DÜNYA
Mövlud Çavuşoğlu: İsrail ilə diplomatik təmsilçilik səviyyəmizi səfirlər səviyyəsinə çatdırmaq üçün işlərə başlamışıq
Ankara, 23 iyun, AZƏRTAC
Qısa müddətdə yüksək səviyyəli qarşılıqlı səfərləri davam etdirəcəyik. Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi və regional məsləhətləşmələr vacibdir. Digər tərəfdən, diplomatik təmsilçilik səviyyəmizi səfirlər səviyyəsinə çatdırmaq üçün işlərə başlamışıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrailin xarici işlər naziri Yair Lapid ilə keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin normallaşması prosesini şərh edərkən ifadə edib.
Nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, sabitliyin qorunması və təhdidlərə qarşı Türkiyə ilə İsrail arasında bütün səviyyələrdə, eləcə də təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq davam edir.
Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfər edib. Bu, 13 il fasilədən sonra Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addım olub. Bütün sahələr üzrə geniş potensiala malik olan Türkiyə və İsrail arasında münasibətlərin inkişafı qarşılıqlı faydalı vədlərlə xarakterizə olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara