MƏDƏNİYYƏT


Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam Müseyib Əmirovun fərdi sərgisi açılacaq

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 16-da Müasir İncəsənət Muzeyində Əməkdar Rəssam Müseyib Əmirovun “Bax” adlı incəsənət layihəsi çərçivəsində fərdi sərgisi açılacaq. Layihənin kuratoru Çingizdir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, rəssam Müseyib Əmirovun “Həyatın gözünün içinə bax!” vizual çağırışı onun yaradıcılığının tamamilə yeni mərhələsində yaranmış və dünyada baş verən distruktiv proseslərə münasibətdə hökm sürən laqeydliyə qarşı yönələn tənqidi baxış növüdür. Sənətkarın şüur altından qopan, hissə-hissə, özünəməxsus ifadələrlə, bütöv poemalarla üzə çıxan əsərləri yaxınlaşmaqda olan total texniki hökmranlığa qarşı etirazın təcəssümüdür.

Rəssam tablolarında müasir dövrün düşüncə tərzini qrotesk formasında, rəsm əsərlərini dolduran, stilizə edilmiş obrazlar şəklində sənədləşdirir.

Təsvir edilən insanlar onlara qərib olan cəmiyyətdən qurtulmağa can atırlar. Ancaq paradoksal haldır ki, insanları getdikcə kölgədə qoyan sənayenin və yüksək texnologiyaların yaradıcıları da elə onların özləridir. Deməli, yaradıcı insan öz əməyinin bəhrəsindən asılı vəziyyətə düşür.

Başlanğıcda müxtəlif texnologiyalar insanların xeyri naminə nəzərdə tutularaq yaranırdısa, zamanla hər şey dəyişdi. İndi texniki nailiyyətlər insan zəkasına üstün gələrək, onu təbii formatdan kənara çıxardır və süni şəkildə hazırlanmış beton, şüşə, metal məkana doğru itələyir. İnsanın yaratdığı şəhərdə artıq onun özünə yer qalmır. Texniki tərəqqi ilə yanaşı mənəvi tənəzzül baş verir və nəticədə insan genlərində mövcud olan harmoniya disbalansa uğrayır.

Müseyib Əmirov 1963-cü ildə Bakıda, məşhur rəssam Arif Əmirovun ailəsində dünyaya göz açıb. O, rəssamlıq texnikumunda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, bir müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında eksperimental rəsm üzrə dərs deyib.

Müstəqil rəssam kimi fəaliyyət göstərən Müseyib Əmirovun əsərləri ABŞ, Fransa, Almaniya, Litvada nümayiş etdirilir, dünyanın bir sıra muzey və fərdi kolleksiyalarında saxlanılır.

Rəssamın iştirak etdiyi ən iri beynəlxalq layihələr arasında “Bakı-Paris. 20 rəssam”, “Orangeri de Senat” (Paris, 2004), “Azərbaycanın müasir rəssamlarının sərgisi” (IMF Gallery, Vaşinqton, 2004), Lüksemburq və Parisdə beynəlxalq incəsənət sərgilərini (2003) misal göstərmək olar.

Müseyib Əmirovun Müasir İncəsənət Muzeyində fərdi sərgisi fevralın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.