CƏMİYYƏT


Müasir ət satışı məntəqəsi fəaliyyətə başlayır

Bakı, 27 dekabr, AZƏRTAC

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. Bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur. Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə prosesə sahibkarları da cəlb etməklə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinin təmin edilməsini davam etdirəcək. Agentlik ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.