REGİONLAR
Mövcud su mənbələrinin qorunması, su itkisinin qarşısının alınması günün vacib tələbidir
Ağdaş, 14 fevral, AZƏRTAC
Kür-Araz ovalığının şimal hissəsində Bozdağ və Kür çayları arasında yerləşən Ağdaş rayonu aqrar bölgədir. Quru subtropik iqlimi var. Yay aylarında temperatur 42-44 dərəcəyədək yüksəlir. Rayonda əkinçilik iqtisadiyyatın 55 faizini əhatə edir. 2019-cu ildə əlavə 1570 hektar torpaq sahəsi cəlb olunmaqla, 60 yaşayış məntəqəsi üzrə əkin sahəsi 26900 hektara çatdırılıb. Rayonda taxılçılıq aqrar sektorda aparıcı sahədir və təkcə ötən il 11555 hektarda taxıl əkilib. Çəltikçilik, bostan-tərəvəzçilik, yem bitkiləri və sair sakinlərin əsas məşğuliyyətidir.
Bu gün qlobal istiləşmənin təsiri təbii ki, ölkəmizdən də yan keçmir. Son vaxtlar havaların quraq keçməsi, çaylarda suyun azalması aqrar sektora, xüsusilə əkinçiliyə təsirsiz ötüşmür. Bu baxımdan Azərbaycanda meliorativ tədbirlər infrastruktur layihələri arasında önəmli yer tutur. Ötən il təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Bu proses bu il də davam etdiriləcək. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə danışan dövlətimizin başçısı bildirib ki, bu işlər insanların daha yaxşı yaşaması üçün görülür: “Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılmışdır və bu proses davam etdirilir. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ona görə bizim proqramımızın icrasında infrastruktur layihələri xüsusi yer tuturdu. Biz sosial təşəbbüslərlə paralel olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdik”.
Bəs, bu istiqamətdə Ağdaş rayonunda nə kimi işlər görülür? AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandıran Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdaş Suvarma Sistemləri İdarəsinin rəis əvəzi, Əməkdar mühəndis Əhliman Hacıyev deyib: “Ağdaş rayonu ərazisindən Kür və Türyançay çayları axır. Əsas su mənbəyi 1840 kvadratmetr su yığıcı sahəsinə malik, uzunluğu 180 kilometr olan Türyançay çayıdır. Öz axını ilə su götürməni təmin etmək üçün Türyançay hidroqovşağı qurulub. Hidroqovşağın relyefcə Ağdaş ərazisindən yuxarıda yerləşməsi Suvarma Sistemləri İdarəsinin xidmət etdiyi ərazinin 96 faizində öz axını ilə suvarma aparılmasına imkan verir. Bu işə 1515,8 kilometr uzunluğunda suvarma kanalı xidmət edir ki, bunun da 180,8 kilometri magistral və təsərrüfatlararası kanallardır”.
Havaların quraq keçməsinin Ağdaş rayonunda da su qıtlığı yaratdığını söyləyən Ə.Hacıyev onun fəsadlarının aradan qaldırılması, su itkisinin qarşısının alınması üçün ciddi nəzarətin tətbiq edildiyini, fermerlərlə lazımi izahat işlərinin aparıldığını, gecə suvarılmasının təşkil olunduğunu deyib. Nəticədə cari il üçün əkilən 11787 hektar taxıl sahəsinin və 1006 hektar digər əkinlərin suvarılması təmin olunub.
Suvarma, eləcə də əhalinin içməli suya tələbatının ödənilməsində rayon ərazisindəki 5 ədəd artezian quyusu da istismardadır.
Mütəxəssis su itkisinin qarşısının alınmasında müasir suvarma texnologiyasının tətbiqinin də zəruriliyini vurğulayaraq, bu istiqamətdə də tədbirlərin görüldüyünü qeyd edib. “R-5 suvarma kanalında əsaslı təmir işləri aparılıb, kanalın 1,2 kilometr hissəsinə yeni beton üzlük çəkilib, üzərindəki hidrotexniki qurğular əsaslı təmir olunub. Habelə Türyançay hidroqovşağının aşağı axarında bərkitmə işləri görülüb.
Bundan başqa, ötən il 793 kilometr suvarma kanalı lildən təmizlənib, 349 ədəd hidrotexniki qurğuda, 4,5 kilometr beton kanallarda, 34 ədəd hidrometrik postda cari təmir işləri aparılıb”, - deyə o bildirib.
Ağdaş Suvarma Sistemləri İdarəsinin rəis əvəzi diqqətə çatdırıb ki, bu işlər cari ildə də davam etdiriləcək. Belə ki, 812 kilometr suvarma kanalının 340 ədəd hidrotexniki qurğusunda, 5 kilometr beton kanalların 35 hidrometrik postunda cari təmir işlərinin aparılması nəzərdə tutulub.