ELM VƏ TƏHSİL
Müasir elmi gənclik Ulu Öndərin ideyalarından bəhrələnir
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və AMEA-nın professorlarının koordinasiya şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və elmi gənclik” mövzusunda tədbir keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov “Heydər Əliyev və müasir elmi gənclik” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Lider tərəfindən intellektual nəslin formalaşması üçün ardıcıl addımlar atıldığını, Azərbaycan gənclərinin dünyanın bir çox ölkəsində təhsil almağa göndərildiyini söyləyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu keçirilib, həmçinin ölkəmizdə Azərbaycan Gəncləri Günü təsis edilib.
Famin Salmanov, həmçinin görkəmli dövlət xadimi Heydər Əliyevin gənclərin elmi-ictimai fəaliyyətinin genişləndirilməsi, stimullaşdırılması, onların milli ruhda tərbiyələndirilməsi, ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində mühüm işlər gördüyünü söyləyib. Qeyd edib ki, bu gün şura öz fəaliyyətində Ümummilli Liderin həmin ideyalarından bəhrələnir. Hazırda akademiyada gənclərin cəmiyyətdə rolunun önə çəkilməsi istiqamətində addımlar atılır, müsabiqələr və mükafatlandırma tədbirləri həyata keçirilir.
Famin Salmanov Ulu Öndərin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib, ölkəmizdə bu günə kimi gənclərlə bağlı iki Dövlət Proqramının başa çatdığını, hazırda isə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icra olunduğunu, eyni zamanda, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edildiyini xatırladıb. Bundan əlavə, Azərbaycan Gənclər Fondunun yaradıldığını, Gənclər üçün Prezident Mükafatının təsis edildiyini söyləyib.
Tədbirdə, həmçinin AMEA-nın professorları - Rövşən Bəndəliyev, İlqar Məmmədov, Aynur Sabitova, Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və digərləri çıxış edərək Ulu Öndərin gənclər siyasətindən, bu gün ölkəmizdə elmə və təhsilə göstərilən dövlət qayğısından danışıblar.