SİYASƏT


Müasir dövrdə Azərbaycan diasporunun dinamikası: konseptual baxışın və sistemli yanaşmanın təzahürləri

Bakı, 17 may, AZƏRTAC

Planetimizin müxtəlif qitələrinə səpələnən, ölkələrində məskunlaşan, yaşayan və fəaliyyət göstərən azərbaycanlıların V Qurultayı keçirildi. Dünya azərbaycanlılarının Ali Məclisi bütöv bir xalqın ən ümdə arzu və istəyi olan işğaldan azad edilmiş Qarabağda, Şuşada keçirildi. Tarixi ədalətin bərqərar olması fonunda, xeyrin şər üzərində qələbəsi nəticəsində spontan olaraq “Zəfər” adı verilən Qurultayda yeni istiqamətlər göründü və hədəflər müəyyən edildi. Dövlətimizin başçısı Qurultaydakı müfəssəl nitqində bu həssas məqamı belə ifadə etmişdir: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır”.

Bu mötəbər tədbir həyata keçirilmiş, keçirilən və keçiriləcək işlərə nəzər yetirmək üçün əlahiddə mahiyyət və əhəmiyyət daşıyır.

Bu fikirlər tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlının “Müasir dövrdə Azərbaycan diasporunun dinamikası: konseptual baxışın və sistemli yanaşmanın təzahürləri” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Həmrəylikdən Zəfərə doğru

Əslində, Dünya Azərbaycanlılarının IV Qurultaydan V Qurultayaqədərki dövrə analitik-təhlil ilə yanaşsaq görərik ki, müasir dövrdə Azərbaycan diasporunun faydalı iş əmsalının dinamikası yüksəlmiş, konkret konseptual baxış ortaya qoyulmuş və fundamental sistemli yanaşmanın unikal təzahürləri öz əksini tapmışdır. Bunun bir sıra səbəbləri vardır.

Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn məsələlərin həlli istiqamətində atılan geniş addımlar, göstərilən nöqsanların aradan qaldırılmasındakı səylər, tapşırıq və tövsiyələrə ciddi əməl edilməsidir.

Ən başlıcası isə 2018-ci ildə İlham Əliyevin yenidən Prezident seçildikdən sonra bu istiqamətdə qoyduğu tələb, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri postuna modern düşüncəli şəxsin, yeni nəsil menecerin gətirilməsi, müasir yanaşma və metodların tətbiqi ilə nəticələndi. Bundan əvvəlki Qurultayda Azərbaycan diaspor sahəsində baş verən mənfi hallar, diplomatik korpus və diaspor təşkilatları arasında nifaq, konsolidasiya və koordinasiyanın zəif qurulması, birlik və həmrəylik yönündə baş verən mənfi tendensiya kimi proseslər aradan qaldırılmışdır.

Məhz buna görə də budəfəki Qurultayda Prezident belə məqamlara toxunmadı, daha çox inteqrasiya və inkişafa fokuslandı.

Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətini Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn strateji kursa əsasən davam etdirib.

Bu sahədə fəaliyyət Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, səfirlik və konsulluqları ilə əlaqəli şəkildə həyata keçirilib.

Komitə tərəfindən diasporla iş sahəsində dövlət siyasətinin yerinə yetirilməsi, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi təmin olunub.

Hazırda dünya üzrə qeyri-rəsmi statistikaya görə sayı 60 milyona çatan azərbaycanlıların qitələr üzrə yayılma arealı genişlənib və təşkilatlanma prosesi buna uyğun olaraq dərinləşib. Azərbaycan diasporunun əhatə dairəsi böyüyüb. Bu gün 80-ə yaxın ölkədə azərbaycanlılarla rabitə əlaqəsi qurulub.

Müqayisə üçün qeyd edək ki, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən nümayəndə iştirak edirdisə, bu Qurultayda 65 ölkə təmsil olundu. Eləcə də təşkilatlanma diqqətdə saxlanılıb, ötən Qurultayda Azərbaycanın 462 diaspor təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 570-ə çatıb.

Azərbaycan diasporunun mütəşəkkilliyini daha da gücləndirmək üçün yeni yanaşma tətbiq edilmiş, regional olaraq diaspor təşkilatları Xaricdəki Azərbaycanlıların Koordinasiya şuraları adı altında birləşdirilmişdir. Hazırda dünyanın 33 ölkəsini əhatə edən 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurasının əsas hədəfi diaspor fəaliyyətini gücləndirmək, lobbiçiliyi təşviq etmək və vətəndaş cəmiyyəti olaraq beynəlxalq təşkilatlara təsir imkanlarını gücləndirməkdir. Azərbaycan haqqında müfəssəl informasiya verən Azərbaycan diasporunun müxtəlif ölkələrdə “Həmrəylik məkanı”na çevrilən Azərbaycan Evlərinin genişləndirilməsi prosesi davam etdirilmişdir. Buranın konsepti ümumilikdə ziyarətçilərə Azərbaycan haqqında aydın fikir formalaşdırmaq və obyektiv məlumat vermək üçün nəzərdə tutulmuşdur. Hazırda 12 ölkədə fəaliyyət göstərən 16 Azərbaycan Evi xaricdə milli atributumuz kimi, maddi-mənəvi dəyərlərimizi təbliğ etdirməklə yanaşı, həmçinin sosial-mədəni məkan rolunu oynayır.

Qloballaşan dünyada diasporun təkamülü və konseptual dəyişiklikləri

Hazırda diasporların formalaşması prosesi o qədər geniş miqyas almışdır ki, dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, orada başqa xalqın diasporu olmasın. Əvvəllər geniş yayılmış immiqrantların qəbul edən cəmiyyətə fərdi adaptasiyası getdikcə daha çox kollektiv inteqrasiya ilə əvəz olunur və nəticədə xalqların məskunlaşmasının fərqli, diasporal forması yaranır. Diasporlar ev sahibi ölkələrə böyük təsir göstərir. Onlar demoqrafik strukturlarını, etnik və konfessional tərkibini dəyişirlər. Diasporlar nəinki etnik xüsusiyyətlərini, milli adət-ənənələrini, rituallarını qoruyub saxlayırlar, eləcə də çox vaxt mövcud olduqları cəmiyyətə yad dəyərləri tətbiq edirlər.

Diasporların təkcə ev sahibliyi edən ölkələrin daxili deyil, həm də xarici siyasətinə getdikcə təsiri artır, çünki əhəmiyyətli maddi-maliyyə resurslarına malik transmilli diasporlar yaxın vaxtlara qədər vətəni olan və sıx əlaqələrə malik ölkələrin maraqlarını fəal şəkildə lobbiləşdirir, “publik diplomatiya” və “yumşaq güc” konseptinə çevrilirlər.

Etnoloqlara görə, “əgər diasporların sayının daimi artımını, onların dinamizmini, fəal iqtisadi və siyasi əlaqələrini, çox “yuxarı mərtəbələrə” qədər lobbiçilik fəaliyyətini nəzərə alsaq - istər “xilasetmə” ölkələrində, istərsə də “ev sahibliyi edən” ölkələrdə onların müasir dünyada rolunu qiymətləndirmək olmaz. Mühacir icmalarının sayında artım və onların institutlaşması o qədər sürətlə baş verir ki, bəzi ekspertlərin fikrincə, bu, “dünyanın diasporlaşması” haqqında danışmağa əsas verir, bəziləri isə müasir dünyanın “belə deyil” dövlətlərin cəmi diasporların cəmi kimi”dir.

“Diasporlar dünyanı idarə edir, beynəlxalq normalar qurur, hökumət və dövlətlər formalaşdırır, hətta dünya hökuməti yaratmaq vəzifəsini qoyurlar. Geniş mənada deyə bilərik ki, son yarım əsrdə dünya prosesləri diasporların iqtisadi, hətta ideoloji hökmranlığı altında gedir. Belə bir bəyanatı çətin ki, mübahisəsiz adlandırmaq olar. Diasporların həm məskunlaşdıqları, həm “ikinci vətənləri”nə çevrilmiş ölkələrin daxili siyasətində, həm də getdikcə müstəqil oyunçu kimi bəyan etdikləri dünya siyasətində, beynəlxalq münasibətlər sistemində şübhəsiz ki, getdikcə artan rolu var.

Amma yəqin ki, “dünyanın diasporlaşması” haqqında danışmaq hələ tezdir, baxmayaraq ki, bəşəriyyətin inkişafının belə bir ssenari üzrə gedə biləcəyini istisna etmək olmaz. Qloballaşan dünyanın xarakterik xüsusiyyəti miqrasiya proseslərinin intensivləşməsidir. Qloballaşma “milli bölgüləri” daha şəffaf edir və buna görə də milyonlarla insan daha yaxşı həyat axtarışında vətənlərini tərk edərək başqa ölkələrə üz tutur. Miqrasiya miqyasının kəskin artması immiqrant etnik icmaların konsolidasiyası ilə paralel gedir. Bir dəfə yeni yerə köçənlər, bir qayda olaraq, yad, çox vaxt çox düşmən, etnik-mədəni mühitdə nəinki sağ qalmaq, həm də adət-ənənələrini, dillərini qorumaq üçün birləşməyə çalışırlar. Bu məqsədlə ya mövcud diasporlara qoşulurlar, ya da yenilərini yaradırlar. Bunun nəticəsidir ki, dünyada diasporların sayı durmadan artır.

Diaspor strateji amil kimi yaşadığımız dövrün vacib elementi hesab olunur. Diaspor həm ideoloji gücdür, həm də xaricdə milli mənafe və dəyərlərin təmsilçisidir. Diaspor amili xalqların yaxınlaşması, anlaşması, ölkələrarası münasibətlərin qurulması və dövlətlərarası əməkdaşlığın inkişafında mühüm amildir. Tarixin təkamül prosesi zamansız və sonsuzdur. Lakin bu inkişafı sürətləndirən səbəblər və mövcud proseslər vardır. Məhz diaspor faktoru inteqrasiya ilə təmas təşkil etməklə həm milli birliyi, həm də bəşəri təkamülü özündə əks etdirir. Bu element, sağlam şəkildə “Vətən uğrunda mübarizə”dir.

1991-ci ildə SSRİ-nin dağılmasından sonra bir çox etnik qruplar (əsasən sovet vətəndaşları) öz qəbilələrinin kompakt məskunlaşdıqları ərazilərdən qopmuşlar.

Eyni zamanda, postsovet məkanında insanların sərbəst hərəkəti üçün şərait yarandı ki, bu da, ilk növbədə, Mərkəzi Asiya və Qafqazın keçmiş respublikalarından güclü miqrasiya axınlarının formalaşmasına şərait yaratdı. Nəticədə Rusiya və sovetlər ailəsinə üzv respublikaların diasporlaşması prosesi başlandı.

Vətən məfhumunun sinxronlaşdırılması, keşməkeşli tarixi keçmişə ekskursiya

İlk insan məskənlərindən - sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın əlverişli coğrafi mövqeyi, e.ə. II əsrdən mövcud olan Böyük İpək Yolunun bu ərazidən keçməsi milli diasporumuzun tarixinin kifayət qədər qədim köklərə malik olduğuna əsas verir. Bu yol vasitəsilə tarixin müxtəlif dövrlərdə ticarət və səyahət məqsədilə dünyanın ayrı-ayrı bölgələrinə səpələnən azərbaycanlılar diasporumuzun ilk cücərtiləri hesab oluna bilər. Bəşəri inkişafla bərabər addımlayan Azərbaycan diasporu tarixin müxtəlif mərhələlərində müəyyən məqsədlər, elm öyrənmək, sənətkarlıqla, ticarətlə məşğul olmaq, müqəddəs yerləri ziyarət etmək üçün miqrasiya edən və özlərinə ikinci vətən seçən azərbaycanlılar vətənlə böyüməyi, inkişaf etməyi özlərinə mənəvi borc hesab etmiş və vətənin layiqli təmsilçisinə çevrilmişlər.

Həmçinin, ərəblər, səlcuqlar, monqollar, teymurilər və digər işğalçılar yürüşlər zamanı Azərbaycanın elm adamlarının və sənətkarlarının potensialından yararlanmaq məqsədilə onları özləri ilə aparmışlar. Sonradan bu şəxslər diasporumuzun yaranmasına öz təsirini göstərmişdir. Bundan sonrakı dövrlərdə əsasən siyasi amillərlə əlaqədar mühacirət edənlər, daha sonra təhsillərini, ixtisas dərəcələrini artırmaq məqsədi daşıyan miqrasiya prosesləri diasporumuzun daha sıx formalaşmasına səbəb olmuşdur.

Lakin bütün bunlara baxmayaraq, müstəqil dövlətimizin olmaması milli diasporumuzun təkamülü və inkişafına, tarixi vətənlə əlaqəsinə imkan verməmişdir. Nəticədə, hər bir sahədə olduğu kimi, diaspor quruculuğu işində də boşluq yaranmışdır. Nəzərə alsaq ki, yüz il çar Rusiyasının, yetmiş il isə Sovetlər Birliyinin tərkibində olmağımız və şovinist siyasət nəticəsində Azərbaycan diasporuna “dırnaqarası” münasibət bəslənilmişdir. Bu tilsim ötən əsrin 70-ci illərində qırıldı.

Bunu zaman keçdikcə, müstəqillik yolunda irəlilədikcə daha dərindən hiss etməyə başladıq və Azərbaycan Respublikasının milli dövlətçiliyində, xarici siyasət strategiyasında diasporun mühüm rol oynadığının şahidi olduq. Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi milli dövlətçiliyimiz baxımından müasir həyatımızın ən vacib və son dərəcə mühüm olan bir sahəsi olduğunu anladıq.

XX əsrin son onilliyi dünyanın siyasi xəritəsinin prinsipial konturlarının dəyişməsi, xalqları və dövlətləri “qırmızı imperiya” ideologiyası altında birləşdirən SSRİ-nin süqutu siyasi tarixdə yeni dövrün başlaması ilə təzahür etdi. Böyük dövlətlərin maraqlarının toqquşduğu yerə, Avropa və Asiyanın geosiyasi arealında münbit ərazilərə hakim olmaq arzusu və bu coğrafiyada hegemonluq istəyi postsovet məkanında xaos və anarxiyanın yaranmasına səbəb oldu. Bu amillər hər bir keçmiş sovet ölkəsində olduğu kimi, Azərbaycanın da ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin gərginləşməsinə gətirib çıxarsa da, XXI əsrin əvvəllərində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına və mütəşəkkilliyinə, Azərbaycan diasporunun formalaşmasına və inkişafına təsir edən mənfi hallara da son qoyuldu.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra milli diasporumuzun tarixinin, yayılma coğrafiyasının araşdırılması və demoqrafik vəziyyətinin öyrənilməsi aktuallıq kəsb edən məsələyə çevrilmişdir. Müstəqilliyin bərpasından sonra təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda yaşayan azərbaycanlılarda da milli mənlik şüuru canlanmağa və milli özünüdərk hissləri yüksəlməyə başladı. Sovet Azərbaycanının vətəndaşı müstəqil Azərbaycanın vətəndaşına çevrildi. Azərbaycan Respublikasının dünya birliyinə suveren dövlət kimi üzv qəbul olunması dünya azərbaycanlılarının qarşısına yeni qapılar açdı. Məhz dövlətimizin düşünülmüş milli strategiyası əsasında ölkə ərazisinin hüdudlarından kənarda yaşayan soydaşlarımızın milli maraqlarının müdafiəsi məqsədilə qanunlar, proqramlar və strategiyalar qəbul olundu. Bu istiqamətdə dövlətin əsas strateji xətti müəyyənləşdirildi. Beləliklə, tarixin müxtəlif dönəmlərində fərqli səbəblərdən Vətənini tərk edərək Yer kürəsinin başqa-başqa ərazilərinə səpələnən toxumlar cücərməyə, boy atmağa və bar verməyə başladı. Azərbaycan diasporunun təkamülünə və tərəqqisinə start verildi. Azərbaycanın tarixi və mədəniyyəti kimi diasporu da kifayət qədər qədim və zəngindir. Dünyada təqribi sayı 60 milyon nəfər olan azərbaycanlıların 10 milyondan çoxu hazırda etnik torpaqlarından kənarda yaşayır. Planetin 5 qitəsində məskunlaşan soydaşlarımızın sosial-mədəni və iqtisadi-siyasi fəaliyyətləri yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlif meyarlarla sıx əlaqədardır.

Xaricdə yaşayan azərbaycanlılarla sistemli işin qurulması

Müstəqillik illərində qəbul edilən və milli dövlətçiliyimiz üçün strateji əhəmiyyət kəsb edən bütün sənədlərdə xaricdə yaşayan azərbaycanlıların hüquq və əsas azadlıqlarının təminatı diqqət mərkəzində saxlanılmışdır. 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu işində böyük addım olmaqla, soydaşlarımızın və həmvətənlərimizin mütəşəkkil qaydada təşkilatlanmasına rəvac verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 2002-ci il iyulun 5-də “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanının və 2002-ci il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun imzalaması isə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya edilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması, onların təşkilatlanması baxımından ciddi rol oynadı. Bu siyasətin davamı olaraq, Azərbaycan ziyalılarından, tanınmış şəxslərdən, dövlət və hökumət nümayəndələrindən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılması bu sahəyə xüsusi əhəmiyyət verildiyini bir daha təsdiqlədi. Həmçinin elmi-intellektual potensialın formalaşmasına və inkişafına gətirib çıxardı. 2006, 2011, 2016-cı illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının İkinci, Üçüncü və Dördüncü qurultaylarının keçirilməsi, müasir dövrün tələbləri nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı müvafiq Sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması da məhz zərurətdən irəli gəlir və bu sahənin inkişafına öz töhfəsini verirdi. Bu Dövlət Komitəsinin yaradılmasından sonra soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması daha geniş vüsət alıb. Hazırda, bu istiqamətdə ümummilli lider Heydər Əliyev dövlət idarəçilik məktəbi mövcudluğu əsasında Azərbaycan diasporu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Dövlət-diaspor əməkdaşlığının yeni müstəviyə qədəm qoyması

Qeyd etdiyimiz kimi, müstəqillik dövründə xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunun və dəyərlərinin qorunması, həmvətənlərimizin tarixi vətənləri ilə əlaqələrinin yaradılması, onlara milli kimlikləri və ata-baba yurdları qarşısında duran vəzifələrinin xatırladılması məqsədilə kompleks işlər görülmüş, bir sıra tədbirlər reallaşdırılmış, müasir dövrün tələbləri nəzərə alınaraq sənədlər hazırlanmış, dövlət proqramları və həmrəylik xartiyası qəbul edilmişdir. Təsadüfi deyil ki, 2007-ci il mayın 23-də Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”nda xaricdə yaşayan soydaşlarımız da diqqətdə saxlanılmış və onlarla bağlı bir sıra məsələlər öz əksini tapmışdır. Burada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi “Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və milli qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların hüquq və əsas azadlıqlarının təmin edilməsinə, onların milli özünəməxsusluğunun, dəyərlərinin qorunub saxlanılmasına kömək göstərməkdə davam edəcəkdir” və Azərbaycan Respublikasının milli maraqları içərisində “dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi” fikirləri əks olunmuşdur. Bu da diaspor sahəsinin müstəqil dövlətçilik və milli maraqlar baxımından nə dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir. 2018-ci ildə Komitə tərəfindən hazırlanan Strateji Yol Xəritəsini də bu qəbildən saymaq mümkündür. Eləcə də “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi arasında “Diaspor sahəsində birgə fəaliyyətə” dair Anlaşma Memorandumu” və “Türk Şurasının (hazırda Türk Dövlətlər Birliyi) Türkdilli Diaspora Birgə Fəaliyyət Strategiyası”na dəyişikliklərin təsdiq edilməsi haqqında qərarın və “2019-cu ildə Türk Şurası Diaspor Birgə Fəaliyyət Planı”nın imzalanması əhəmiyyətli məsələlərdəndir.

Bu sahədə görülən işlər sırasında azərbaycanlıların məskunlaşdıqları ölkələrdə əsas hüquq və azadlıqlarının yerli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini də müəyyən edilməsi başlıca məsələlərdəndir. Burada həmçinin xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də müəyyənləşdirilməlidir. Konseptual əhəmiyyətli yanaşma ortaya qoyulmalıdır ki, “Azərbaycan” və “azərbaycanlılar” anlayışının nəzəri-ideoloji, fəlsəfi-məntiqi əsasları anlaşılsın. Dünya azərbaycanlıların ana Vətən qarşısında məsuliyyətindən irəli gələn fəaliyyət, onların yerli cəmiyyətə inteqrasiyası, əsas hüquq və azadlıqlarının qorunması, Qarabağ gündəliyi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, “erməni soyqırımı” iddialarının ifşası ilə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin üzərinə düşən vəzifələr öz əksini tapsın.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev diaspor sahəsində dövlət siyasətini prioritet istiqamət saydığını bildirmiş və bu sahənin işinin hazırkı dünyanın reallıqlarına uyğun genişləndirilməsi istiqamətində məqsəd və məramını aydın şəkildə açıqlamışdır: “Biz Azərbaycan diasporunun, icmalarının təşkilatlanması və fəaliyyətini, Vətənlə əlaqənin keyfiyyətcə yeni mərhələyə, daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik. Azərbaycan diasporu Azərbaycanın ənənəvi dostluq münasibətləri olan xalqların və dövətlərin icmaları ilə sıx əməkdaşlıq etməli, onların müsbət təcrübəsindən və köməyindən bəhrələnməlidirlər. Bunun üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar daha sıx birləşməli, mütəşəkkil dinamik daxili strukturu olan birlik kimi çıxış etməlidirlər. Onlar həm Azərbaycanın milli-mənəvi dəyərlərini və mütərəqqi adət-ənənələrini qoruyub saxlamalı, həm də etnik qapalılıqlardan, təmsil etdikləri ölkələrin siyasi, iqtisadi, ictimai və mədəni həyatına inteqrasiya olunmalı, fəal siyasi amilə çevrilməlidir”.

Göründüyü kimi, daha da səmərəli fəaliyyət üçün diasporlararası əlaqələrin yaradılması (xüsusilə, klassik yəhudi, ingilis, çin, yapon və müasir rus, Ukrayna və b. diasporlar ilə) məqsədəuyğundur. Bu xüsusda, 2007-ci il martın 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu bütün türkdilli xalqların həyatında mühüm hadisə olmuşdur. Forumda aparılan müzakirələrin nəticəsi olaraq, “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı Bəyannaməsi” və bir sıra digər mühüm sənədlər qəbul edilmişdir.

Beləliklə, Azərbaycan diaspor siyasəti düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə çoxtərəfli formatda davam etdirilərək dövrün tələblərinə uyğunlaşdırılmış, bu sahəyə aid konkret addımlar atılmışdır. Milli mənlik şüuruna, özünüdərketmə prosesinə söykənən strategiyanı yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlılar qarşısında əməli fəaliyyətə keçməsi və konkret olaraq yenicə formalaşan diasporu güc potensialına çevirərək lobbi institutlarının yaradılması istiqamətində tapşırıq və vəzifələr qoymuşdur. Onun Azərbaycan diaspor siyasətinə konseptual yanaşması və lobbi fəaliyyətinin perspektiv cəhətləri barədə mövqeyi bu baxımdan xüsusilə diqqət çəkir. O, bununla bağlı mövqeyini bu şəkildə ifadə edir: “... Azərbaycan diasporu milli və dövlət maraqlarımıza aid məsələlərdə razılaşdırılmış ümumi mövqe nümayiş etdirməlidir. Burada daha vacib məqamlardan biri də budur ki, diasporumuz qarşısında siyasi dairələrdə lobbiçilik imkanlarının genişləndirilməsi və Azərbaycan naminə xarici siyasətçilərə çıxış imkanlarının təmin edilməsi işinə böyük önəm verilir”.

Diaspor davamlı dayaq və güvənc olmaq üçün dövlətin iqtisadi qüdrətinin təmin olunması da mühüm şərtlərdən biridir. Ümummilli Liderin hakimiyyətə qayıdışından bəri sabitlik və dönməz milli inkişafa qədəm qoyan Azərbaycan hazırda Prezident İlham Əliyevin davamlı iqtisadi inkişaf konsepsiyası ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində ölkədə daxili bazarın inkişafına nail olunmuşdur. Bu, həm iqtisadi, həm də siyasi qələbənin göstəricisi olmaqla yanaşı düzgün daxili və xarici siyasət kursunun əyani təzahürüdür. Belə ki, müxtəlif çeşidli məhsulların dünya bazarına çıxarılması, sahibkarlığın inkişafı, daxili bazarın güclənməsi, istehsalatın müxtəlif sahələrində əldə olunan nailiyyətlər Azərbaycanı beynəlxalq arenada daha yaxından tanıtmağa imkan verir. Azərbaycan istehsalı olan çeşidlı mallar sərhədlərimizin hüdudundan kənarda milli brendlər adı altında yayılmaqdadır. Bu dövlətçiliyin tərəqqisi sayılmaqla yanaşı, ölkəmizin hərtərəfli tanıdılması-təbliğatında da xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanın dinamik inkişafı, səbatlı daxili və xarici siyasət, uğurlu regional və beynəlxalq əməkdaşlıq manevrləri, həyata keçirilən meqaiqtisadi layihələr dövlətimizin beynəlxalq arenadakı müttəfiqlərinin sayının artmasına imkan yaratmışdır. Belə bir şəraitdə məntiqi olaraq diasporumuzun da təşkilatlanma imkanları daha asan gerçəkləşməkdədir. Dünyanın bir çox dövlətlərində səfirlik və konsulluqların, əlaqələndirici təşkilatların təsis olunması da bu sahənin inkişafına təkan verən amillərdəndir. Bu rəsmi dövlət nümayəndəliklərimizin xarici ölkələrdə bilavasitə olaraq diaspor quruculuğunu himayəyə cəlb edilməsi Azərbaycan diaspor cəmiyyətlərinin, milli icmaların yaranması işini daha da sürətləndirmişdir. Bu instansiyalar ölkələrarası gediş-gəlişi asanlaşdırmaqla xalqlar və ölkələr arasında münasibətlərin qurulmasına, adət-ənənələrlə qarşılıqlı hörmət və transformasiyaya öz töhfəsini verir, diplomatik münasibətlərə müsbət təsir göstərir. Başqa prizmadan yanaşıldıqda bu təmsilçiliklərin siyasi əhəmiyyətini də aydın şəkildə görə bilərik. Danılmazdır ki, bu təsisatlar hüquqi baxımdan soydaşlarımızın və həmvətənlərimizin müdafiə olunmasını və himayəsini təmin edir, hərtərəfli əməkdaşlıqlar üçün yeni qapılar açır.

Vətən müharibəsi bir daha ölkə əhalisi ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da doğma Azərbaycan naminə bu günü və sabahı üçün mütəşəkkil qüvvəyə çevrildiyini göstərdi. Dövlətin diqqət və qayğısı sayəsində əldə olunmuş bu böyük nailiyyət Azərbaycanın ata-babalarımızdan qalan irsini göz bəbəyi kimi qorumaq və gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Nəticədə Azərbaycan məhdud çərçivədə deyil, sərhədləri aşaraq dünyanın beş qitəsində nüfuzunu gündən-günə möhkəmləndirməyə və qürbətdə yaşayan övladlarının hərtərəfli himayə edə biləcək gücə qadirdir. Məhz görülən əməli işlərin nəticəsində indi Azərbaycan diasporu çiçəklənmə dövrünü yaşayır və palitrası zənginləşir. Elə buna görədir ki, diaspor nümayəndələrimiz məskunlaşdıqları və fəaliyyət göstərdikləri donor ölkələrdə rahatca genişmiqyaslı tədbirlərin təşkil olunmasına, Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə, elmi-praktiki konfranslar, simpoziumlar, müxtəlif təyinatlı sərgilərin təşkil edilməsinə, milli kinomuzun nümayişinə, tanınmış şəxsiyyətlərimizin, ədəbiyyat və incəsənət adamlarımızın həyat və yaradıcılıqlarından bəhs edən tədbirlərin keçirilməsinə nail olmuşlar. Bu ənənəvi tədbirlər düşünülmüş plana uyğun olaraq intensiv şəkildə xarici ölkələrdə davam etdirilir. O cümlədən, lobbi institutları planlı şəkildə öz səslərini qəbul etdirməyə, milli məqsədlərimizə nail olmağa çalışırlar. Bütün bu tədbirlər Azərbaycan dövlətinin daimi himayəsi və qayğısı nəticəsində həyata keçirilməkdədir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Amerika Azərbaycan İcması üzvləri ilə görüşündə onların vətənpərvər fəaliyyətini yüksək dəyərləndirərək onlara daim diqqət və qayğı ilə aşağıdakı sözləri bildirmişdir: “Azərbaycan dövləti və hökuməti öz tərəfindən əlindən gələni edəcəkdir, diasporun təşkilatlanması və möhkəmlənməsində səylərini göstərəcəkdir”.

Yeni çağırış və meyillərdən doğan yanaşmanın tətbiq olunması

Məlumdur ki, diaspor amili müasir dünyada mühüm əhəmiyyət kəsb etməklə, beynəlxalq aləmdə xalq diplomatiyasının subyekti statusunu qazanmışdır. Hətta mütəxəssislər diasporu müasir dünyanın ayrılmaz atributu hesab edirlər. Beynəlxalq münasibətlərin tərkibinin mürəkkəbləşməsi, ənənəvi dövlət və hökumətlərarası təşkilatlarla yanaşı bu əlaqələrə qeyri-hökumət qurumlarının, transmilli korporasiyaların, kütləvi informasiya vasitələrinin, firmaların, bankların, maliyyə qurumlarının, həmkarlar ittifaqlarının, destruktiv qüvvələrin, etnik elementlərin, dini, milli təşkilatların, diasporların və s. qoşulması.

Çünki diaspor dünyada gedən qlobal proseslər, geosiyasi hadisələr fonunda baş verən dəyişikliklər nəticəsində “siyasi alətə” çevrilərsə, milli müxtəlifliyin qorunmasına, saxlanılmasına zərbə vura bilər. Bu da bizi bir daha düşündürməyə vadar edir və milli maraqlarımızın qorunmasında həssas məsələ hesab oluna biləcək diaspor potensialından düzgün istifadə etməyin və istqamətləndirməyin vacibliyini ön plana çəkir. Diaspor fəaliyyətində başlıca məqsəd mənsub olduğu etnik azlığın mədəniyyətini, dilini qoruyub saxlamaqdan ibarət olmalıdır. Beynəlxalq səviyyədə isə müxtəlif xalqların diasporları ilə “milli və bəşəri dəyərlərin qorunması naminə birgə fəaliyyət proqramları”nın hazırlanması və tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşamağa məhkum olmuş soydaşlarımızın və həmvətənlərimizin Ana Vətənlə əlaqələrini genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Son 5 ildə diaspor quruculuğu sahəsində gerçəkləşdirilən vahid dövlət siyasətinin prioritet məqsədi eyni zamanda xaricdə yaşayan azərbaycanlılarda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməkdir.

Məhz müstəqillik illərində diasporumuz və diplomatiyamız birgə səyinin nəticəsidir ki, Azərbaycanın haqq işi olan Qarabağ ilə bağlı dünya ictimaiyyətinə doğru-düzgün çatdırılması istiqamətində bir çox işlər görülmüşdür.

Xüsusilə son illər petisiyaların imzalanması, müxtəlif ölkələrin dövlət-hakimiyyət orqanlarına ünvanlanan kollektiv xahiş, müraciət və ya etiraz məktublarının göndərilməsi bunu deməyə əsas verir.

Son illər diasporumuzun fəaliyyəti sosial-mədəni sahədən ictimai-siyasi müstəviyə keçmişdir ki, bu da lobbiçiliyin təkamülü və inkişafına əsas yaratmışdır. Hazırda bu sahədə yeni mərhələyə başlanılmışdır. Belə ki, xaricdə Azərbaycanın mədəniyyət və ticarət evlərinin yaradılması, milli tariximizi əks etdirən eksponatlardan ibarət sərgilərin keçirilməsi, milli brend məhsullarından ibarət yarmarkaların təşkili, butiklərin açılması kimi tədbirlərin reallaşdırılması ənənəsinin davam etdirilməsi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişafı və zamanın çağırışlarına cavab verməsi üçün elmi potensialdan, kütləvi informasiya vasitələrindən və müasir texnologiyanın imkanlarından yetərincə yararlanmağımız vacib hesab edilə bilər. Nəzərə almalıyıq ki, diaspor könüllü fəaliyyət olub, ictimai xarakter daşıyır. Diasporu milli maraqların, adət-ənənələrin qorunmasında vasitə kimi görürüksə, onun hər hansı bir mərkəzi adda birləşməsi o qədər də əhəmiyyət kəsb etmir. Buna görə də milli diaspor şüuruna malik şəxsin hər hansı bir mərkəzləşdirilmiş təşkilatda birləşməsi vacib deyil. Əgər o kəsdə “diaspor şüuru” formalaşıbsa, o, yaşadığı cəmiyyətə inteqrasiya olunubsa, öz milli xüsusiyyətlərini, dilini qoruyub saxlayacaq və gündəlik həyatında vətənini təmsil edəcəkdir.

Qeyd edək ki, diasporun hərtərəfli inkişafı üçün akademik yanaşma mühüm əhəmiyyətə malikdir. Xarici ölkələrin informasiya vasitələrində ölkəmizlə bağlı məlumatların yerləşdirilməsi və ya təhsil ocaqlarında azərbaycanlı mütəxəssislərin iştirakı ilə dərs saatlarının keçirilməsi səmərə verə bilər. Qloballaşan dünyanın kosmik sürət fazasına daxil olduğu, informasiyanın dünya bazarında ən qiymətli əmtəəyə çevrildiyi hazırkı şəraitdə “virtual dünya”nın diktə etdiyi reallıqlar diaspor quruculuğu işinin keyfiyyətcə yeni prinsiplər üzərində həyata keçirilməsini obyektiv zərurətə çevirir. Bu baxımdan qarşıda duran əsas vəzifələrdən biri də qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan “Virtual Azərbaycan”ın formalaşdırılması və inkişaf etdirilməsidir.

Tarixə böyük ehtiram, hörmət və qayğı nümunəsi

Gələcək nəsillərə örnək olmaq, məsuliyyət hissi aşılayır və milli-mənəvi dəyələrə sahib çıxmaq dövlətçilikdə əsas amillərdən hesab olunur. Bunu Prezident hər addımında nümayiş etdirməklə milli inkişafa təkan vermiş olur. Siyasi kursa sadiqlik göstərməklə, sələfinə layiq xələf olduğunu göstərməklə ibrət dərsi vermiş olur. Cəmiyyətdə sağlam atmosferin yaranmasına və harmoniyanın qurulmasına zəmin yaradır. Dövlətimizin başçısı İlham Əliyev varisliyə dərin hörmət və ehtiramını bu şəkildə ifadə edir: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir.

Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”.

Prezidentin strateji mesajları, reallıqlar və perspektivlərə hesablanmış qeydləri

Dövlətimizin başçısı əvvəlki qurultaylardan fərqli olaraq, sonuncu Qurultayda nöqsanlara deyil, perspektiv inkişafa kökləndi. Arxa plandakı Şuşa real məktəbi daha bir reallığın şahidi oldu. Bu birlik və həmrəyli təcəssüm etdirməklə, məğlubiyyət deyil, bu qalibiyyəti göstərdi. Şuşanın azad olunması zamanı Prezidentin “Gözünüz aydın olsun, dünya azərbaycanlılar” qeydi əyani təsdiqini tapdı. Eləcə də bu sahədə fəaliyyətin aktuallığını itirmədiyi və yeni müstəviyə qədəm qoyduğunu göstərdi. Təbliğat-informasiya maşınının hərəkətdə olduğuna, ideoloji savaşın hələ davam etdiyinə eyham vurdu. Əslində, Xankəndi daxil, Azərbaycandan xaricə köçən ermənilərin də Azərbaycan diasporu ətrafında birləşməsi daha məntiqlidir. Çünki onlar da vətəndaşı olduqları ölkəyə sədaqətlə xidmət edib, Azərbaycanın sülh çağırışına qoşulmaları labüddür.

“Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi. Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Bu gün də ehtiyac var, çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb”, - deyən Prezident İlham Əliyev çıxışında Komitənin koordinasiyasının qənaətbəxş olduğunu bildirməklə, gələcək fəaliyyət istiqamətinin prioritetini göstərdi. Dövlətimizin başçısı, həmçinin bildirdi: “Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”.

Postmüharibə dövründə “azərbaycançılıq” ideologiyasının yeni motivləri meydana çıxır. Təbii ki, bu nöqteyi-nəzərdən yeni hədəflər müəyyənləşdirilməli və metodlar tətbiq olunmalıdır. Məhz Prezidentin “...bölgənin gələcəyi naminə biz ...biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük....Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. fikirləri buna fokuslanmışdır.

Göründüyü kimi, qarşı tərəf imitasiya etsə, 30 il ərzindəki kimi manevrlərin davam etdirsə, Zəngəzur, Göycə məsələsi Azərbaycan diasporunun gündəliyinə salına bilər.

Dövlətimizin başçısının “… bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur” yanaşması heç də təsadüfi deyildir.

Azərbaycan diasporunun müasir trendləri və lobbiçilik hədəfləri

Etnik-milli məzmun daşıyan diaspor çox mürəkkəb təyinata malikdir. Milli özünüdərk, etnik təhlükəsizlik və beynəlxalq fəaliyyət amilini özündə cəmləşdirən diaspordan düzgün istifadə edilməzsə, maraqlı qüvvələr diasporu öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edə bilərlər. Ona görə də strategiya düzgün qurulmalıdır ki, bundan siyasi məqsədlər üçün yox, xalqlararası dostluğun yaranmasında vasitə, sosial yaxınlaşma, doğmalaşma faktoru kimi istifadə edilsin. Bir məsələni də diqqətdə saxlamaq vacibdir ki, diasporun hərtərəfli inkişafı üçün həm mövcud olduğu ölkənin, həm etnik vətəninin, həm də beynəlxalq təşkilatların qayda-qanunlarına uyğun müvafiq strategiya qəbul olunmalıdır. Bu gün regional deyil, qlobal təşkilatlarda təmsil olunaraq beynəlxalq birliklərin yaradılması zəruridir. Yəni, azərbaycanlılarla yanaşı digər xalqların diaspor nümayəndələrini də bu işə cəlb etmək böyük səmərə verə bilər. Xaricdə yaşayan azərbaycanlı ailələrini bu fəaliyyətə cəlb etmək üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməli və diaspor kontingentinin ictimai mənşəyi, demoqrafik vəziyyəti, miqrasiya etmə səbəbləri və hansı işlə məşğul olduqları nəzərə alınaraq iş aparılmalıdır. İstənilən diaspor nümayəndəsi, sosial-ictimai mənşəyindən asılı olmayaraq, vətənlə istədiyi vaxt əlaqə yaratmaq imkanına malik olmalı və bu sahədə dövlət siyasətini həyata keçirən aidiyyəti qurumlara sərbəst çıxışına şərait yaradılmalıdır.

Dövlətimizin başçısı da Zəfər Qurultayında bu kimi həssas məsələlərə toxunaraq Azərbaycan dilinin, mentalitetinin qorunub-saxlanılması ilə yanaşı, azərbaycanlıların yerli cəmiyyətlərə adaptasiyası və inteqrasiyasının vacib olduğunu vurğulayaraq dedi: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar ilk növbədə Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidirlər”.

Bunlarla yanaşı, Azərbaycan diasporu öz fəaliyyətində müasir dövrün çağırışlarını nəzərə almalıdır:

• Azərbaycanın diplomatik nümayəndəliklərində diaspor məsələlərinin inkişaf etdirilməsi və vahid diaspor strategiyasının qurulması;

• dünyada etnik-siyasi, sosial-mədəni anlaşılmazlıqların adi hal aldığı vaxtda xarici ölkələrin ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” kursunun tədris olunması;

• informasiyanın idarəedilməsi, fəaliyyətin qiymətləndirilməsi və monitorinq keçirilməsi üzrə konsepsiyanın hazırlanması;

• diasporla bağlı məlumatların, təbliğat və təşviqat materiallarının əsaslı, düzgün-dolğun olması üçün vahid informasiya bankının yaradılması və bu bank vasitəsilə süzgəcdən keçirməklə yayılması;

• qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi və bu istiqamətdə yeni qurumların təsis edilməsi;

• diaspor nümayəndələrinin Azərbaycanın biznes mühitinə təşviq edilməsi üçün müvafiq layihələrin reallaşdırılması.

• ən nəhayət, Azərbaycan Respublikasının Dövlət-Diaspor Əməkdaşlığı (İnteqrasiya və İnkişaf Siyasəti) Konsepsiyası və Azərbaycan Respublikasının Dövlət Diaspor (YURDDAŞ) Proqramı hazırlanmalı və qəbul olunmalıdır.

O cümlədən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın bazasında Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrin Assosiasiyasının yaradılmasıdır.

Habelə hazırda dünyada trendə çevrilən “geyim lobbiçiliyi”ndən geniş istifadə edilməlidir.

Zənnimizcə, məşhur Azərbaycan xalçalarının motivləri – onların dərinliyi, zəngin rəngləri, zərifliyi, əcdadlarımızın hər bir naxışı hansı incəliklə canlandıraraq yaratdığı modelə uyğunlaşdırılaraq ərsəyə gətirilən “Sumax” adlanan “Haute Couture” kolleksiyası buna bariz nümunədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın belə bir əhəmiyyətli layihənin həyata keçirilməsində göstərdiyi dəstək heç də təsadüfi deyildir.

Bu xüsusda, “Made in Azerbaijan” brendinin təbliği və təşviqi arzuolunandır.

Beləliklə, Azərbaycan nə qədər güclü olsa, daxildəki vətəndaşlarla yanaşı, xaricdəki azərbaycanlılar da özlərini bir o qədər də təhlükəsiz, rahat hiss edəcəklər. Dünyanın müxtəlif yerlərində məskunlaşan soydaşlarımız və həmvətənlərimiz nə qədər güclü olsa, milli maraqlarımız da bir o qədər mühafizə, müdafiə olunacaqdır. Ona görə də, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, məqsədyönlü işlərə fəal şəkildə cəlb edilməsi olduqca arzuolunan bir məsələdir. Azərbaycan diasporu öz ruhu, dəsti-xətti ilə hərəkət etməli, təkrarçılığa yol verməməli, vahid ideologiyaya və strategiyaya uyğun fəaliyyət göstərməlidir.

Qurultay bir daha açıq-aydın göstərdi ki, artıq mahiyyətcə və keyfiyyətcə yeni dövrünü yaşayan, tarixin sınaqlarından çıxmış Azərbaycan diasporu özünün mütəşəkkillik və möhkəmlənmə dövrünə qədəm qoymuşdur. Diasporun qüdrətini müəyyən etmək üçün müxtəlif ərazilərdə yaşayan və müvafiq qurumlarda təmsil olunan, birləşən həmvətənlərimizin ümumi məqsədlər və milli mənafe əsasında vəhdətinin olması bu sahədə əsas şərtlərdəndir. İlk dönəmlərdə görülən məqsədyönlü tədbirlər isə bunu deməyə əsas verir ki, ölkə sərhədlərinin hüdudlarında yurd salan azərbaycanlılar və xaricdə fəaliyyət göstərən diaspor potensialımızın Azərbaycan haqqında həqiqətlər ilə birlikdə yaşaması və fəaliyyət göstərməsinin təməli qoyuldu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “hər birimiz - həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır.

Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.