ELM VƏ TƏHSİL
Müasir dünyada qədim İpək Yolu təcrübəsi aktuallıq kəsb edir
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktorunun müavini, akademik Şahin Mustafayev Almatı şəhərində “İpək Yolu üzərində Qazaxıstanda və Orta Asiyada dinlər” mövzusunda beynəlxalq elmi konfransda ölkəmizi təmsil edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə azərbaycanlı alim “Monqol dövründə Azərbaycanda və Cənubi Qafqazda dini vəziyyətin bəzi cəhətləri” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın sonunda yekun qətnamə qəbul olunub. Qeyd olunub ki, müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsinə ehtiyacın artdığı bir dövrdə bəşəriyyətin mədəni mirasının qorunması və öyrənilməsi, xüsusilə xalqlar arasında mədəni körpülər yaradan qədim İpək Yolu təcrübəsinin diqqətdə saxlanılması aktuallıq kəsb edir.
Konfrans UNESCO-nun Orta Asiya ölkələri üzrə klaster bürosunun və Qazaxıstanın “Mədəniyyətlərin yaxınlaşması” Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşdırılıb.