ELM VƏ TƏHSİL
“Müasir geoinformasiya texnologiyalarının tətbiqi və peyk təsvirlərinin analizi” - seminar
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Mühəndislik Akademiyası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi ilə birlikdə “Müasir geoinformasiya texnologiyalarının tətbiqi və peyk təsvirlərinin analizi” mövzusunda seminar keçirilib. Seminar Milli Aviasiya Akademiyasının yaradılmasının 30 illiyinə həsr olunub.
Bu barədə AZƏRTAC-a Milli Aviasiya Akademiyasından məlumat verilib. Bildirilib ki, seminarı giriş sözü ilə Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru akademik Natiq Cavadov açıb və agentlik haqqında iştirakçıları məlumatlandırıb.
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov müzakirə olunan mövzunun aktuallığından danışıb. O vurğulayıb ki, geoinformasiya sistemləri (GİS) informasiya texnologiyalarının ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. GİS texnologiyaları kartoqrafik və tematik informasiyanı uzlaşdırılmış vahid strukturda inteqrasiya etməyə və geniş məsələlər sinfi üçün çoxsəviyyəli, əyani həllərin operativ işlənməsini təmin etməyə imkan verir. Dövriyyədə olan məlumatların ümumi tərkibində məkanla bağlı məlumatlar üstünlük təşkil edir, həm də onların həcmi və generasiya sürəti hər il bir neçə dəfə artır, buna görə ixtiyari geoverilənlərin emalı üçün Big data əsasında tamamilə yeni modellər və metodlar tələb edilir.
Qeyd edək ki, dünyada coğrafi informasiya sistemləri, məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə olan tələbat durmadan artır. Geoinformasiya texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məsələsi daha da aktuallaşır. Bu baxımdan müasir geoinformasiya texnologiyalarından bacarıqla istifadə edə bilən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması vacib məsələdir.
Bu istiqamətdə son onillikdə xeyli elmi-praktiki tədqiqatlar aparılıb və onların analizi, ümumiləşdirilməsi və məhdudiyyətlərinin aşkarlanması və perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi aktual məsələdir və alim və mütəxəssislərin həll edə biləcəkləri araşdırmalardır.
Daha sonra müzakirəyə çıxarılan mövzu haqqında professor Tofiq Süleymanov çıxış edib. Yekunda Azərbaycan Mühəndislik Akademiyası ilə Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi arasında elm, təhsil və texnologiya sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb.