SİYASƏT
Mövlud Çavuşoğlu Ukraynada atəşkəsin vacib olduğunu qeyd edib

Moskva, 16 mart, AZƏRTAC
Ukrayna böhranının lap əvvəlindən Türkiyə dəqiq mövqe tutub. Biz həmişə bununla əlaqədar narahat olduğumuzu vicdanla və səmimiyyətlə bildirmişik, sağlam düşüncəyə və dialoqa çağırmışıq, gərginliyi azaltmağın və diplomatiya üçün meydan yaratmağın zəruri olmasına diqqəti cəlb etmişik. Biz lap əvvəldən atəşkəsin təmin edilməsi üçün səy göstəririk.
AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözləri çərşənbə günü RF XİN başçısı Sergey Lavrov ilə danışıqların yekunlarına dair mətbuat konfransında söyləyib.
“Fevralın 24-dən bəri Ukraynada dağıntı və humanitar gərginlik artmaqda davam edir. Minlərlə mülki şəxs həlak olub, 3 milyondan çox insan öz ölkəsini tərk edib”, - deyən M.Çavuşoğlu bu vəziyyətə son qoymaq lazım olduğunu əlavə edib.
Türkiyə XİN rəhbəri vurğulayıb: “Qan tökülməsinə, gözlərdən yaş axmasına son qoyulmalıdır. Biz həmişə demişik və deyəcəyik ki, müharibələrdə qalib gələn olmur”.
Türkiyə-Rusiya münasibətlərinin zamanın sınağından çıxdığını qeyd edən Mövlud Çavuşoğlu iki ölkənin rəhbərləri arasında qarşılıqlı anlaşma olduğunu vurğulayıb.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından da söhbət açan nazir bu məsələdə Azərbaycanın dəstəyini qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva