ELM VƏ TƏHSİL
“Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da AMEA-nın Fəlsəfə İnstitutunda beynəlxalq elmi əməkdaşlıq sahəsində müştərək tədqiqat layihəsi çərçivəsində “Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Bolqarıstan-Azərbaycan elmi əlaqələrindən, bu sahədə görülən işlərdən danışıb. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan və Bolqarıstan alimlərinin birgə çalışmalarının uğurlu addım olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi, sosial, siyasi, eləcə də elmi sahələrdə əlaqələr qurulmasına hər zaman böyük diqqət göstərilib, ikitərəfli əməkdaşlığa dair çoxsaylı sənədlər imzalanıb. Bu ilin oktyabr ayında Bolqarıstan Elmlər Akademiyasının (BEA) 150 illik yubileyi keçiriləcək. Yubiley tədbirində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Alim, həmçinin AMEA-nın Ədəbiyyat İnstitutu ilə BEA arasında əməkdaşlıqdan söhbət açıb, iki elmi müəssisənin alim və mütəxəssislərinin birgə layihələrdə iştirak etdiklərini bildirib.
AMEA-nın vitse-prezidenti Bolqarıstanda yaşayan 1 milyona yaxın türkün ölkənin elmi-ictimai həyatında fəal iştirak etdiyini, onlar arasında, həmçinin alimlər olduğunu nəzərə çatdırıb.
Hər bir müstəqil ölkədə antropoloji tədqiqat mərkəzləri yaradılmasının zəruri olduğunu deyən alim Bolqarıstanın Antropologiya İnstitutu ilə birgə tədqiqatlar aparılmasının vacibliyini önə çəkib. O, Bolqarıstanda fəaliyyət göstərən Antropologiya muzeyinin təcrübəsinin öyrənilməsinin məqsədəuyğun olduğunu qeyd edib.
İsa Həbibbəyli BEA-nın İctimaiyyətşünaslıq İnstitutu ilə AMEA-nın Fəlsəfə İnstitutu arasında əməkdaşlığın təşkili və möhkəmlənməsi, elmi layihələrin həyata keçirilməsi, eləcə də iki ölkə alimlərinin Qara dəniz ətrafında aparılan arxeoloji qazıntılarda birgə iştirakına dair təkliflər irəli sürüb.
Konfransda Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin “Gələcəkdə dünya nizamı və mədəniyyətlərin qarşılıqlı fəaliyyəti”, fəlsəfə üzrə elmlər doktoru, professor Zümrüd Quluzadənin “Postsovet elmi məkanında fəlsəfənin inkişaf qanunauyğunluqları və fəlsəfə tarixi elminin problemləri”, Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitutunun direktor müavini Albena Nakovanın “Multi-etnik cəmiyyətlərdə kütləvi miqrasiya fonunda fərqlilik problemi”, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın “Müasirliyin qlobal çağırışları və milli maraqlar”, Bolqarıstan Elmlər Akademiyasının Cəmiyyət və Elmin Tədqiqi İnstitutunun Sosial nəzəriyyələr, strategiyalar və proqnozlar şöbəsinin müdiri Boqdana Todorovanın “Bolqarıstanda fəlsəfə kontekstində müasir problemlər”, fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalovun “Dialoq fəlsəfəsi müasir çağırışların prioriteti kimi” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə tədbirin Azərbaycan və Bolqarıstan arasında elmi-mədəni əlaqələrin daha da genişləndirilməsi, elm sahəsində birgə tədqiqatlar aparılması və mühüm elmi nailiyyətlər əldə olunması, eləcə də kadr və təcrübə mübadiləsi istiqamətində geniş imkanlar açacağı qeyd olunub. Çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-Bolqarıstan elmi əlaqələrinin gələcəkdə də davam etdirilməsinə dair təkliflər irəli sürülüb.