SİYASƏT


Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib

Bakı, 14 noyabr, AZƏRTAC

Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammitində iştirak edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan paytaxtındakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində ayin keçirib.

AZƏRTAC xəbər verir ki, patriarx Kirillə görüşə təkcə Azərbaycanın xristianları deyil, həm də dövlət nümayəndələri, diplomatik korpusların təmsilçiləri, mədəniyyət xadimləri gəliblər. Onların arasında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və digər rəsmi şəxslər olublar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein patriarx Kirillə müraciət edərək qeyd edib ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı 2010-cu ildə bu kilsədə keçirilən ayində iştirak edib. O, mitropolit Nikolay Yeruşeviçə məxsus olan müqəddəs ripidləri patriarx Kirillə təqdim edib.

Patriarx Kirill qeyd edib ki, “Jen Mironosits” pravoslav kafedral kilsəsinə xüsusi hisslərlə qədəm qoyub. O, Bakıda fəaliyyət göstərən bu kilsənin yüksək səviyyədə restavrasiyasından məmnunluğunu ifadə edib. “Mən bu kilsədə çoxlu iş görüldüyünün, Azərbaycanda kilsə fəaliyyətinin necə inkişaf etdiyinin şahidi oldum”, -deyə Moskvanın və Bütün Rusiyanın Patriarxı vurğulayıb.

Sonra Rus Pravoslav Kilsəsinin mükafatları təqdim olunub. Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelinə II dərəcəli Müqəddəs Serqi Radonejski ordeni, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova isə Patriarx Fəxri Fərmanı təqdim edilib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xormeysteri Vaqif Məstanov III dərəcəli Müqəddəs Knyaz Daniil Moskovski ordeni, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova və Arxangel məbədi xorunun rəhbəri Kristina Əfəndiyeva Böyük Moskva Knyaginyası Müqəddəs Yefrosinya ordeninə layiq görülüblər.

Patriarx Kirill daha sonra Bakının müqəddəs himayədarı Apostol Varfolomey ikonasını “Jen Mironosits” pravoslav kafedral kilsəsinə hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.