MƏDƏNİYYƏT


Moskvada rəssam Cahid Camalın yubiley sərgisi açılıb

Moskva, 26 noyabr, AZƏRTAC

Moskvada azərbaycanlı rəssam, Rusiyanın Əməkdar rəssamı Cahid Camalın anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın tələbəsi Svetlana Fedotova mərhum ustadın yaradıcılıq yolundan, onun “rəng dairəsi” ideyasından söhbət açıb. O qeyd edib ki, rəssamın Monqolustanda məsləhətçi müəllim kimi işlədiyi dövrlər onun yaradıcılığına təsir göstərib. Cahid Camalın əsərlərində qədim folklor, epos və köçəri xalqların real həyatı öz əksini tapıb.

Rusiyadakı səfirliyimizin müşaviri Vüqar İmaməliyev Azərbaycan rəssamının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib.

Sərgidə Cahid Camalın müxtəlif illərdə, o cümlədən Monqolustan səfəri zamanı çəkdiyi şəkillər nümayiş etdirilib.

Cahid Camal 1928-ci ildə Qarabağda doğulub. Rusiyanın Əməkdar rəssamı, Azərbaycan və Monqolustan Rəssamlar İttifaqının üzvü olub. V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirdikdən sonra Moskva Memarlıq İnstitutunda və S.Q.Stroqanov adına Moskva Rəssamlıq Sənayesi Akademiyasında, A.N.Kosıgin adına Moskva Tekstil İnstitutunda dərs deyib. Rəssamın əsərləri Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin muzeylərində saxlanılır.

Cahid Camal mərhum ictimai xadim Heydər Camalın atasıdır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.