalda bu il dünyanın 40 ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar iştirak edəcəklər.

Festivalda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Namiq Məmmədov təmsil edəcəkdir.

Namiq Məmmədov 1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə Vilnüsdəki Litva Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsini bitirmişdir. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Namiq Məmmədov sərbəst yaradıcılıq fəaliyyətinə 1983-cü ildən başlamışdır. Həmin il keçirilən “Yaradıcı gənclər həftəsi” adlı sərgidə “Bizim bağça” və “Gimnast” adlı əsərləri ilə iştirak etmişdir. 1990, 1991-ci illərdə 20 Yanvar faciəsinə həsr olunmuş sərgidə, 1993-cü ildə 7-ci mərtəbə rəssamlarının sərgisində iştirak edərək uğur qazanmış və bundan sonra mütəmadi olaraq çoxsaylı respublika və beynəlxalq sərgilərdə iştirak etmişdir. 1996, 2000 və 2008-ci illərdə Bakıda, 1997 və 2004-cü illərdə Norveçin Oslo şəhərində, 2007-ci ildə Danimarkanın Kopenhagen şəhərində fərdi yaradıcılıq sərgiləri keçirilmişdir.

Tanınmış fırça ustası 2008-ci ildə TÜRKSOY rəssamlarının görüşündə Azərbaycanı təmsil etmişdir. Bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, Namiq Məmmədov pedaqoji fəaliyyətlə də məşğul olur. 2001-2006-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq Kafedrasının müdiri vəzifəsində çalışmışdır. Hazırda Akademiyanın dosentidir.

Rəssam 2003-cü ildə “Hümay” Milli Mükafatına layiq görülmüşdür. Əsərləri Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Müasir İncəsənət Muzeyi, Fransa, Böyük Britaniya, Almaniya, Norveç, Türkiyə, İtaliyadakı şəxsi kolleksiyalarda saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.