İQTİSADİYYAT
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim təşkil olunub
Bakı, 8 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, ixracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan təlimdə sahibkarların müasir dövrdə menecment problemləri, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyət istiqamətləri, idarəetmə sisteminin hazırlanması, biznes subyektlərinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılıb.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, qurum son illər sistemli islahatların nəticəsi kimi qeyri-neft sektorunun inkişafına təsir edəcək alətlərdən istifadə etməklə öz təlim və maarifləndirmə işlərini həyata keçirir. Biznes subyektləri arasında korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması nəticəsində ölkəmizin milli istehsala və xarici ticarətə yanaşması daha da müsbətə doğru irəliləyəcək.
Biznes təlimçi Fəxri Ağayev bildirib ki, idarəçilik özəl sektorun əsas ehtiyac duyduğu məsələlərdən biridir. Ticarət sektorunda işləyən sahibkarlıq subyektlərinin idarəetmə bacarıqlarının daha da artırılması istiqamətində bugünkü təlim uğurlu keçdi.
Təlimdə sahibkarlıq subyektləri ilə yanaşı, bir sıra dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənc könüllülər iştirak edib.