ELM VƏ TƏHSİL
Moskvada keçirilən “Heydər Əliyev: əsrin adamı” esse müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Moskva, 16 mart, AZƏRTAC
Moskvadakı general Kərim Kərimov adına 1583 saylı gimnaziyada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: əsrin adamı” mövzusunda esse müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinin adları Novruz bayramı münasibətilə təşkil olunmuş tədbir çərçivəsində açıqlanıb. Gimnaziyanın direktoru Svetlana Dvoryantseva tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın çoxmillətli Rusiya xalqları arasında geniş qeyd olunduğunu vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev bu il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb. O, Ulu Öndərin ölkəmizin tarixində rolundan danışaraq vurğulayıb ki, Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Diplomat Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin formalaşmasında Ümummilli Liderin xüsusi rolunu qeyd edib.
Sonra gimnaziyanın tərbiyə işləri üzrə müşaviri Ramidə Qasımova “Heydər Əliyev: əsrin adamı” esse müsabiqəsinin qaliblərini elan edib. Gimnaziyanın 18 şagirdinin iştirak etdiyi müsabiqədə birinci yeri 8-ci sinif şagirdi Marqarita Maltseva, ikinci yeri 9-cu sinif şagirdi Konstantin Bondarenko, üçünü yeri isə 10-cu sinif şagirdi Bodilamo Ramozonova tutub. Qaliblərə səfirliyin adından xatirə hədiyyələri təqdim olunub.
Bayram tədbiri gimnaziyanın şagirdlərinin iştirakı ilə Azərbaycan mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva