Müasir izolyasiyalı və mühafizəli kabel xətti ölkəmizdə ilk dəfə olaraq Suqovuşanda tətbiq edilib VİDEO
AzerTAg.az
Suqovuşan, 25 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Böyük Qayıdışa aparan yolda qarşıda duran mühüm vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulmasıdır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Suqovuşan qəsəbəsində də bu istiqamətdə mühüm işlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə Suqovuşana 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xətti çəkilib. Qəsəbə elektrik enerjisi ilə təmin olunub. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında təmir-bərpa işləri aparılıb.
“Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. Belə ki, izolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası 3-6 metrdir və bu, mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır. Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir. Həmçinin şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır.
Yeni kabel xətlərinin tətbiqi yüksək gərginlik xətlərinin bilavasitə altında, yaxud yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, həmçinin insanların fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qalxır. İzolyasiya olunmuş yeni tip kabel xətlərinin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlılıq, etibarlılıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir. Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə, o cümlədən yeraltı, sualtı və hava ilə çəkilişinin mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kilovoltluq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı fəaliyyətini də tam təmin edəcəkdir.




Xəbərin mətnində orfoqrafik səhv var