Müasir gənclər cəmiyyətin həyatında çox önəmli yer tutur
AzerTAg.az
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova tədbirin əhəmiyyətindən danışaraq, bu əlamətdar tarixi günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gənclərin təhsilinə verilən önəmin böyük nümunəsi idi”.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov gəncləri təbrik edərək bildirib ki, müasir gənclər cəmiyyətin həyatında çox önəmli yer tutur: “90-cı illərdən etibarən Ulu Öndər Heydər Əliyev daima perspektivli gənclərə diqqət, qayğı ilə yanaşıb və onları müstəqil Azərbaycanın qurucusu kimi görüb”.
Gənclərin yetişməsində, inkişafında kitabxanaların rolunu da xüsusi olaraq vurğulayan direktor, hazırda gənclərin oxumağa böyük marağının olduğunu deyib: “Savadlı gənclik xalqın gələcəyidir. Məhz bugünkü gənclərin sayəsində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi”.
Tədbirin davamında bədii qiraət nümunələri səsləndirilib və gənc yazarlara Milli Kitabxana tərəfindən kitablar hədiyyə edilib.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı açılan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı ənənəvi kitab sərgisi və eyniadlı virtual sərgi ilə tanış olublar. Virtual sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, Azərbaycan gəncliyi, gənclər siyasəti, müasir gəncliyin problemləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Qeyd edək ki, virtual sərgi ilə bu linkindən tanış olmaq olar.





Xəbərin mətnində orfoqrafik səhv var