İQTİSADİYYAT
Müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Müasir innovativ həllərin tətbiq sahələri müzakirə edilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də Mərkəzi Bankda IBM şirkətinin Rusiya Federasiyası və MDB ölkələri üzrə baş direktoru Andrey Filatovun rəhbərlik etdiyi nümayəndə heyəti və kommersiya banklarının əməkdaşlarının iştirakı ilə “İnnovasiyalar günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Bank əməliyyatları üzrə inteqrasiya həlləri”, “Blockchain və müasir maliyyə texnologiyaları (Fintech)”, “Kvant hesablamaları”, “Kiber təhlükəsizlik” və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar zamanı müasir innovativ həllərin tətbiq sahələri, informasiya təhlükəsizliyi üzrə risklər və onların minimallaşdırılması istiqamətində preventiv kibertəhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılıb.
Ödəniş və informasiya sistemlərinin daim təkmilləşən biznes tələblərə, beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları (İKT) istiqamətində baş verən inkişaf trendlərinə uyğunlaşması, bu sahədə innovativ həllərin implementasiyası Mərkəzi Bankın İKT üzrə başlıca hədəflərindəndir. Bu hədəflərin realizasiyası məqsədilə Mərkəzi Bank daim İKT çağırışlarını izləyir, qabaqcıl beynəlxalq təcrübənin Azərbaycan bank sektoruna çatdırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Mərkəzi Bank maliyyə texnologiyaları üzrə savadlılığın yüksəldilməsi və beynəlxalq aləmdə baş verən yeniliklərin bank sektoruna çatdırılması istiqamətində tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini planlaşdırır.