REGİONLAR
“Müasir Naxçıvan” adlı kitab işıq üzü görüb
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Muxtar respublikada yayımlanan “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovanın “Müasir Naxçıvan” adlı kitabı işıq üzü görüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Müasir Naxçıvan” kitabında müəllifin müxtəlif illərdə “Şərq qapısı” qəzetində və mərkəzi mətbuat orqanlarında, Türkiyə mətbuatında dərc olunmuş bədii-publisistik yaradıcılıq nümunələri toplanıb.
Muxtar respublikanın ictimai-siyasi həyatına nəzər salan, sosial-iqtisadi inkişafını əks etdirən, ordu quruculuğu və hərbi-vətənpərvərlik mövzusunda yazılmış, Ulu Öndərin ideyalarına sadiq şəkildə həyata keçirilən humanitar-siyasətin mahiyyətini açan analitik-siyasi, təhlili məqalələr, icmallar, oçerk, müsahibə, reportaj və yol qeydləri, yeni nəşr və tamaşa resenziyaları, ssenarilər oxuculara təqdim olunub. Yeni nəşrdə yer alan, ölkədə və muxtar respublikada aparılan mətbuat və informasiya siyasəti, Naxçıvanda elm və təhsilin inkişafı, oxunması zəruri olan kitablarla bağlı məqalələrdə mövzunun mahiyyəti üzə çıxarılaraq faktlara əsaslanan dolğun təəssürat yaradılır.
Kitabı Ali Məclis Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən yüzillik yubileyi geniş şəkildə qeyd olunan “Şərq qapısı” qəzetinin son illərdəki fəaliyyəti ilə bağlı yığcam yaradıcılıq hesabatı da adlandırmaq olar. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr bu dəyərli vəsaitdən istifadə etməklə müasir jurnalistikanın tələblərini, qəzetçilik üslubunu, bu sahənin janr, üslub, dil spesifikasını öyrənə bilərlər.