DÜNYA
Moskvadan Yerevana uçan təyyarə qəza enişi edib
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Rusiyanın Nordwind aviaşirkətinin Moskva-Yerevan reysini yerinə yetirən təyyarəsi qəza enişi edib. Şeremetyevo aeroportunda sərnişinlərin evakuasiyası həyata keçirilib. Təxliyə zamanı səkkiz sərnişin xəsarət alıb, onlardan ikisi isə xəstəxanalara çatdırılıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin havaya qalxdığı vaxt salonda tüstülənmə olub. Ekipaj komandiri bu barədə dispetçer məntəqəsinə məlumat verib və uçuşu yarıda kəsmək qərarına gəlib. Tüstülənmə alova çevrilməyib və yerə enən hava laynerindən sərnişinlərin təxliyəsi əməliyyatı həyata keçirilib. Təyyarənin göyərtəsində 181 nəfər sərnişin və altı ekipaj üzvünün olduğu bildirilir.
Rusiya Aviasiya İdarəsi, İstintaq Komitəsi və Moskva şəhərinin Nəqliyyat Prokurorluğu insidentin səbəbləri ilə bağlı təhqiqat aparırlar.