REGİONLAR


Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

Astara, 24 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 24-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Respublika Gününə həsr olunmuş “Azərbaycan dünyaya günəş kimi doğacaq” mövzunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Toplantıda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında ən unudulmaz günlərdən biridir.

Sonra Mərkəzin baş fond mühafizi Elza Kazımovanın Respublika Günü ilə bağlı məruzəsi dinlənilib.

Yaşadığı 23 ay ərzində Cümhuriyyətin gördüyü işləri, yaradılan təsisatları, qəbul edilən dövlət rəmzlərini tariximizin ən yaddaqalan səhifələri kimi qiymətləndirən E.Kazımova, demokratik respublikanın fəaliyyətinin Azərbaycan xalqının arzu və istəklərini müstəqillik şəraitində həyata keçirmək iqtidarında olduğunu əyani nümayiş etdirdiyini vurğulayıb.

Bildirilib ki, ilk müstəqil dövlətimizin ömrü az olub. 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb. Lakin, xalqımızın qəlbində azadlıq arzusu, məşəli heç vaxt sönməyib. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini verib, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.

Diqqətə çatdırılıb ki, müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bərpa edilmiş müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə bir çətin günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan xalqımızın ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək, astaralıların dövlətimizin başçısının apardığı müdrik siyasəti bəyəndiyini və onun ətrafında sıx birləşdiyini diqqətə çatdırıblar.

Sonra Mərkəzdə fəaliyyət göstərən “Kompüter texnologiyaları və kargüzarlıq işi” kursunu bitirənlərə sertifikatlar təqdim olunub.

Sonda tədbir iştirakçıları Mərkəzin fondunda saxlanılan xalçalara, “Elektron kitabxana”dakı kitablara, “Toxuculuq” və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.