MƏDƏNİYYƏT


Müasir İncəsənət Muzeyində “Nuda Veritas” sərgisi açılmışdır

Bakı, 13 iyun (AZƏRTAC). Müasir İncəsənət Muzeyində gənc kurator Samirə Səfinin debüt layihəsi olan “Nuda Veritas” sərgisi açılmışdır.

AZƏRTAC xəbər verir ki, Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Xəyyam Abdinov çıxış edərək bu sərginin sovet senzurasının şərtləri daxilində Azərbaycan incəsənətinin liberallaşdırılması üçün zəmin yaratmış doqquz rəssamın - Əşrəf Murad, Rasim Babayev, Cavad Mircavadov, Altay Sadıqzadə, Mir Nadir Zeynalov, Eldar Qurban, Kamal Əhməd, Hüseyn Haqverdi və Səbinə Şıxlinskayanın işlərindən ibarət olduğunu bildirmişdir.

Əməkdar Rəssam Səbinə Şıxlinskaya layihə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, “Nuda Veritas” sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir. Burada təqdim olunmuş əsərlər isə Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.

Səbinə Şıxlinskaya 2013-cü ilin mart ayında qeyri-kommersiya təşkilatı olan “YARAT!” Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində “Müasir incəsənətdə kurator və mediator təcrübələri” adlı ustad dərsi təşkil olunduğunu nəzərə çatdıraraq bu ustad dərsini keçməyin ona həvalə edildiyini söyləmişdir.

Qeyd olunmuşdur ki, ustad dərsinin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülmüşdür. Bu gün nümayiş olunan və gənc kurator Samirə Səfinin konseptual ideyası nəticəsində yaranmış sərgi bu ustad dərslərinin nəticəsidir. İl ərzində isə digər gənc kuratorların ideyaları Müasir İncəsənət Muzeyində təmsil ediləcəkdir.

Sərgidə əsərləri təqdim edilən rəssamların arasında olmasından məmnunluğunu bildirən Səbinə Şıxlinskaya diqqətə çatdırmışdır ki, “Nuda Veritas” sərgisinin bədii tərtibatında həm də gənc müəlliflər Fərhad Fərzəliyev audiokompozisiya və Anar Qurbanov videovizuallaşdırma işləri ilə iştirak etmişlər.

O, belə bir səviyyədə sərgi layihəsini təşkil etməyin asan olmadığını vurğualayaraq, bu işdə əməyi olanlara - “YARAT!” Müasir İncəsənət Məkanına, xüsusilə bu təşkilatın rəhbəri Aida Mahmudovaya və təhsil proqramında iştirak edənlərə, o cümlədən Müasir İncəsənət Muzeyinin əməkdaşlarına dərin minnətdarlığını bildirmişdir.

Sonra sərgiyə baxış olmuşdur.

“Nuda Veritas” (latın dilindən tərcümədə “Çılpaq həqiqət”) layihəsinin adı sadəcə icazə verilənin sərhədlərini genişləndirmək deyil, eyni zamanda, sosial realizmin pik həddində müəllifin subyektiv qavraması, şəxsi təcrübə və həyəcanları əsasında qurulmuş fərqli incəsənət yaratmaq cəhdini əks etdirir.

Rəssamların müxtəlif zamanlarda üz tutduqları çılpaq natura təsviri XX əsrin ikinci yarısında Azərbaycanda həqiqət və özünüifadə axtarışının metaforuna, həmçinin rəsmi ideologiya ilə mübarizə simvoluna çevrilmişdir.

Sərgi iyunun 27-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.