MƏDƏNİYYƏT
Moskvada rəssam Abbas Kazımovun yubiley sərgisi açılmışdır
Moskva, 15 aprel (AZƏRTAC). Moskvada, Rusiya Rəssamlıq Akademiyasının filialı olan “Zurab Sereteli incəsənət qalereyası”nda tanınmış Azərbaycan rəssamı Abbas Kazımovun “Parlaq dünya” adlı yubiley sərgisinin açılışı olmuşdur. Sərgini Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Rusiya Rəssamlıq Akademiyası təşkil etmişlər. Rəssam aprelin 14-də Moskvada dostları və yaradıcılığının çoxsaylı pərəstişkarları arasında özünün 55 illik yubileyini qeyd etmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxışında yubileyi və Rusiya paytaxtının məşhur məkanında sərgisinin açılması münasibətilə rəssamı təbrik etmişdir. Səfir sərginin təşkilinə göstərdiyi dəstəyə görə Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteliyə minnətdarlığını bildirmişdir. Yaradıcılığı müasir incəsənət dünyasında layiqli yer tutan həmvətənimizin istedadını xüsusi vurğulayan P.Bülbüloğlu demişdir: “Belə bir sərgi hər bir rəssamın yaradıcılıq bioqrafiyasında əhəmiyyətli mərhələdir. Abbas Kazımovun bioqrafiyasında isə bu həm də çox uğurlu bir mərhələdir. Onun Moskvada sərgisinin böyük marağa səbəb olması sevindirici haldır”.
Azərbaycanlı rəssamın yaradıcılığını yüksək qiymətləndirən Zurab Sereteli bildirmişdir ki, Abbas Kazımovu Rusiya Rəssamlıq Akademiyasına qəbul etməyi planlaşdırır.
Açılışda çıxış edən Rusiya sənətşünasları da sərgini şəhərin mədəni həyatında əlamətdar hadisə adlandıraraq rəssamın yaradıcılığından, onun müasir incəsənətə gətirdiyi “xalça üslubu” deyilən unikal dəst-xəttindən söz açmışlar.
Bu, Abbas Kazımovun Moskvada birinci sərgisi deyildir. Ekspozisiyada 1980-ci illərdən bu günədək yaradılmış 100-dən yuxarı parlaq və özünəməxsus əsərlər nümayiş etdirilir. “Pirosmaniyə həsr edilir” silsilə qrafik əsərlər, “xalça üslubunda” əsərlər, “Qırmızı və Qara” silsilə rəngkarlıq işləri rəssamın bu qəbildən olan əsərləridir. Onun bəzi tabloları ilk dəfədir nümayiş etdirilir.
Abbas Kazımov sərginin təşkilatçılarına və Moskva ekspozisiyasının təşkilini dəstəkləyən bütün dostlarına minnətdarlığını bildirərək demişdir ki, bu sərgini “Sülh və Müharibə” adlandırmaq istəyirdi, çünki hesab edir ki, bizim nəslin payına böyük sınaqlar düşmüşdür. Müharibələrdən, islahatlardan, defoltdan, miqrasiyadan, ayrılıqlardan keçmək lazım gəlmişdir. ”Amma bu sərgini “Parlaq dünya” adlandırmışam. Çünki bizi əhatə edən dünyanın gözəlliklərindən vəcdə gəlməkdən doymuram. Xoşbəxt yaşamaq üçün burada hər şey vardır. Biz dünyanın harmoniyasını pozmamalıyıq! Yaradıcılıqla məşğul olmalı, canlı nə varsa hər şeyə və bir-birimizə hörmətlə yanaşmalıyıq”, deyən Azərbaycan fırça ustası özünün də məhz bu devizlə yaşadığını diqqətə çatdırmışdır.
Abbas Kazımov 1956-cı ildə Bakıda anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1979-cu ildən etibarən Mixail Şemyakin, Ernst Neizvestnıy, Anatoli Zverev və digər tanınmış sənətkarlarla yanaşı həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda bir çox rəsm sərgilərində iştirak etmişdir. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kannda təşkil olunmuşdur. Abbas Kazımov Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının üzvüdür.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva