SİYASƏT
Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ölkəmizi bütün dünyaya tanıtdı
Daşkənd, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ulu Öndərin anım günü ilə əlaqədar mərasim təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və tədbir iştirakçıları Ümummilli Liderin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Tədbir iştirakçıları Mərkəzdəki Heydər Əliyev muzeyi ilə tanış olub, foyedə Ulu Öndərin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlara həsr edilmiş foto və kitab sərgisinə baxıblar.
Səfir Hüseyn Quliyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi, sözün əsl mənasında, xilas etməsi haqqında söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, nəticədə uğurlu nəticələr əldə edildi.
Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da danışıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, vaxtilə Ulu Öndərlə dostluq etmiş Xayitbəy Djabakov və başqaları Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən danışıblar.
İctimai xadimlər Ravşan Nurmuxammedov, Tursuosi Jabborov, Nazim Karimov ümummilli lider Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi qiymətləndiriblər.
Sonda tələbələr Həzrətəli Sarızadə, Jasurbek Mardanov və Əzizə Nematillaeva Ulu Öndərə həsr olunan şeirlər söyləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd