CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş Laboratoriya Mərkəzinə baxış keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin müasir avadanlıqlarla təchiz edilmiş Laboratoriya Mərkəzinə baxış keçirilib. Laboratoriya Mərkəzi Avropa İttifaqının “Su Təşəbbüsü Plyus” Proqramı çərçivəsində təchiz edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev dünyada olduğu kimi Azərbaycanda da su problemlərinin əsas müzakirə mövzularından biri olduğunu, regionda suların, xüsusilə transsərhəd suların idarə olunmasının, onların istifadəsi, kəmiyyət və keyfiyyət məsələlərinin diqqət mərkəzində saxlanıldığını qeyd edib: “Avropa İttifaqının layihədə aktiv iştirakı və onun həyata keçirilməsinə dəstəyi qurumun su problemlərini diqqətdə saxladığını göstərir. Bir neçə laboratoriyanın qurulması və onların akkreditasiyası, laboratoriya işçilərinə təlimlərin keçirilməsi növbəti mərhələdə geniş mübadilə sisteminin qurulmasına imkan verəcək. Bu, Azərbaycan üçün önəmli layihədir. Ölkəmizdə həmin məsələlərə dair bir neçə proqram həyata keçirilir. Son ildə dövlət tərəfindən bir neçə çay üzərində su laboratoriyaları qurulub. Avropa İttifaqı və dövlət tərəfindən maliyyələşdirilən layihələrin eyni məqsədi var. Nəticədə inteqrə olunmuş bir sistem yaradıla bilər. Alınan nəticələrlə çevik sistem qurulmasına çalışacağıq. Bizim Avropa İttifaqı ilə bir neçə layihəmiz var və hamısı uğurla icra olunur. Növbəti mərhələdə də bu layihələri davam etdirməyə maraqlıyıq. Layihənin gerçəkləşməsinə görə Avropa İttifaqı və layihəyə dəstək olan təşkilatlara minnətdarıq. İnanıram ki, bu əməkdaşlıq daha da genişlənəcək. Avropa İttifaqı ölkələri ilə birgə layihələrimizi növbəti mərhələdə daha böyük hədəflər gözləyir”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür. Keyfiyyətli su ilə təminat insan hüquqlarından biridir. O, həyata keçirilən layihənin regional layihə olduğunu diqqətə çatdırıb. K.Yankauskas layihə nəticəsində Azərbaycan əhalisinin daha keyfiyyətli suya çıxışının təmin ediləcəyinə inandığını bildirib.
Avstriyanın Azərbaycandakı səfiri Aleksander Bayer, Fransanın Azərbaycandakı səfiri Zaxarie Qross, layihənin Avropa İttifaqının üzv dövlətləri Konsorsiumundan olan rəhbəri Aleksander Zinke su ehtiyatlarının idarə olunmasında regional əməkdaşlığın vacibliyini vurğulayıb, laboratoriyanın Azərbaycanda suyun keyfiyyətinin, onun idarə olunmasının Avropa və beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verəcəyini bildiriblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Laboratoriya Mərkəzinə baxış keçirilib.