SİYASƏT


Müasir Azərbaycanın qısa dövr ərzində əldə etdiyi nailiyyətlər Cümhuriyyət ənənələrinə sadiqliyin bariz nümunəsidir

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu tarixinin, dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malik olan bir xalqdır və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib. Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk demokratik Cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi. Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, dövlətimizin başçısı ölkəmizin 1993-cü ildən sonra istər siyasi-iqtisadi, istər humanitar, sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, - deyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və ölkəmizin suverenliyindən kənar heç bir status alınmayacaq.

Milli Məclisin deputatı qeyd edib ki, bu fikirlər həm problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin təxribatçı çıxışlarına cavab kimi səsləndirildi. Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazandığı və bunun regiona sabitlik və rifah gətirdiyi, eyni zamanda, ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qaldığı regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikulturalizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı. Ölkəmiz bu siyasəti davam etdirəcək. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, sözün əsl mənasında, müstəqil dövlət olması, daim öz milli maraqlarından çıxış edə bilmə cəsarəti nümayiş etdirməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.