CƏMİYYƏT
Moskvada rusdilli yayımçıların IV beynəlxalq forumu keçirilib
Moskva, 17 aprel, AZƏRTAC
“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin beynəlxalq multimedia mətbuat mərkəzində rusdilli yayımçıların IV beynəlxalq forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu iştirak edib. Çıxışında postsovet ölkələrində rus dilinin böyük rolunu qeyd edən səfir deyib: “Azərbaycanda kifayət qədər ciddi və mötəbər rusdilli saytlar var, populyar informasiya agentlikləri materiallarını iki dildə - Azərbaycan və rus dillərində buraxırlar. Üç yüzdən çox məktəbdə təhsil rus dilində aparılır, demək olar ki, bütün ali təhsil ocaqlarında rus bölməsi saxlanılıb. Bakı Slavyan Universiteti fəaliyyət göstərir, Rusiyanın aparıcı ali təhsil müəssisələrinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Əsas dövlət televiziya kanalı olan “AzTV”də rus dilində informasiya proqramları yayımlanır, rus dilində verilişlər hazırlanır”.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun rəhbəri kimi, P.Bülbüloğlu rusdilli məkanın keyfiyyətcə qorunmasının əhəmiyyətini qeyd edib. O deyib: “Sirr deyil ki, indi yayımın və rus dilinin keyfiyyəti kəmiyyət xatirinə aşağı düşür. Forumda müzakirə olunan əsas məsələlərdən biri rus dilinin keyfiyyət göstəriciləri ola bilər. Qeyd etmək istərdim ki, insanların rus dilində ünsiyyət qurduğu postsovet məkanı və MDB ölkələrində məhz dilin keyfiyyəti məsələsində dəstəyə ehtiyac duyulur. Hesab edirəm ki, daha çox insanın bu dildən istifadə etməsi, gənc nəsildə bu dili öyrənməyə maraq yaradılması üçün rus dilinin təbliğinə diqqəti artırmaq lazımdır. Bu, ciddi problemdir və belə forumlarda müzakirə olunmalıdır”.
Qeyd edək ki, forum Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyi, RF Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo”nun dəstəyi ilə təşkil olunub. Tədbirdə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov, Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova, Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədri Leonid Levin, kütləvi informasiya vasitələri üzrə dövlət siyasəti departamentinin direktoru Yekaterina Larina və digərləri iştirak ediblər.
Dünyada rusdilli yayımın inkişaf istiqamətləri və rolu, internetdə yayımlar üçün ortaq platforma yaradılmasının zəruriliyi, xaricdə rusdilli yayımlar üçün aktual siyasi məsələlər, bu ölkələrdə və Rusiyada rusdilli yayımçıların qarşılıqlı fəaliyyəti kimi mövzular forum iştirakçılarının diqqət mərkəzində olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva