MƏDƏNİYYƏT


Müasir İncəsənət Muzeyində moldovalı rəssamların sərgisi açılacaq

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 10-u Müasir İncəsənət Muzeyində moldovalı iki rəssam - Antonina və Vitaliy Qrişukların “Mənim ürəyim Moldova” adlı sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif texniki üsullarla işlənmiş 50-dən çox rəsm əsəri nümayiş olunacaq. Rəsmlər kətan üzərində yağlı boya, akvarel, qələm və mürəkkəb, kağız üzərində oyma ilə işlənmişdir. Əsas motiv Moldovanın kəndləri və qədim Kişineunun arxitekturası, eləcə də moldavan xalqı, böyüklər və uşaqların təsviridir.

Qeyd edək ki, Antonina və Vitaliy Qrişukların rəsm əsərləri Moldova, Rumıniya, Rusiya, İsrail, İspaniya, Lüksemburq, Belçika, Almaniya, Yaponiya, Fransa kimi çoxsaylı ölkələrdə nümayiş olunub və 10-dan artıq ölkədə dövlət və şəxsi kolleksiyalara daxil edilib.

Rəssamlar Moldovanı nağıllar ölkəsi kimi görür və öz əsərlərində gözəl mənzərələr, hamar su ilə canlı çaylar, qədim meşələr, işıq və rənglərin xüsusi cazibəsini əks etdirirlər. Onlar günün və mövsümün müxtəlif dövrlərində yeni rəsmlər yaratmaqla, memarlığını əbədiləşdirməyə çalışırlar.

Antonina və Vitaliy Qrişuklar 25 ildir incəsənət sərgilərində iştirak edir və fərdi sərgilərini açırlar. Son illərdə rəssamlar əsasən Moldovada və ölkənin xaricində təşkil olunan fərdi və qrup sərgilərində iştirak edirlər. Ən son sərgiləri Təl-Əviv, Madrid, Kişineu və Fransa Alyansının tədbirləri çərçivəsində Moldovada keçirilib.

Onların sərgilərinin əsas mövzularını Moldovanın təbiəti, bənzərsiz mənzərələri və Kişineu şəhərinin memarlığı təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.