Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Müasir dövrdə Azərbaycanda dövlət qulluğu sistemində islahatlar

Bakı, 23 iyun, AZƏRTAC

İdarəetmə həmişə insan fəaliyyəti ilə bağlı olub. İdarəetmə fəaliyyətinin növlərindən biri də dövlət idarəetməsidir. Bu idarəetmə növünün necə təşkil edilməsindən idarəçiliyin digər növlərinin fəaliyyəti də asılıdır. Ona görə də dövlət idarəçiliyinin səmərəli təşkil olunması həmişə çox vacib olub. Dövlət idarəçiliyinin əsas komponentlərindən biri dövlət qulluğudur. Dövlət qulluğunun daha səmərəli olması üçün isə onun konkret prinsiplərə əsasən həyata keçirilməsi lazımdır.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru  Murtəza Həsənovun “Müasir dövrdə  Azərbaycan Respublikasında dövlət qulluğu  sistemində islahatlar” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpa­sından sonra yeni – iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İsla­hatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Sərəncamının (1996) və “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanının (1998) müs­təsna rolu olubDövlət idarəetməsi anlayışı çoxnövlü və mürəkkəb olduğundan inzibati hüquqda onun vahid tərifi yoxdur. İdarəetməyə geniş mənada təşkilati fəaliyyət və idarə olunan obyektə məqsədyönlü təsir kimi baxılır. Dövlət idarəetməsi əsas və birinci əlaməti inzibati hüquq predmeti kimi onun ümumi xarakterli olmasıdır. Bu əlamətə görə ümumi idarəetmə özündə başqa idarəetmə sahələrindən fərqləndirən təşkilati, funksional və hüquqi aspektləri birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Dövlət qulluğu siyasətinin əsas məqsədi - ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, o cümlədən, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir".

Dövlətin, onun idarəetmə aparatının fəaliyyəti müasir dövlətin xüsusi institutu olan dövlət qulluğu tərəfindən həyata keçirilir. Dövlət qulluğu institutunun fəaliyyətinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi dövlət idarəetmə islahatlarının ən vacib istiqamətlərindən biridir. Dövlət qulluğu institutu həm də islahatların strategiya və taktikasının reallaşdırılmasında xüsusi rol oynayan ən mühüm dövlət mexanizmlərindən biridir ki, cəmiyyətin bütün sistemlərinin (siyasi, iqtisadi, sosial, mədəni, elmi) fəaliyyətinin səmərəliliyi, son nəticədə isə hər bir vətəndaşın hüquq və azadlıqlarının real təmin olunması həlledici dərəcədə məhz bu mexanizmdən asılıdır.

Azərbaycan Respublikasında dövlət qulluğu qədim köklərə malikdir. Əsrlərboyu torpaqlarımızda müxtəlif dövlətlər, hər bir dövlətin isə öz idarəçilik ənənələri olub. İlk dəfə kadrlar sistemli şəkildə Azərbaycan Xalq Cümhuriyyətində hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyətinin erkən süqutu bu prosesin inkişafını ləngitməyib. Sovet dövründə isə dövlət qulluğu sistemi ağır mərhələlərdən keçib.

Azərbaycan XX əsrin sonunda öz müstəqilliyini yenidən bərpa etməklə dünya dövlətləri sırasında özünə layiq yer tutdu. Yeni yaranmış dövlətin quruculuq prinsiplərinin müəyyən edilməsi zəruriliyi meydana gəldi. 1995-ci ildə ümumxalq referendumunda ölkə Prezidenti Heydər Əliyev zəkasının məhsulu olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və beləliklə, ölkənin gələcək inkişafı üçün müasir dünya tələblərinə cavab verən demokratik, sivil, hüquqi dövlətin əsası qoyuldu.

Milli qanunvericilikdə “dövlət qulluğu" termini ilk dəfə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada hüquqi cəhətdən təsbit olundu. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi tənzimləmənin başlıca prinsiplərini formalaşdıran və təsbit edən bütün respublika qanunvericiliyinin əsası olan, ali hüquqi qüvvəyə malik aktdir. Hər bir dövlətin qanunvericilik sıstemi, ilk növbədə, onun Konstitusiyasına əsaslanır. Konstitusiya ümumən məcburi əhəmiyyətə malik olub, başqa normativ aktlar üzərində üstün hüquqi qüvvəyə və müstəqil təsir qüvvəsinə malikdir. Konstitusiya bir növ vətəndaşla dövlət arasında bağlanan və onun fəaliyyətini nizamlayan ictimai müqavilənin mətni kimi çıxış edir. Onun normaları heç bir qanunla dəyişdirilə bilməz. Ədəbiyyatda göstərildiyi kimi, Konstitusiya ictimai münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün vətəndaşların köklü, maraqlarını əhatə edən daha vaciblərini tənzimləyir.

Azərbaycan Respublikasının Konstitusiyası müasir sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyyətin üç hissəyə bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi. Beləliklə, Azərbaycanda dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verildi. 1996-cı ildə respublika Prezidentinin Sərəncamı ilə təşkil edilmiş Hüquqi İslahat Komissiyasının səyləri ilə müstəqil dövlətin öz qanunvericilik bazasının yaradılması prosesi başlandı, komissiya üzvlərinin qarşısında qoyulmuş başlıca məqsəd - Azərbaycanda Avropa və dünya ölkələrinin hüquq sisteminə tam uyğun olan sistemin yaradılması məqsədi qoyuldu. Zaman göstərdi ki, Hüquqi İslahat Komissiyası və onun bütün üzvləri həqiqətən də bu məqsədə nail olmaq üçün yüksək səylə işləyiblər.

Dövlət qulluğu institutunun islahatlarının məqsədi əslində, peşəkar, yüksəkixtisaslı, stabil və nüfuzlu dövlət qulluğunun yaradılmasından ibarətdir. Azərbaycanda dövlət institutu kimi dövlət qulluğunun əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

  • konstitusiyalı quruluşun qorunması, açıq vətəndaş cəmiyyətinin qurulması üçün şəraitin yaradılması, insan və vətəndaş haqlarının və azadlıqlarının müdafiəsi;
  • cəmiyyətə və dövlət orqanlarının siyasi rəhbərliyinə peşəkar idarəetmə xidmətləri göstərmək yolu ilə dövlət orqanlarının səlahiyyətlərinə uyğun səmərəli fəaliyyətin təmin edilməsi.

Dövlət qulluğu sahəsində islahatların başlıca məqsədi dövlət qulluğu sistemini hazır qərarların icrasını kor-koranə yerinə yetirən totalitar alətdən hökumətin siyasi funksiyalarının yerinə yetirilməsini təmin edən və cəmiyyətin maraqlarına xidmət edən demokratik tipli instituta çevirməkdən ibarətdir. Bu məqsədə nail olmaq əslində, peşəkar, yüksəkixtisaslı və nüfuzlu dövlət qulluğunun yaradılmasını, onun siyasi neytrallığının təmin olunmasını, dövlət idarəetmə sistemində kadr ehtiyatlarından istifadənin təkmilləşdirilməsi, dövlət qulluqçularının işinin etik dəyərlərə və demokratik cəmiyyət standartlarına əsaslanan yeni prinsip və prosedurlarının tətbiq olunmasını tələb edir. Bu baxımdan dövlət qulluğu islahatlarının başlıca vəzifəsi aşağıdakılardan ibarətdir:

  • dövlət qulluğunun normativ-hüquqi təminatının yaradılması;
  • dövlət qulluğu sisteminin idarə olunmasının yaxşılaşdırılması;
  • dövlət qulluğu vəzifələrinin mövcud təsnifatının təkmilləşdirilməsi;
  • dövlət qulluqçularının hüquqi müdafiəsinin və siyasi neytrallığının təmin edilməsi;
  • dövlət qulluqçularının stimullaşdırılması və motivasiyasının gücləndirilməsi;
  • dövlət qulluğuna qəbul və qulluqda irəliləmə sisteminin təkmilləşdirilməsi;
  • dövlət qulluqçularının və dövlət kadr ehtiyatlarının peşəkar təhsil və ixtisasartırma sisteminin yaradılması;
  • dövlət qulluğu sistemində korrupsiya ilə mübarizə;
  • dövlət qulluğu islahatlarının elmi təminatı və s.

İslahatlar baxımından dövlət qulluğunun funksiyalarının dəqiq müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir ki, bunlara aşağıdakıları aid etmək olar:

  • dövlət qulluğunun çoxsaylı strukturlarının və institutlarının işlənib hazırlanması, istifadə olunması və daim təkmilləşdirilməsi;
  • dövlət qulluğunun növləri və səviyyələri üzrə dövlət aparatı heyətinin statistik uçotunun, kəmiyyət və keyfiyyət təhlillərinin aparılması;
  • dövlət qulluğunda işin dəqiq, rasional və səmərəli qaydalarının müəyyənləşdirilməsi və tətbiqi;
  • dövlət aparatına, həmçinin dövlət qulluğunun səviyyə və növlərinə çəkilən maddi-maliyyə xərclərinin əsaslandırılması və onun istifadəsinə nəzarətin təşkili;
  • dövlət quruculuğu, dövlət qulluğu sahəsində elmi tədqiqatların təşkili və əlaqələndirilməsi, analitik-informasiya şəbəkəsinin yaradılması;
  • Azərbaycanda dövlət qulluğunun səmərəli fəaliyyətinin metodiki, informasiya və idarəetmə baxımından təminatının yaradılması.

1998-ci il  dekabrın 29-da ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasında dövlət sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın yaradılması dövlət idarəetməsində səmərəliliyin artırılması, cəmiyyətin demokratikləşməsi və bazar münasibətlərinin təkmilləşdirilməsi üçün mühüm addım idi. Bu Fərmandan başlayaraq bir çox fərman və sərəncamlar imzalanıb, eləcə də bir sıra qanunlar qəbul edilib.

Mühüm normativ-hüquqi aktlardan biri də 2000-ci il iyulun 21-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu mühüm dövlət sənədi yeni əsrdə Azərbaycanın idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, insanın, sıravi vətəndaşın rifahının yaxşılaşdırılmasını təmin edən kadr siyasətinin həyata keçirilməsinə, əhalinin geniş bir təbəqəsini təşkil edən dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bağlı bütün məsələləri tənzimləyir. Bu Qanun Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlayıb. Qanunda xüsusilə dövlət qulluğu sahəsində dövlətlə məmurlar arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı bir çox məsələlər tənzimlənir.

Dövlət idarəetmə sisteminin islahatları konsepsiyasının layihəsində peşəkar dövlət qulluğu institutunun formalaşdırılması ən vacib məsələlərdən biri kimi qarşıya qoyulmuşdu. Bu məqsədlə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanaraq 2000-ci il  iyulun 21-də qəbul olundu və 2001-ci ilin sentyabr ayından qüvvəyə mindi. Azərbaycan Respublikasının 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 2002-ci il 3 dekabr, 2009-cu il 24 iyun, 2012-ci il 20 aprel, 2016-cı il 11 aprel tarixli Qanunları ilə ona dəyişikliklər edilib.

"Dövlət qulluğu haqqında" qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaradıb. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirib, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaradıb. Qanun funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulma qaydalarından asılı olaraq dövlət qulluğu vəzifələrini siyasi, inzibati və yardımçı vəzifələrə bölür, inzibati və yardımçı vəzifələrin təsnifatını müəyyənləşdirir. Qanunda dövlət qulluğunun cəmiyyət qarşısında cavabdehliyini və cəmiyyətə xidmət göstərməyə yönümlülüyünü, şəffaflığını, peşəkarlığını, etikliyini təmin edən prinsiplər müəyyənləşdirilib.

"Dövlət qulluğu haqqında" qanunda kadrlarla iş prosesinin mühüm məsələləri də öz əksini tapdı, kadr siyasətinin əsas istiqamətləri, kadrların komplektləşdirilməsinin prinsipləri və üsulları təsbit olundu. Qanun qəbul edildikdən sonra 2001-2005-ci illər ərzində onun icra mexanizmi yaradıldı, dövlət qulluğunun bir çox məsələlərinin hüquqi cəhətdən tənzimlənməsi üçün müvafiq normativ hüquqi aktlar qəbul olundu.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” 2001-ci il 22 iyun tarixli Qanun dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün, onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən etdi.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması, rəsmiləşdirilməsi qaydalarını və ixtisas dərəcələrinə görə ödənilən əlavə haqların məbləğlərini müəyyən etdi.

2002-ci il 29 mart tarixli Qanunla Azərbaycan Respublikasının “Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamə təsdiq olundu. Vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi və s. Şuranın funksiyalarına aid edildi.

Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin həllini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu İdarəetmə Şurası təşkil olunub və fəaliyyətə başlayıb. Şuranın tərkibi bərabər sayda (hər biri altı nəfər təyin etməklə) ölkə Prezidenti, Milli Məclis və Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilib. Belə bir müstəqil orqanın yaradılması dövlət qulluğuna qəbul, qulluqda irəliləmə, dövlət qulluqçularının attestasiyası, onların maddi təminat və nizam-intizam məsələlərinin həlli zamanı istifadə olunan müxtəlif proseduraların səmərəliliyini, şəffaflığını və obyektivliyini təmin etməkdə çox mühüm rol oynamalıdır.

Dövlət Qulluğunu İdarəetmə Şurasının həyata keçirdiyi əsas funksiyalar bunlardır:

  • vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak;
  • dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlil edilməsi;
  • dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsi;
  • dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ-hüquqi aktların və metodiki göstərişlərin layihələrinin hazırlanması və həmin sənədlərin hazırlanmasında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
  • dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodiki işinin əlaqələndirilməsi;
  • qanunda nəzərdə tutulmuş hallarda dövlət qulluqçularının şikayətinə baxılması;
  • dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması; 
  • dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi;
  • dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlıqda iştirak.

Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinə onun tərkibindən üzvlərinin sadə səs çoxluğu ilə seçilən sədr rəhbərlik edir. O, Şuranın işini təşkil edir.

Əsasnamənin 3.6 maddəsinə görə Şuranın qərarının məcburiliyi dövlət qulluqçuları üçün müvafıq olaraq Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri və Konstitusiya Məhkəməsinin sədri tərəfındən təmin olunur.

2002-ci ilin mart ayından Avropa Ittifaqının Azərbaycanda dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə "TACİS" layihəsi fəaliyyətə başlayıb ki, onun da məqsədi aşağıdakılardan ibarətdir:

  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun icra olunması strategiyasının işlənib hazırlanmasına;
  • İşə qəbul, sınaq və daha yüksək vəzifəyə təyin olunmağa dair daha ətraflı təlimatın işlənib hazırlanmasına;
  • Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təşkilinə;
  • Dövlət qulluqçularının mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasına yardım göstərmək.

Bunlardan əlavə həmin dövrdə "Dövlət qulluqçularının icbari sığortası haqqında" 2002-ci il 30 aprel, "Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi barədə" 2002-ci il 31 may, "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" 2002-ci il 31 may, "Vətənə xidmətə görə ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə" 2003-cü il 7 noyabr, "Dövlət qulluğunda fərqlənməyə görə medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə" 2003-cü il 7 noyabr tarixli qanunlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli Fərmanı ilə "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu" təsdiq edilib. 2003-cü ilin avqustunda inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq olunduqdan sonra Qanunun icrasına dair intensiv müzakirələr başlandı. Layihənin köməkliyi ilə strategiyalar proqramı hazırlandı və Dövlət Qulluğunu İdarəetmə Şurasının birinci iclasında müzakirəyə çıxarıldı. Proqramda dövlət qulluğu sahəsindəki problemli məsələlər, islahatların əsas məzmunu barədə faydalı xülasə əks olunurdu.

Qanunun icra strategiyası, ilk növbədə, qanunun və müvafiq normativ aktların bilavasitə icrası zamanı üzə çıxan qeyri-müəyyənliklərin aşkar olunmasını, müvafıq tövsiyələr və dəyişikliklər barədə təkliflərin 2004-cü ilin sentyabr ayınadək MM-ə təqdim olunmasını nəzərdə tuturdu. 2003-cü ilin sentyabrından etibarən dövlət qulluğuna dair problemli məsələlər Prezident Administrasiyasının layihə tərəfindən yaradılmış şəbəkə ilə keçirdiyi müntəzəm seminarlarda tədqiq olundu.

2004-cü ilin yanvarında dövlət qulluğu məsələləri ilə bağlı iki işçi qrupu təsis olundu. Birinci işçi qrup qanundakı ziddiyyətləri və boşluqları, mübahisəli məsələləri nəzərdən keçirərək qanunu işlək vəziyyətə gətirmək üçün ətraflı hesabat tərtib edərək Prezidentin Administrasiyasına təqdim etdi. İkinci işçi qrup dövlət qulluğuna qəbul sistemindəki boşluqları, sistemin məntiqi ardıcıllığı məsələlərini təhlil etdi və qanuna müvafıq dəyişikliklərin edilməsinə və dövlət qulluğuna qəbul prosesini tənzimləyən üç fərmanın vahid fərmanla əvəzlənməsinə dair təklif irəli sürdü. Bunun üçün təbii olaraq yeni işə qəbul sisteminin bəzi nazirliklərdə pilot layihə çərçivəsində sınaqdan keçirilməsi zərurəti meydana çıxdı. Beləliklə, dövlət qulluğuna qəbulla bağlı yeni qaydalar pilot layihə çərçivəsində 2004-cü ildə Xarici İşlər Nazirliyində sınaqdan keçirildi.

Bunlardan əlavə, həmin dövrdə “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı, “Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli Fərmanı, “3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən vəsiqənin təsvirinin və nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli fərmanı, 2003-cü il 23 oktyabr tarixli Qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə Fərmanı, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 2004-cü il 1 iyul tarixli Azərbaycan Respublikasının Qanunu, 2009-cu il 24 iyun tarixli “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə Fərmanı və s. kimi normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı.

Komissiya dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiyası və sosial müdafiəsi sahəsində və bu sahədə yaranan digər məsələlər barəsində respublika qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komissiyanın funksiyaları aşağıdakılardan ibarətdir:

  • dövlət qulluğunun təkmilləşdirilməsinə dair proqramların və digər sənədlərin hazırlanmasının və həyata keçirilməsinin təşkili;
  • dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət;
  • dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqələrin keçirilməsi qaydalarının hazırlanması və təsdiqlənməsi, müsabiqələrin düzgün və şəffaf keçirilməsinə nəzarət etmək;
  • təlim tələbatlarını müəyyənləşdirmək və dövlət qulluqçularının təlim strategiyasını hazırlamaq;
  • dövlət qulluqçularının hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması məsələləri üzrə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək;
  • dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək və müvafıq normativ-hüquqi aktların layihəsini hazırlamaq;
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını cəlb etməklə dövlət qulluğu sahəsində olan problemlərə dair tədqiqatlar aparmaq;
  • müsahibənin keçirilməsi qaydasını müəyyənləşdirmək, dövlət qulluğu haqqında qanunvericiliyin pozulması ilə qəbul edilmiş dövlət orqanlarının qərarlarının ləğvinə dair təklif vermək və s.

Azərbaycan Respublikası Prezidentinə tabe olan Komissiya öz vəzifə və funksiyalarını həyata keçirərkən digər dövlət orqanları, ictimai, beynəlxalq və digər təşkilatlarla yanaşı, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası ilə də qarşılıqlı fəaliyyət göstərir.

Dövlət qulluğu sahəsində kadrların seçilməsi və yerləşdirilməsi xüsusi yanaşma və diqqət tələb edir. Peşəkar, müasir dünyagörüşlü və yüksək təhsilli kadrların dövlət qulluğuna cəlb edilməsinin səmərəli yolu vakant dövlət qulluğu vəzifələri barədə ictimaiyyətə dolğun məlumat verilməsi, həmin vəzifələrə qəbulun müsabiqə və şəffaflıq əsasinda mərkəzləşdirilmiş qaydada keçirilməsi və ən əsası isə bu sahədə aparılan dövlət siyasətinə ictimai etimadın artırılmasıdır.

Dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin təmin edilməsi Komissiyanın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

Komissiya öz fəaliyyətində qabaqcıl ölkələrin dövlət qulluğu və kadrların idarə edilməsi sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanın dövlət idarəçiliyi sistemində tətbiqi məsələlərinə xüsusi yer ayırır. Bu məqsədlə Avropa Şurası, BMT-nin İnkişaf Proqramı, Avropa Birliyinin TACIS proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəlikləri ilə işgüzar əlaqələr qurulub. BMT-nin İnkişaf Proqramı ilə birgə “Dövlət qulluğunda islahatlar vasitəsilə yaxşı idarəçiliyin təşkili Iayihəsi” həyata keçirilib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində “İnstitusional islahatlar və yaxşı idarəçilik” üzrə işçi qrupunda Komissiya Azərbaycanı təmsil edib.

Komissiya fəaliyyət göstərərkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını və öz əsasnaməsini rəhbər tutur.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları” təsdiq edildi. Qaydalar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa, dövlət qulluğu və kadrlarla iş sahəsinə aid olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlandı. Bu qaydalarla dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işi tənzimlənməyə başlandı.

Beləliklə, ehtiyat kadrların formalaşdırılması dövlət orqanlarının kadr siyasətinin tərkib hissəsi kimi qəbul olundu. Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilməyə başlandı. Ehtiyat kadrların formalaşdırılmasında məqsəd - müvafıq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda siyahıya daxil edilmiş namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdim edilməsini təmin etməkdən ibarətdir.

2007-ci il mayın 31-də “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun qəbul olundu. Qanuna əsasən, dövlət qulluqçuları üçün etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər müəyyən edildi. Dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilən qanunun məqsədləri aşağıdakılardan ibarət oldu:

  • dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
  • dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
  • dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
  • dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
  • dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması; 
  • dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Dövlət qulluqçularının əlavə peşə təhsilinə cəlb edilməsi, təcrübə keçməsi, yenidən hazırlanması. və ixtisasartırması üçün dövlət sifarişinin hazırlanması Nazirlər Kabinetinin 2009-cu il martın 19-da qəbul etdiyi “Dövlət qulluqçularının əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı qaydaları” ilə müəyyən olundu. Bu qaydalar 2010-cu il yanvarın 1-dən qüvvəyə mindi. Qaydaların tətbiqini təşkil etmək məqsədi ilə 220-dən artıq dövlət orqanında qulluq keçən dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı öyrənildi. Həm mərkəzi, həm yerli icra hakimiyyəti orqanlarını, həm də məhkəmə orqanlarını əhatə edən sorğuların nəticələri təhlil edildi, dövlət qulluqçularının ixtisasartırma kurslarına və yenidənhazırlanmaya olan tələbatı ümumiləşdirilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edildi.

2009-cu il 24 iyun tarixli Fərmanla "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları" təsdiq olundu. Yeni qaydalara əsasən, dövlət qulluğuna qəbulla bağlı test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarının və inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla keçid ballarının müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edildi.

Artıq test imtahanında namizədlərin dünyagörüşü, yəni dünyanın, əsasən də, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərinin yoxlanılması nəzərdə tutuldu. B. Xəlilovun qeyd etdiyi kimi, bu yenilikdə əsas məqsəd ondan ibarətdir ki, dövlət qulluğuna dövlətini sevən, onun tarixini, coğrafiyasını bilən, bu gün baş verən prosesləri izləyən və onları təhlil edə bilənlər gəlsin.

Qaydalar qəbul olunduqdan sonra müsabiqədən keçid balları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla fərqləndirildi. Belə ki, əvvəllər test imtahanında bütün inzibati vəzifələr üçün eyni keçid balı müəyyənləşdirilmişdi. Qaydalara əsasən, inzibati vəzifələrin təsnifatları üzrə keçid balları fərqləndirildi.

Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli əmri ilə təsdiq edilən "Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları"na uyğun olaraq Komissiya tərəfindən test imtahanı zamanı namizədlərin dünyanın əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik biliklərinin yoxlanılması məqsədi ilə ümumiləşdirilimiş proqramlar və metodiki vəsaitlər hazırlandı.

Azərbaycan Respublikasinin Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2009-cu il 29 iyun tarixli əmri ilə "Müsahibənin nəticəsindən narazı qalan şəxslərin apelyasiya şikayətinə baxılması Qaydaları" təsdiq edildi. Qaydalar dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması məqsədi ilə keçirilən müsahibənin nəticəsindən narazı qalan şəxslərin (namizədlərin və ya müsahibə komissiyasının üzvlərinin) apelyasiya komissiyasına şikayət verməsi,  apelyasiya şikayətinə baxılması və qərar qəbul edilməsi qaydalarını müəyyən etdi. Müəyyən olundu ki, namizəd müsahibənin nəticəsi Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən və ya daxili müsahibənin nəticəsi barədə arayış ona verildiyi gündən 5 iş günü müddətində apelyasiya komissiyasına şikayət verə bilər.

Həmçinin 24 iyun 2009-cu il tarixli “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə fərmanı, 2011-ci il 1 iyul tarixli “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə fərmanı və s. kimi normativ-hüquqi aktların müasir dövlət qulluğunun formalaşmasında mühüm rolu olub.

Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür. Dövlət qulluğu sistemində fəaliyyətinin təşkili və həyata keçirilməsində müasir texnologiyalardan və innovasiyalardan maksimum istifadə məsələsi xüsusi diqqət mərkəzindədir. Belə ki, hazırkı mərhələdə ölkədə demək olar bütün dövlət idarəçiliyi orqanlarda elektron xidmətlərin göstərilməsinin təmin olunması üçün ardıcıl addımlar atılmaqdadır. Azərbaycan dövlət qulluğu sistemində innovativ məqam olan elektron xidmətlərin tətbiq olunması və genişlənməsi üçün müvafiq hüquqi əsas yaradılıb. Belə ki, 2011-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə start verilib və qısa zaman kəsiyində bu xidmətlərin göstərilməsi geniş vüsət almış və elektron xidmətlərin istifadəsi dövlət orqanlarının işinin effektivliyinin və şəffaflığın yüksəldilməsi ilə yanaşı, vətəndaşların da məmnunluğunu da artırıb.

Azərbaycan Respublikasında “elektron hökumət”lə bağlı ideya ilkin olaraq “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012-ci illər)” sənədində ifadə olunub. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) məhz bu mühüm strategiyanın həyata keçirilməsi üçün yaradıldı. Belə ki, nazirlik “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyası”nın həyata keçirilməsi istiqamətində 2005-2008-ci illər və 2010-2012-ci illər üçün “Elektron Azərbaycan” Dövlət proqramlarını reallaşdırıb. Bu proqramlar informasiya cəmiyyətinin formalaşdırılması və elektron hökumət quruculuğu istiqamətində mühüm addım olmaqla, Azərbaycanda dövlət qulluğu sistemində innovasiyaların tətbiqi baxımından olduqca əhəmiyyətli idi.

 “Dövlət qulluğu haqqinda” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 20 aprel 2012-ci il tarixli qanunla dövlət orqanlarının kateqoriyalarında dövlət qulluğu vəzifələrinin təsnifatında, ixtisas dərəcələrində dəyişiklik edildi. Bu isə öz növbəsində kadr işində müvafıq dəyişikliklərin edilməsi zərurətini doğurdu.

Belə ki, qanuna əsasən, dövlət orqanlarının kateqoriyaları dəyişdirildi. Əvvəllər 7 kateqoriya olan dövlət orqanları 5 kateqoriya üzrə təsnifləşdirildi. Dövlət orqanlarının kateqoriyasına yeni bir kateqoriya əlavə olundu - “Ali kateqoriya dövlət orqanları”. Bu kateqoriyaya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, habelə yuxarı icra orqanı - Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən və icra səlahiyyətlərini həyata keçirən orqanlar, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aid edildi.

Əvvəllər 9 təsnifatdan ibarət olan inzibati vəzifələrin 7 təsnifatı müəyyən olundu. İnzibati vəzifələrin təsnifatına yeni bir təsnifat daxil edildi - İnzibati vəzifələrin ali təsnifatı. Ali təsnifat inzibati vəzifələrə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi aid edildi.

Müvafiq olaraq yardımçı vəzifələrin də təsnifatında dəyişiklik edildi. Onların təsnifatına da yeni bir təsnifat Ali kateqoriya dövlət orqanlarında texniki vəzifələri tutan şəxslərin vəzifələri (yardımçı vəzifələrin birinci təsnifatı) daxil edildi. Yardımçı vəzifələrin 4 təsnifatı müəyyən olundu.

Qanunda edilən dəyişikliklər müvafiq olaraq kadr işində (heyətin qəbul qaydalarında, ixtisas dərəcələrinin verilməsində və s.) edilən dəyişikliklərdə öz əksini tapdı. Belə ki, əvvəllər VI-IX təsnifat inzibati vəzifələr müsabiqə yolu ilə tutulurdusa, indi müvafiq olaraq, V– VII təsnifatlara uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması isə müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi dövlət qulluğunun qarşısında duran vəzifələrdən biridir. Bu səbəbdən də idarəetmədə aparılan islahatlar prosesində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması daim diqqət mərkəzindədir.

Dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları fiziki və hüquqi şəxslərin dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən narazı qalmasına, vətəndaş məmnunluğunun təmin olunmamasına və nəticədə dövlət qulluğunun nüfuzunun zədələnməsinə səbəb ola bilən mühüm təzahürlərdəndir.

Vətəndaşlara xidmətlərin göstərilməsi prosesində bürokratik süründürməçilik, süni inzibati maneələrin yaradılması dövlət qulluğunun nüfuzunu zədələməklə yanaşı, “vətəndaş-dövlət qulluqçusu münasibətlərində inzibati mübahisələrə də yol aça bilər.

Əhalinin dövlət aparatına olan münasibəti dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətin keyfiyyətindən, rahatlığından və müəssərliyindən birbaşa asılıdır. Buna görə də cəmiyyətdə mövcud olan sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət qulluğu, idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, əhalinin dövlətə və dövlət qulluğuna inamının artırılması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək islahatlar prosesində mühüm məqamlardan biridir.

Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfındən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.

Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Respublikamızda bu yönümdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyi nəzərə alınaraq yaradılıb.

Agentliyin yaradılması vətəndaş - dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafi, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müyəssər olması, dövlət qulluğunun müsbət imicinin artırılması üçün tədricən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyətlərin, təşkilati mədəniyyətin fəaliyyət üslubunun formalaşdırılması yönümündə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən “Asan xidmət"in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin - “rəqabət” prinsipinin tətbiqinə başlanılıb. İdarəetmədə rəqabət prinsipi vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur.

Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Harvard Universitetinin professoru Andrey Şleyfer və Robert Vişni haqlı olaraq yazırlar ki, korrupsiya ilə mübarizədə rəqabətdən istifadə edilməsi müsbət nəticələrə, korrupsiya hallarının azalmasına gətirib çıxara bilər. Həqiqətən də əgər eyni xidmətləri göstərmək hüququna bir neçə dövlət orqanı eyni zamanda malik olarsa dövlət orqanları arasında sağlam rəqabət mühiti yaranar ki, bu da korrupsiya hallarının qarşısını almaqla yanaşı, dövlət orqanlarının fəaliyyətində çevikliyin, şəffaflığın təmin olunmasının təzahürü kimi vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsinə və büdcə vəsaitlərinə qənaət olunmasna real zəmin ola bilər. İdarəetmədə rəqabət resurslardan da daha rasional istifadəyə kömək edə bilər. Belə ki, eyni xidmətləri göstərən qurumlardan hansı daha yaxşı göstəricilərə nail olarsa, vətəndaş məmnunluğunu daha yüksək səviyyədə təmin edərsə, büdcə vəsaitlərinin də həmin quruma yönəldilməsinə, həmçinin bürokratik aparata daha real nəzarətin təmin olunmasına nail olmaq olar.

İslahatlar dövlət idarəetməsinin ənənəvi funksiyalarına proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, insan resurslarının idarə olunması kimi yeni funksiyaların əlavə olunmasına, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadənin təmininə də səbəb olmuşdur. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi üçün 2007-2011-ci illərdə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmiş, Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın, yeni texnologiyaların tətbiqi əsas prinsiplər kimi təsbit olunub. Dövlət qulluğuna şəffaf seçim və irəliləyiş qaydası fəaliyyət göstərir, ehtiyat kadrların formalaşdırılmasında, əlavə peşə təhsilinin təşkilində və ümumilikdə dövlət orqanlarının fəaliyyətində, xidmətlərin təqdim olunmasında şəffaflığın təmin olunması zəruri əhəmiyyət kəsb edir Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılıb.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmiş və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin balansına verilib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Nizamnaməsini rəhbər tutur.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 (bir) milyon manatdır.

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi Mərkəz tərəfindən inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq, birinci-beşinci kateqoriya dövlət orqanlarında (ali kateqoriya dövlət orqanları və yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə həyata keçirilir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • AA qrupu;
  • AB qrupu;
  • AC qrupu.

2. B növü - inzibati icraçı vəzifələr üzrə:

  • BA qrupu;
  • BB qrupu.

Test imtahanı mərhələsində namizədlərə qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar təqdim olunur. Test tapşırıqlarının məzmunu, növü, ümumi sayı, sahələr və çətinlik dərəcəsi vəzifə altqruplarına uyğun olaraq müxtəlif olur və Mərkəz tərəfindən müəyyən edilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra - portal) yerləşdirilir. Test imtahanı Mərkəzin qərarı ilə kağız daşıyıcılarda və ya kompüter vasitəsilə aparılır.

Test imtahanında iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçir. Portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir. İmtahanın keçiriləcəyi yer və vaxt haqqında məlumat test imtahanına ən azı 5 gün qalmış Mərkəzin portalında yerləşdirilir. Bununla yanaşı, namizəd test imtahanında iştirakla bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portal vasitəsilə çap edərək əldə edir. Namizəd imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirir. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları aşağıdakı cədvəldə göstərilib.

Cədvəl 1. İnzibati vəzifələrin qrupları, alt qrupları, hər alt qrup üzrə keçid balları

Vəzifə qrupu

Vəzifə alt qrupu

Alt qrupa daxil olan vəzifələr

Keçid balı (%-lə)

AA

AA1

İnzibati vəzifələrin 1-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri

85

AA2

İnzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri, Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru

80

AA3

İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

Şöbə müdirinin müavini, dövlət orqanının rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif Şurasının katibi

75

AA4

İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

Mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini

70

AB

AB1

İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

Şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri

85

AB2

İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

Şöbə müdirinin müavini, dövlət orqanının rəhbərinin müşaviri, köməkçisi, regional bölmələrin rəhbərinin müavini

80

AB3

İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Şöbə müdiri, sektor müdiri

75

AB4

İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Şöbə müdirinin müavini

70

AC

AC1

İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Yerli bölmələrin rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərləri

80

AC2

İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Şöbə müdiri, sektor müdiri, yerli bölmələrin rəhbərləri

75

AC3

İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri

70

AC4

İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

Sektor müdiri

65

BA

BA1

İnzibati vəzifələrin 4-cı təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi

85

BA2

İnzibati vəzifələrin 4-ci təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi

80

BA3

İnzibati vəzifələrin 5-cı təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi

75

BA4

İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi

70

BB

BB1

İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi

80

BB2

İnzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi

75

BB3

İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi

70

BB4

İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

Aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi

65

Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün aşağıdakı qiymətlər müəyyənləşdirilib.

Test imtahanlarında vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal Mərkəz tərəfindən müəyyən edilir. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları Cədvəl 1-də öz əksini tapıb.

Test imtahanının nəticələri haqqında məlumat Mərkəzin portalında yerləşdirilir. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə müraciət edə bilər.

Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda).

Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Vəzifələrin müvafiq altqrupu üzrə sertifikat əldə edən şəxs sertifikatda qeyd olunan vəzifə və qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elanda namizədin iddia etdiyi vəzifə üzrə aşağıdakı məlumatlar yerləşdirilir:

  • iş yerinin ünvanı;
  • inzibati vəzifənin təsnifatı;
  • vəzifə maaşı;
  • vakant vəzifə üzrə qulluq funksiyaları;
  • təhsilə, təcrübəyə, xüsusi biliklərə və peşə bacarığına dair tələblər;
  • tələb olunan sertifikat.

Namizəd müsahibədə iştirak üçün elan verildiyi gündən 30 gün ərzində portal vasitəsilə müvafiq dövlət orqanına elektron müraciət edir. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanımüsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır.Müsahibə komissiyası üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə formalaşdırılır. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri iştirakı ilə keçirilir. Müsahibələrin keçirildiyi yer və vaxt barədə məlumat namizədlərə müsahibənin keçirilməsinə ən azı 5 gün qalmış Mərkəzin portalı və dövlət orqanının internet saytı vasitəsilə verilir. Müsahibə hər bir namizədlə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır.

Müsahibədə iştirak etmiş namizədin vakant vəzifəyə uyğunluğu “bilik səviyyəsi”, “peşə hazırlığı”, “ümumi dünyagörüşü” və “vakant vəzifə üçün zəruri olan keyfiyyətlər” kimi meyarlar əsasında qiymətləndirilir. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal ilə 2-dir. Müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və müsahibənin nəticələri Mərkəzin portalında və dövlət orqanının internet səhifəsində yerləşdirilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddətdə həmin dövlət orqanında analoji vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifəyə təyin edilirlər.

Namizəd müsahibənin nəticəsindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. İnzibati qaydada mərkəzi icra hakimiyyəti orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apelyasiya şuralarına, məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasına, Apelyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən şikayətlər Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına verilə bilər.

Dövlət idarəçiliyinin səmərəliliyin artırılması və daim inkişaf etdirilməsi üçün islahatların davamlı olması zəruri olan bir prosesdir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  23 noyabr 2018-ci ildə sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya hazırlanıb. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiyanın icrası 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.

Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır. Qiymətləndirmə və nəzarət sistemində də müvafiq dəyişikliklər edilir, ictimai rəy, şəffaflıq, çeviklik, xidmətlərin göstərilməsində keyfiyyət, fasiləsizlik ön plana keçir.

Dövlət idarəçiliyinin əsasını insanlar - səriştəli və peşəkar idarəetmə işçilərindən ibarət dövlət qulluqçuları təşkil edir. Buna görə də dövlət idarəetməsinin mərkəzi problemi idarəetmə kadrlarından ibarət olur ki, onların da səriştəliliyi, bacarığı və peşəkarlığı dövlət idarəetməsinin səmərəliliyinə təsir göstərir. Azərbaycanda demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlıdır. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, ləyaqətli, açıq, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərin dövlət qulluğuna cəlb olunması tələb olunur.

Beləliklə, dövlət qulluğu institutunun formalaşdırılmasının başlıca məqsədi dövlətin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə nail olmaqdan, bazar iqtisadiyyatının formalaşdırılması prosesinə və iqtisadi tərəqqiyə yardım etməkdən, göstərilən dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən, dövlət resurslarından istifadəni rasionallaşdırmaqdan ibarətdir. Azərbaycanda dövlət qulluğu institutu ölkənin tarixi, mədəni, milli və digər xüsusiyyətlərini və bu sahədə dünya təcrübəsini nəzərə almaqla vahid bir sistem kimi formalaşdırılır.

Dövlət qulluğu institutunun səmərəli fəaliyyətini həyata keçirilməsi, dövlət orqanlarında xidmətlərin vətəndaşlara şəffaf, keyfiyyətli, rahat və effektiv şəkildə göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün daima yeniliklər tətbiq etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Cəmiyyət daim inkişaf edir və bu inkişafla ayaqlaşmaq üçün daim islahatlar aparmaq lazımdır. İslahatların həyata keçirilməsi heç bir zaman dayanmır, əksinə ardıcıl olaraq həyata keçirilir. Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır. Yeni iqtisadi şəraitdə ölkənin şəhər və rayonlarında iqtisadi mühitin, sosial həyatın tərəqqisi ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, başqa sözlə şəhər və rayonların sosial-iqtisadi siması dəyişilir. Regionlarda sənaye və kənd təsərrüfatı müəssisələri istifadəyə verilir, rəqabətqabiliyyətli əmtəə və xidmətlər istehsal olunur. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icra edilməsi yönündə iqtisadi rayonların infrastrukturları restrukturizasiya edilib, kənd və qəsəbələrdə təhsil, səhiyyə, mədəniyyət, idman və başqa sosialyönümlü obyektlərin tikilməsi və əsaslı təmir edilməsi yerinə yetirilib, əhalinin əksəriyyəti işlə təmin olunub. Qeyd edilən hər bir nüans regionlarda davamlı və dinamik inkişafı təmin etməklə yanaşı, eyni zamanda əhalinin həyat səviyyəsinin keyfiyyət baxımdan artırılmasına şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə və aylarda   fərman, sərəncam, çıxış və bəyanatlarında, daxili və xarici şəraiti nəzərə almaqla Respublikanın daxil olduğu yeni dövrün xüsusiyyətləri və bu dövrdə sosial-iqtisadi inkişaf siya­səti, strategiyası və regional inkişafın idarə olunmasında müasir istiqamətlərin  ən mühüm cəhətləri bu və ya digər formada mü­əyyənləşdirilib. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması ölkə iqtisadiyyatının, eləcə də regional inkişafda xüsusi əhəmiyyətə malik olmaqla, makroiqtisadi sabitliyə nail olunmasında, regionlarda biznes və investisiya mühitinin yaxşılaşdırılmasında, yeni sahibkarlıq subyektlərinin və iş yerlərinin formalaşmasında, genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasında, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasında və bütün bunların nəticəsində əhalinin rifah halının yüksəldilməsində və yoxsulluq səviyyəsinin aşağı salınmasında xüsusi rol oynayıb.                         

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib