ELM VƏ TƏHSİL


Müasir dövr təhsil sistemindən beynəlxalq aləmdə yüksək rəqabətqabiliyyətli insan yetişdirməyi tələb edir

Bakı, 13 noyabr, AZƏRTAC

Müasir dövr təhsil sistemindən beynəlxalq aləmdə yüksək rəqabətqabiliyyətli insan yetişdirməyi tələb edir. Bunun üçün təhsil sistemi istənilən şəraitdə və şərtlər daxilində bu məqsədə çatmaq üçün fəaliyyət göstərməlidir. Təhsil sistemi baş verə biləcək bütün proseslərə vaxtında reaksiya verməli, əlində olan resurslardan səmərəli və düzgün istifadə etməlidir. Dünyanı bürüyən koronavirus (COVID – 19) infeksiyası ölkəmizdən, təhsil sahəsindən də yan keçmədi.

Yoluxmanın sürətlə yayılması həm təhsilalan, həm də təhsilverənlərin sağlamlığı üçün təhlükə yaradırdı. Həmişə olduğu kimi bu prosesdə də dövlətimiz üçün əsas məsələ vətəndaşlarının sağlamlığı idi. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı və Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkənin bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırıldı. Cəmiyyətimiz yaranmış reallıqda təhsil sisteminin hansı addımlar atacağını gözləyirdi. Bu istiqamətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atıldı. Belə ki, qısa zamanda “Teledərslər” layihəsi fəaliyyətə başladı. Respublikamızın ən tanınmış pedaqoqları hər gün bütün sinifləri və proqram materiallarını əhatə edən dərslərlə evlərimizə “qonaq” gəldi. Bu fəaliyyət yaranmış situasiyada şagirdlərin təhsili əldə etmək imkanlarını geniş mənada təmin etdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıdakı Kamil Əyyubov adına 12 nömrəli məktəbin direktoru Rahim Novruzov söyləyib. O bildirib ki, Təhsil Nazirliyi görülən işlərlə kifayətlənmədi. Belə ki, nazirlik qısa zamanda "Microsoft Teams" platforması üzərindən həyata keçirilən “Virtual məktəb” layihəsini təhsil ictimaiyyətinə təqdim etdi. Az müddətdə proqramın əhatə dairəsi genişləndi. Keçən tədris ilində bu platformadan istifadə edən təhsilalanların sayı bir milyon nəfəri ötüb. İKT imkanları bizdən qat–qat üstün olan bəzi dövlətlər yaranmış vəziyyətdə təhsil sisteminin fəaliyyətində Azərbaycan təcrübəsindən istifadə etdilər. 2019–2020–ci tədris ilində görülən işlər yeni dərs ilində təhsil sisteminin istənilən reallıqda fəaliyyət göstərmək imkanlarını artırıb. Bunun nəticəsidir ki, 2020–2021–ci dərs ili üçün tədris prosesinin təşkili formaları müzakirə ediləndə Təhsil Nazirliyi bəyan etdi ki, istənilən formada (əyani, distant, hibrid) tədrisin təşkil edilməsinə hazırdır. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” müvafiq qərarında göstərildiyi kimi 2020– 2021–ci tədris ilinin ümumi təhsil müəssisələrində təhsil səviyyəsindən asılı olaraq əyani və distant formada təşkili nəzərdə tutulurdu. Ümumi təhsil müəssisəsi olaraq fəaliyyətimizi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərar və əmrlərindən irəli gələn məsələlərin icrasının təmin edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tələblərinə uyğun qururuq. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunur. Bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar imzalayıb. Distant dərslər iki istiqamətdə - Təhsil Nazirliyinin təşkil etdiyi və “Mədəniyyət” kanalında yayımlanan teledərslər və “Virtual məktəb” layihəsi vasitəsilə aparılır.

“Məktəbimizin, demək olar, bütün şagirdləri “Virtual məktəb” platformasından fəal istifadə edir. Distant dərslərə nəzarət olunur. Belə ki, sinif rəhbərləri həftəlik tərtib edilən dərs cədvəlinə əsasən dərslərin keçirilməsinə nəzarət edir, fənn müəllimləri ilə əlaqə saxlayır, dərslərdə iştirak etməyən şagirdlərin bununla bağlı səbəblərini araşdırır və günün sonunda məktəb rəhbərliyinə hesabat verir, internet resurslarına çıxışı olmayan şagirdlərin “Teledərslər”i izləməsini təmin edir. Bundan başqa, “Virtual məktəb” platformasının funksiyaları bizə gündəlik dərslərə nəzarət etmək imkanı verir. Nəzarət prosesində keçilən dərslərin keyfiyyəti, şagirdlərin dərslərdə iştirak kəmiyyəti diqqət mərkəzində saxlanılır. İndiki şəraitdə biz, məktəb rəhbərləri işimizi yalnız nəzarət üzərində qurmamalıyıq. Pedaqoji heyətin, valideynlərin diqqətinə çatdırmalıyıq ki, təhsilalanlarda müasir dövrün əsas kompetensiyası sayılan müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirsinlər. Əgər təhsilalanlar müstəqil öyrənmə bacarıqlarına yiyələnsələr, müxtəlif mənbələrdən özlərinə lazım olan bilikləri əldə edəcəklər. Yüksək intellektli və vətənpərvər şəxsiyyət yetişdirmək üçün cəmiyyət olaraq hamımız üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Uğurlu vətəndaş yetişdirmək üçün təhsil sistemi olaraq bizim üzərimizə nə qədər məsuliyyət düşürsə, bir o qədər də məsuliyyət valideynlərin üzərinə düşür. Mövcud şəraitdə valideynlər övladlarının davranışlarına, dərs prosesindəki fəaliyyətlərinə diqqətlə yanaşmalıdırlar.

Bu gün biz çox qürurverici tarixin şahidiyik. Qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərəfli tarix yazır. Nəhayət, illərdir davam edən Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə sona çatdı. Biz yüz minlik müəllim ordusu əsgərlərimizə ancaq öz işimizi əzmlə, məsuliyyətlə yerinə yetirməklə dəstək ola bilərik. Mən inanıram ki, biz bu işin öhdəsindən layiqincə gələcəyik”, - deyə Rahim Novruzov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.