MƏDƏNİYYƏT
“Mövsümün sonu” beynəlxalq festivaldan mükafatla dönüb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanlı rejissor Elmar İmanovun ekranlaşdırdığı “Mövsümün sonu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (Niderland) “FIPRESCI” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində filmin əsas heyəti iştirak edib.
Mərasimdə çıxış edən rejissor festivala dəvətə görə təşəkkürünü bildirib.
“Festivalda filmin ilk nümayişi, həm də dünya premyerası idi. Nümayiş zamanı bütün kollektivin bir arada olması və filmin beynəlxalq kino tənqidçilərinin “FIPRESCI” mükafatına layiq görülməsi sevindirici hadisə idi. Layihəni dəstəkləyənlərə, o cümlədən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova minnətdarlığımı bildirirəm. Almaniyadan olan əsas prodüser Eva Blondiau, filmin yaradıcı heyəti olmadan yəqin ki, belə uğurlu bir iş ərsəyə gəlməzdi. İnanıram ki, tezliklə “Mövsümün sonu”nun Azərbaycanda da premyerasını reallaşdırmaq mümkün olacaq”, - deyə rejissor söyləyib.
Qeyd edək ki, film ailə-məişət mövzusundadır. Bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemləri diqqət mərkəzinə çəkilir. “Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ərsəyə gətirdiyi ekran əsərinin çəkilişləri ölkəmizdə aparılıb. Filmdə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə və başqaları ifa ediblər.