CƏMİYYƏT


“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda beynəlxalq konfransın iştirakçıları bəyanat qəbul ediblər

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirilən onlayn beynəlxalq konfransın iştirakçıları birgə bəyanat qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Bəşəriyyətin firavan gələcəyi naminə dünyada sülhün, əmin-amanlığın, birgəyaşayışın, sivilizasiyalar və dinlərarası harmoniyanın bərqərar olması amallarına sadiqliklərini ifadə edərək;

Bu onlayn konfransın ünvanına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına görə dərin təşəkkürlərini bildirərək;

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osayminin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bu tədbirin təşkili ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirərək;

Beynəlxalq hüquq normaları və prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayaraq;

Dünyanın bütün regionlarında hərbi təcavüzlərin, zorakılıq hallarının və mövcud münaqişələrin aradan qaldırılmasına yönəlmiş beynəlxalq tədbirləri dəstəkləyərək, bu baxımdan, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində səylərinə öz həmrəyliyini ifadə edərək;

Müasir dövrdə terrorizmin, dini və etnik zəmində dözümsüzlüyün, ayrı-seçkiliyin, ksenofobiyanın və islamofobiyanın artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin öz məqsədləri üçün istifadə olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də, dini müqəddəsliklərin həqarət olunması kimi vandalizm hallarının dünyada sülhə, qlobal dialoqa və bəşəri həmrəyliyə təhdid olması ilə bağlı dərin narahatlıqlarını ifadə edərək;

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdiklərini, şəfqət və mərhəmətin, humaniz ideyalarının təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdiklərini xüsusi vurğulayaraq;

Tərəqqiyə, sabitliyə və təhlükəsizliyə maneə olan nifrət çağırışlarına, etnik və dini zəmində həqarətə zəmin yaradan təhrikedici təbliğatlara yol verilməməsi üçün beynəlxalq səviyyədə səylərin gücləndirilməsinə, dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə birgə əməkdaşlığına olan zərurəti bildirərək;

Terrorizmi, onun bütün təzahürlərini və dinc insanlara qarşı hər-hansı zorakılıq hallarını qətiyyətlə pisləyərək;

Dövlətləri, Birləşmiş Millətlər Təşkilatını, İslam Əməkdaşlıq Təşkilatı və ona üzv ölkələri, digər beynəlxalq, regional, ictimai təşkilatları və dini liderləri

- terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə;

- din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə;

- dinlərin müqəddəs dəyərlərinin həqarət olunmasını, xüsusilə də söz azadlığı və demokratiya pərdəsi altımda İslam Peyğəmbərinin karikaturalarının nəşr edilməsi hallarını qınamağa;

- dini dəyərləri rəhbər tutmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına;

- media, rabitə və informasiya texnologiyaları vasitəsilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, xüsusən gənclərin bu sahədə maarifləndirilməsini təşviq etməyə;

- Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə;

- Yaxın Şərqdə davam edən münaqişələrin, Fələstin və Kəşmir problemlərinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə, Suriya, Liviya, Əfqanıstan və digər bölgələrdə baş verən vətəndaş qarşıdurmalarının aradan qaldırılmasına və sülhün bərqərar olmasına dəstək verməyə;

- Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək ola biləcək hər hansı siyasi, mənəvi, iqtisadi, hərbi yardımlar göstərməməyə, o cümlədən öz ərazilərindən həmin məqsədlə təyinatlı daşınmalara və muzdluların hərəkətinə yol verməməyə;

- Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq səviyyədə təşviqinə, dünyanın bir çox bölgələrində baş verən konfliktlərin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və sülh yolu ilə həllinə töhfə verməyə çağırırlar.

Şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri;

Mərğub Səlim Bat – İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Y.Ə.Əl-Useyminin xüsusi nümayəndəsi;

Ali Erbaş – Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı;

Əbuzər İbrahimi Torkaman – İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri;

Əli Muhyiddin Əl-Qaradaği – Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi;

Mübariz Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;

Əl-Seyyid Mahmud Əl-Şərif – Misir Ərəb Respublikası Parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri;

Salim Əl-Malik – İslam Əməkdaşlığı Təşkilatı ISESCO-nun Baş direktoru;

Məhəmməd Qasem Həlimi – Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri;

Halit Eren – İslam Əməkdaşlığı Təşkilatı IRCICA Baş direktoru;

Usmonxon Alimov – Özbəkistan Müsəlmanları İdarəsinin sədri;

Şeyx Məhəmməd Mənsur Nias – Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri;

Əhməd Təmim – Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri;

Sahibzadə Sultan Əhməd Əli – Pakistan Müsəlman İnstitutunun direktoru;

Yəhya Pallaviçini – İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı;

Yusuf Abdulrahman Nzibo – Keniya Fatima bint Xalfan fondunun təsisçi sədri, Nayrobi məscidinin sədri;

Mustafa Alış Hacı – Bolqarıstanın müftisi;

Rifat Feyzic – Monteneqronun müftisi;

Zoltán Róbert Bolek – Macarıstan Müsəlman İcmasının sədri;

Əziz Əl-Kobaiti İdrisi – Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti;

Altay Abibullayev – Nursultan Nazarbayev adına Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin idarə heyətinin sədri;

Xamis Səid Mataka – Tanzaniya Milli Müsəlman şurasının sədri;

Maksatbek Toktomuşev – Qırğızıstan Müsəlmanları İdarəsinin sədri;

Seymur Nəsirov – Misirdəki Azərbaycan Diaspora Təşkilatları birliyinin sədri.

Bakı, 10 noyabr, 2020-ci il”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.