SİYASƏT


Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetinə məxsusi müsahibəsi

- Ramiz müəllim, siz vaxtaşırı dərc olunan məqalə və kitablarınızda müasir dövrün aktual proseslərini təhlil edir, yaşanılan proseslərə iqtidarın münasibətini nümayiş etdirirsiniz. Sizin əsərləriniz cəmiyyətdə geniş əks-səda doğurur. Bilmək istərdik, hazırda hansı mövzu üzərində iş gedir və yaxın gələcəkdə nə gözləyək?

- Azərbaycan dövlətçiliyi minilliklər boyu təşəkkül, çiçəklənmə və tənəzzül dövrlərini yaşamışdır. Bu gün bir hissəsi Azərbaycan Respublikasının tərkibinə daxil olan ərazi son iki yüz ildə iri dövlətlərin təcavüz obyekti olmuşdur. Hazırda isə biz sayı çox olmayan müstəqil, suveren dövlətçiliyi dünya birliyi tərəfindən tanınmış xalqlardan biriyik.

Lakin tarixdə elə nümunələr də vardır ki, milli dövlətin dəyərini heç də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə nəticə etibarilə həmin xalqların yox olmasına və ya ümumdünya proseslərində onların əhəmiyyətinin heçə enməsinə gətirib çıxarır. Digər tərəfdən, heç də hər bir dövlət öz müqəddəratının sahibi deyildir, buna görə də belə dövlətlər dünya geosiyasətinin adi obyektinə, “oyuncağa” çevrilirlər. Bu vəziyyətin əsas səbəblərindən biri yaranan maneələrdən bacarıqla yan keçərək öz xalqını arxasınca apara biləcək əsl millət liderinin olmamasıdır. Millətin öz strateji inkişaf proqramı, milli ideyası - dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır.

Azərbaycan xalqının milli ideyası mövzusu son üç ildə mənim tədqiqatımın əsas obyektidir və gələcək kitabın əsas trendi olacaqdır.

Azərbaycan milli ideyası mürəkkəb təşəkkül yolu keçmişdir, öz spesifikası vardır və məzmunu, universallığı, humanistliyi, çevikliyi və təbiiliyi ilə fərqlənir. Bu, bəlağətli sözlər deyil, reallıqdır. Mən Azərbaycan xalqının etnogenezinə mövcud baxışları, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlində milli ideyanın təşəkkül dövrünü, Azərbaycanın SSRİ tərkibində olduğu vaxtda müəyyən transformasiya mərhələsini və müstəqilliyin bərpa edildiyi, müstəqil dövlətçiliyin qurulduğu və milli mənlik şüurunun daha da inkişaf etdiyi mürəkkəb dövrü tədqiq etməyə başlayanda bu reallıqlarla qarşılaşdım.

- Azərbaycanlıların milli ideyasının formalaşmasını dövrlərə bölmək olarmı? Axı hər bir proses müəyyən dövrlərə bölünməlidir.

- Şübhəsiz. Mükəmməl konstruksiyanın formalaşması üçün tarixə əsaslanaraq Azərbaycan xalqının milli-ideoloji konseptinin təşəkkülü və transformasiyası prosesini dövrlərə bölmək lazım idi. Buna görə də, mən tarixi prosesi empirik təhlil edəndən sonra aşağıdakı mərhələləri ayırmışam.

Mənim fikrimcə, milli ideyanın təşəkkülünün birinci mərhələsi 1828-1875-ci illəri əhatə edir. Rusiya-İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların tədricən həmrəy olması prosesi başlanmışdır. O dövrdə Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsi hələ fars və ərəb ruhanilərinin təsiri altında idi. Bununla bərabər, məhz həmin dövrdə milli realist ədəbi məktəb formalaşmağa başlayır. Bu məktəbin səpdiyi milli oyanış toxumları sonrakı onilliklərdə cücərmişdir.

Özlərinin ensiklopedik bilikləri ilə fərqlənən Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundzadə və başqaları yaranmaqda olan yeni ziyalıların ən parlaq nümayəndələri idi. Mütərəqqi rus mədəniyyətinin əhatə dairəsinə cəlb edilmiş azsaylı Azərbaycan ziyalılarının bu ilk nümayəndələri həmin mədəniyyət vasitəsilə XIX əsr Avropa mədəniyyəti ilə tanış olmuşlar. Şimali Azərbaycan əhalisinin etnik baxımdan oyanışı bu görkəmli mütəfəkkirlərin fəlsəfi, tarixi və ədəbi əsərlərindən qaynaqlanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil olanda yerli zadəganlar öz titullarından məhrum edilmiş və Rusiyanın tərkibində analoji titullar almamış, bunun əvəzinə “müsəlman ruhaniləri” deyilən yeni zümrə yaranmışdı. Həmin dövrdə Azərbaycan cəmiyyətində identifikasiyanın əsas meyarı da bu idi.

İkinci mərhələnin başlanğıcı 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən Bakıda Rusiya müsəlmanları arasında Azərbaycan dilində ilk qəzetin - “Əkinçi”nin təsis edilməsi ilə bağlıdır və XX əsrin əvvəlinə qədər olan dövrü əhatə edir. Bu ilk Azərbaycan qəzeti milli oyanış tarixində müstəsna rol oynamışdır. Azərbaycan teatrının banilərindən biri və ədəbiyyatda realizm tərəfdarı olan Həsən bəy Zərdabi bu qəzetin səhifələrində dərc olunan məqalələrində dini-mistik poeziyaya qarşı çıxış edirdi. Qəzet öz redaktorunun dili ilə həmvətənləri milli məhdudiyyətə qarşı mübarizə aparmağa və o dövrün elmi nailiyyətləri ilə tanış olmağa çağırırdı.

Maarifçilik ideyalarının daşıyıcısı kimi “Əkinçi” qəzeti sayca çox olmayan Azərbaycan ziyalılarında milli mənlik şüurunun formalaşmasının təməlini qoymaqla tarixi rol oynamışdır. Seyid və Camal Ünsizadə qardaşlarının yaratdığı “Ziya” və “Kəşkül” nəşrləri isə “Əkinçi”nin ideyalarını davam etdirərək oxucularını Avropa elm, təhsil və mədəniyyətinin nailiyyətləri ilə tanış edirdi. Bu nəşrlər öz dövrünün ictimai fikir tarixində nəzərəçarpacaq iz qoymasalar da, hər halda XIX əsrin son rübündə Azərbaycan ziyalılarının yaradıcı fəallığının başlanmasının göstəricisi idi. Şübhəsiz, bu nəşrlər mətbuat işinə maraq oyatmış və ən başlıcası – həmin nəşrlərdə dərc edilən məqalələrin tənqidi baxımdan dərk edilməsi günün tələblərinə cavab verən yeni nəşrlər yaranmasına güclü təkan vermişdir.

Azərbaycan ziyalılarının XIX əsrin axırlarında formalaşmış ikinci nəsli artıq türk mədəniyyəti ənənələrinə müraciət etməyə başlamışdı. M.Şahtaxtinskinin 1891-ci ildə “Kəşkül” qəzetində dərc edilmiş məqaləsində “Azərbaycan türkləri” terminindən istifadə etmək təklif olunurdu. Beləliklə, türklərin milli mənlik şüurunu Azərbaycan identikliyi ilə əlaqələndirməyə cəhd edilmişdi.

Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi “Kaspi” qəzeti rus dilində çıxdığına baxmayaraq, xalqın əsas tribunasına çevrilmişdi.

Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və digər şəxsiyyətlər ikinci dövr maarifçilər nəslinin görkəmli nümayəndələri idi.

Üçüncü mərhələ Rusiyada 1905-1907-ci illər inqilabından başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. Bu illərin siyasi hadisələri Azərbaycan xalqının həyatında çox böyük rol oynamış, onun ictimai-siyasi şüurunun inkişafına ciddi təsir göstərmişdir. Yeni yüzilliyin birinci onilliyində mühüm ictimai irəliləyişlər nəzərə çarpır, xalqın oyanışı, milli mənlik şüurunun sonrakı formalaşması və Avropa sivilizasiyası dəyərləri ilə tanışlıq prosesinə fəal cəlb olunan ilk siyasi partiyalar yaranır, yeni jurnal və qəzetlər təsis edilir. “Həyat”, “İrşad” qəzetlərinin, “Füyuzat” jurnalının nəşri milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verir.

Türkçülük ideyaları milli burjuaziyanın, yaradıcı və siyasi ziyalıların şüuruna hakim kəsilməyə başlayır, bu dövrdə yaradılmış siyasi təşkilatların əsas platformasına çevrilir. Bu ideyalar milli ideal xarakteri kəsb etməklə milli hərəkata güclü təkan verir.

Bu dövrün səciyyəvi cəhəti ondan ibarətdir ki, Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçir. Tam azadlıq, milli və dövlət müstəqilliyi uğrunda mübarizə 1918-ci ilə qədər hələ siyasi təşkilatların gündəlik işinə çevrilməmişdi.

Dünya tarixində bu dövr dünya geosiyasətində tektonik dəyişikliklər, Rusiya imperiyasının dağılması və müstəmləkə xalqlarının müstəqil dövlət qurması üçün şərait yaranması ilə əlamətdardır. Məhz həmin illərdə ictimai fikrin avanqardı rolunda çıxış edən yeni ictimai-siyasi xadimlər təbəqəsi yaranır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və bır sıra başqaları Azərbaycan milli ideyasının daşıyıcıları olmaqla milli ideallar uğrunda mübarizəni demokratik dəyərlər və prinsiplərlə birləşdirirdilər.

Azərbaycan milli ideyasının formalaşması tarixinin dördüncü mərhələsi 1918-ci il mayın axırlarında Tiflisdə, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul edildiyi vaxtdan 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir.

Beləliklə, 1918-ci il 28 may tarixi Azərbaycan milli ideyasının həyata keçməsinin ilk rəmzi olmuşdur. Xalqın ən yaxşı övladları bu ideyanın təntənəsi uğrunda mübarizə aparmışlar. Gənc dövlətin baniləri Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması uğrunda gərgin mübarizə aparmalı olmuşlar. Lakin böyük dövlətlərin maraqları, siyasi konyunktur bu məqsədə nail olmaq üçün ciddi maneəyə çevrilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra Müvəqqəti Milli Şura ölkənin müvəqqəti paytaxtına – Gəncə şəhərinə köçmüş və yalnız sentyabrın ortalarında Bakı “Sentrokaspi diktaturası” qoşunlarından azad ediləndən sonra hökumət fəal dövlət quruculuğuna və ölkənin daxili həyatını tənzimləməyə başlaya bilmişdi. Lakin vaxt əldən verilmişdi. Təcili həll edilməsi tələb olunan çoxlu problemlər yığılıb qalmışdı, ixtisaslı milli kadrların olmaması isə ölkənin səmərəli idarə edilməsini xeyli ləngidirdi. Üstəlik, hökumətdə mövcud qarışıqlıq, rəhbər vəzifələrin proteksiya yolu ilə - “öz adamları” ilə və ya müxtəlif xarici siyasi qüvvələrin mənafelərinə xidmət edən etibarsız kadrlarla komplektləşdirilməsi, xarici dövlətlərin ölkənin daxili işlərinə qarışması, dərin sosial-iqtisadi böhran və sair - bütün bunlar, əlbəttə, dövlət hakimiyyətinin möhkəmlənməsi işinə əsla xidmət etmirdi.

Nəticədə 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Sovet Rusiyasının təzyiqi altında hakimiyyəti Azərbaycan bolşeviklərinə təhvil verməyə məcbur oldu, onlar isə Azərbaycanda sovet hakimiyyəti elan etməklə tamamilə bolşevik Rusiyasının tabeliyinə keçdilər.

Beləliklə, əsas məqsədi müstəqil demokratik dövlət yaratmaq olan Azərbaycan milli ideyasını reallaşdırmağa yönəlmiş ilk təcrübə uğursuz oldu.

Millətin siyasi və sosiomədəni baxımdan dəyişməsi ilə əlaqədar bütün təşəbbüslərin ideoloji əsaslarının yaranmasını yuxarıda göstərilən mərhələlərin əsas nailiyyətləri hesab etmək olar. Özünüidentikasiyanın kollektiv formaları – dini, etnik və sosiomədəni (sivil) formaları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmişdir. Beləliklə, “millət”, “milli ləyaqət”, “dövlət” kimi əsas anlayışların formalaşması və millətin gələcəyi barədə ayrı-ayrı baxışların müzakirə edilməsi üçün imkan yaranmışdı.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu dövlətin demokratik xarakterini, Azərbaycan cəmiyyətinin siyasi təşkilini dəyişmiş və Azərbaycan millət-dövlət modelinin beynəlxalq miqyasda tanınmasına mənfi təsir göstərmişdir.

 

Apreldən sonrakı dövr

 1920-ci ildən 1988-ci ilin əvvəlinə qədər olan dövrdə kommunist ideologiyasının səyləri sayəsində Azərbaycan xalqı sovet xalqının bir hissəsi kimi təmsil olunmuş, rus dili millətlərarası ünsiyyət dili elan edilmiş, milli maraqlar unudulmuşdur.

Sovet hakimiyyətinin ilk illərindən başlamış repressiyalar milli təfəkkürün bütün əlamətlərini məhv etmiş və Azərbaycan xalqının milli özünüidentifikasiyası prosesini ləngitmişdir. Sovet dövrü obyektiv əsasları olmayan və süni şəkildə yaradılmış cəmiyyətin yeni identifikasiyasının bərqərar olması ilə fərqlənirdi. Milli siyasi təşkilatlar yaratmaq hüququnun olmaması, eləcə də totalitar, inzibati-amirlik idarəçilik sisteminin yaradılması nəticəsində sovet dövrünün tələblərinə uyğunlaşdırılmış, transformasiyaya məruz qalmış milli təfəkkür modeli Azərbaycan gerçəkliyinə tətbiq edilirdi.

Proletar şüuru müddəasını irəli sürən kommunist ideologiyası mahiyyət etibarilə milli mənlik şüurunun təkamülünə mənfi təsir göstərirdi, bu ideologiyada milli təfəkkürə yer yox idi. Lakin hər halda, Kommunist Partiyasının alternativsiz hakimiyyəti şəraitində milli təfəkkürün və milli iqtisadiyyatın inkişafı, mənəvi dirçəliş, əhalinin rifahının və milli mənlik şüurunun artması üçün baza olan təhsilin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş siyasəti reallaşdıra biləcək bir dövlət xadiminin siyasi səhnəyə gəlməsi tarixi zərurət idi.

1969-cu ildə Azərbaycan SSR-in rəhbəri seçilmiş Heydər Əliyev məhz belə bir dövlət xadimi olduğunu göstərdi: o, millətin inkişafı problemlərini və milli mənafeləri həyatının mənası hesab edirdi. Keçən əsrin 70-80-ci illərində Azərbaycanda güclü iqtisadi baza yaradılması onun aqrar-sənaye respublikası statusu əldə etməsinə imkan vermişdi. Əsas güvənc yeri isə respublikanın idarə olunmasında tamdəyərli iştirak etməyə başlamış milli kadrlar idi. Gələcəyə istiqamətlənmiş kadr potensialının formalaşması üçün tədbirlər görülürdü. Yaradıcı ziyalılara, elm adamlarına qayğıkeş münasibət millətin yüksək elmi-texniki və mədəni potensialını əks etdirən təşəbbüslərin yaranmasına və həyata keçirilməsinə kömək edirdi.

Əlbəttə, həmin dövrdə Azərbaycan cəmiyyətində ictimai diskussiyaların milli ideyanın formalaşmasının davam etdirilməsi istiqamətində aparıldığını demək düzgün olmazdı. Lakin fakt budur ki, “milli maraqlar” anlayışı Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsinə və H.Ə.Əliyev başda olmaqla hakim elitaya yabançı anlayış deyildi. İttifaq dövləti çərçivəsində real siyasətdə milli maraqların ehtiyatla və ardıcıl olaraq reallaşdırılması keçən əsrin 80-ci illərinin axırlarında ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyi əldə edilməsi üçün baza yaratmışdı.

Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsini Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Bu mərhələ 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvarından sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır.

Azərbaycan cəmiyyəti çox qısa dövr ərzində SSRİ rəhbərliyinin Dağlıq Qarabağın statusu barədə mövqeyindən irəli gələn güclü sarsıntılar yaşamışdır.

Milli hərəkatda liderlik iddiasında olan bir qrup adamın buna hazır olmaması, habelə Dağlıq Qarabağda vəziyyətin pisləşməsi 1990-cı il 20 Yanvar faciəsi ilə nəticələndi. Həmin gün Mərkəz tərəfindən xalq hərəkatına qarşı keçirilmiş amansız cəza əməliyyatı nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, onlarca insan itkin düşmüşdür.

Milli ideyanın formalaşmasında altıncı mərhələni milli şüurun inkişaf edərək Azərbaycan milləti tərəfindən müstəqil dövlətini yaratmaq zərurətinin dərk edilməsi dövrü kimi səciyyələndirmək olar. 1990-cı ilin yanvar hadisələri bu şüurun, bu hisslərin oyanmasına güclü təkan verdi. Bu mərhələ 1990-cı ilin yanvarından 1993-cü ilin iyununa qədər olan dövrü əhatə edir.

Bu dövrün xüsusiyyəti ondan ibarət idi ki, kollektiv özünüidentifikasiya formalarından biri, məhz müstəsna türkçülüklə eyniləşdirilən sosiomədəni özünüidentifikasiya dövlət siyasətinin əsası olmuşdur. Titul millətin özünüidentifikasiya prosesində prioritet kimi müəyyən edilmiş türk bazis komponenti milli ideyanın yeganə forması kimi təklif edilmişdi və istər daxili, istərsə də xarici siyasi fəaliyyətdə bütün sonrakı addımlar yalnız bu amildən irəli gəlirdi. Səhv milli siyasətin nəticələri tezliklə etnik komponentin və separatçı əhval-ruhiyyənin kəskin ifadə olunduğu müxtəlif milli qrupların nümayəndələrinin üzdəniraq ictimai təşkilatlarının yaranmasında özünü göstərdi. Hakimiyyətə gəlmiş siyasi qruplar milləti birləşdirməyə, cəmiyyətdə sabitliyi və asayişi bərpa etməyə yönəlmiş fəaliyyət xəttini həyata keçirə bilmədilər.

Oxlokratiyaya – kütlənin hakimiyyətinə doğru yuvarlanma, dövlətçiliyin tənəzzülü, ölkə ərazisinin bir hissəsinin işğal edilməsi, qeyri-sabitlik və siyasi kataklizmlərlə səciyyəvi olan bu dövrü respublikanın tarixində müstəqil dövr kimi təsnif etmək çətindir. Azərbaycan dövlətinin tam azadlıq və müstəqillik yoluna qədəm qoyması üçün dövlətçilik iradəsi və siyasi dəyişikliklər tələb olunurdu.

Milli ideyanın formalaşması tarixinin yeddinci mərhələsi 1993-cü ilin yayından başlanır və 2003-cü ildə həmin ideyanın gerçəkləşməsi ilə başa çatır. İctimai-siyasi sabitliyin bərqərar olması, ölkənin gələcək iqtisadi artımının və siyasi inkişafının əsaslarının yaradılması bu dövrün səciyyəvi cəhətləridir.

Bu illər ərzində milli ideya milli müstəqillik – suveren dövlət formulunda qəti inkişaf mərhələsinə çatmışdır. Heydər Əliyevin siyasəti nəticəsində “millət” anlayışının strukturuna özünüidentifikasiyanın etnik, dini, sosiomədəni, siyasi və bütün başqa kollektiv formaları daxil edilmişdir.

Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Azərbaycanın polietnik təbiəti bizim böyük sərvətimizə çevrilmişdir. Biz müasir Azərbaycanı səciyyələndirən bu sərvətin qədrini bilməliyik. Bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda “azərbaycançılıq” ideologiyası ilə eyniləşdirilir. Məhz həmin dövrdə Azərbaycan millətinin dövlət müstəqilliyinin yaranması və möhkəmlənməsi kontekstində milli ideyanın formalaşması prosesi tam başa çatmışdır.

Qeyd etmək lazımdır ki, 2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil dövlətin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir. Bu dövrdə dövlətin inkişaf vektorları regional və qlobal perimetrlərdə ölkənin yeni mövqeyini müəyyən etmişdir. Dövlətin iqtisadi qüdrətinin fəal artması nəticəsində ictimai şüur tədricən elə istiqamətləndirilir ki, o, ətraf aləmlə ahəngdar şəkildə qarşılıqlı fəaliyyət göstərir, inkişafın perspektivlərini və prioritetlərini real hiss edir. İqtisadi və demokratik tranzitin, dövlət həyatının bütün sahələrində innovasiyalı inkişafa keçidin intensivləşdirilməsi ideyaları getdikcə daha artıq dərəcədə rəqabətədavamlı paradiqmaya yönələrək, hakim və ictimai-siyasi elitanın şüurunda üstünlük təşkil edir.

Azərbaycan millətinin formalaşması təcrübəsinin vahid, bütöv sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin qarşısında duran ən mühüm vəzifədir. Biz milli prinsiplərin yeni komponentləri haqda, milli mədəniyyətin kənar hücumlardan, daxili zəifləmə və dağılmadan müdafiəçisi kimi vətəndaş millətçiliyi haqda açıq danışmaqdan çəkinməməliyik.

- Milli ideyada azərbaycanlıların etnogenezinin rolu nədən ibarətdir?

- Əvvəl ondan başlayım ki, etnogenez sadəcə etnosun mənşəyi deyildir. Bu, etnosun yaranmasından başlamış onun yox olmasına və ya homeostaz (hərəkətsizlik) vəziyyətinə keçməsinə qədər təşəkkülü prosesidir. Elmdə müəyyən edilmişdir ki, müxtəlif əcdadlardan yaranmayan etnos yoxdur. Burada düzxətli inkişaf yoxdur.

Lev Qumilyovun fikrincə, etnogenez biosferə xas təbii prosesdir. Hərdənbir yaranan bu proses daimi fəaliyyətdə olan üç amil: 1) sosial-siyasi; 2) texniki; 3) coğrafi amillə yanaşı, etnik tarixin komponentlərindən biridir. Lakin etnogenezin dinamikası dördüncü amil – passionar təkan hesabına baş verir. Növdaxili forma yaranmasının bu lokal variantı tarixi və landşaft amillərinin birləşməsi ilə müəyyən edilir.

Bilmək vacibdir ki, etnogenez də statik təbii proses olduğuna baxmayaraq, ləng gedir: passionar təkan anından onun ətalətinin tam sükunət vəziyyətinə çatmasına qədər min ildən artıq vaxt keçir. Bizə belə gəlir ki, həyatımız dövründə etnik sistemlə əlaqədar heç bir mühüm hadisə baş vermir və biz etnosu sabit kəmiyyət kimi qəbul edirik. Lakin bu, ciddi yanılmadır.

Xalqların köçürülməsi, işğalçı müharibələr, ekoloji proseslər minilliklər boyu bəzi xalqların yox olmasının və digərlərinin yaranmasının, qəbilə və etnosların bir-birinə qarışmasının, dillərin və mədəniyyətlərin transformasiyasının başlıca səbəbləri olmuşdur. Bu tarixi proseslər zəngin etnik tarixə malik olan Azərbaycan xalqından da yan keçməmişdir.

Əlverişli iqlim şəraiti sayəsində Cənubi Qafqaz insanların qədim məskəni olmuşdur. Müasir Azərbaycanın ərazisində çoxlu dövlətlər və etnoslar yaranmış və yox olmuş, onların hər biri Azərbaycan tarixində öz izini qoymuşdur.

Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks etdirən qaynar qazan kimi formalaşmışdır. Burada güclü türk təməli ilə yanaşı İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb etmişlər. Qətiyyətlə demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim əcdadlarımızın da qanı axır. Bu, reallıqdır. Bunu etiraf etməyi antropologiya – insanın mənşəyi və təkamülü, irqlərin yaranması və insanın fiziki quruluşunun normal variasiyaları haqqında elm öyrədir.

Skeptiklərə məsləhət görərdim ki, insanın təkamülünün müasir nəzəriyyəsi ilə yaxından tanış olsunlar. Bəlkə onda onlar Azərbaycan xalqının minilliklər boyu formalaşması prosesinin necə getdiyini daha dərindən başa düşərlər.

Azərbaycan tarixi Azərbaycan xalqının vahid etnogenez sisteminin təhlili və formalaşması üçün zəngin material verir. Azərbaycan xalqının mənşəyinin öyrənilməsi metodikası etnogenezin tərkib hissələri olan üç komponentin kompleks şəklində nəzərə alınmasına əsaslanır: antropogenez (xalqın bioloji mənşəyi), qlottogenez (xalqın dilinin mənşəyi) və kulturogenez (xalqın mədəniyyətinin mənşəyi). Beləliklə, azərbaycanlıların etnogenezi antropologiya (genetika da daxil olmaqla), linqvistika, tarix və arxeologiya elmləri vasitəsilə öyrənilir.

Çoxsaylı tədqiqatların nəticələri bu diyarın qədim tarixinə nəzər salmağa imkan verir. Tarix həmin ərazidə bu gün haqlı olaraq azərbaycanlıların əcdadları hesab edilən xalqların və qədim dövlətlərin mövcud olmasını təsdiq edən çoxsaylı sübutlar verir. Kuti və lulubeylərin qədim qəbilə ittifaqları, Manna və Midiya, Atropaten və Qafqaz Albaniyası dövlətlərinin birləşdirdiyi etnoslar, Strabonun öz mənbələrində sadaladığı qəbilələr tarixi Azərbaycan ərazisində müxtəlifdilli çoxsaylı qəbilə və xalqların birgə yaşamasını təsdiqləyən nümunələrdir. Bütün bu xalqlar bizim etnik əcdadlarımızdır, şüurumuzun tərkib hissəsidir.

Millətin yaranmasında passionar rol oynamış türk elementi zaman keçdikcə ən çoxsaylı element olmuşdur. Bu amilin sayəsində, eləcə də qarşısıalınmaz daxili fəaliyyət istəyi nəticəsində türk elementi etnosların Azərbaycan milləti şəklində birləşməsindən ibarət uzun sürən prosesdə üstünlük təşkil etmişdir. Bütün bunlar azərbaycanlıların etnik xəritəsində nəzərəçarpacaq iz qoymuşdur. Millət haqqında bu cür anlayış bütün müasir millət-dövlətlərin elmi izahına tam müvafiqdir. Bu anlayışa görə, müəyyən dövlətin bütün vətəndaşları bir xalq, bir millət təşkil edir.

Heç şübhəsiz, Azərbaycan xalqı türkdilli xalqlar ailəsinə mənsubdur. Bu xalqların formalaşmasında müxtəlif etnik elementlər iştirak etmişdir. Məsələn, türkmənlərin, azərbaycanlıların və türklərin dilləri çox yaxındır, lakin bu xalqların hər biri XXI əsrə özlərinin qədim əcdadları, xüsusən Oğuz tayfaları ilə yanaşı, onların yaşadığı regionda məskunlaşan müxtəlif etnik qrupların “çiyinlərində” gəlmişdir. Biz onların təsirini, necə deyərlər, hər addımda hiss edirik: söz tərkibində, ənənələrin və mədəniyyətin elementlərində, məişətdə, çox vaxt onların nümayəndələrinin zahiri elementlərində və s.

Bu gün azərbaycanlılar minilliklər boyu bu ərazidə mövcud olmuş bütün dövlətlərin və orada məskunlaşmış xalqların obyektiv xələfləri və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Etnik müxtəliflik Azərbaycan xalqının zəngin sərvətidir. Bu sərvəti qorumaq lazımdır. Azərbaycançılıq ideologiyasının təməli olan güclü birləşdirici başlanğıc hər bir vətəndaşın öz Vətəninə görə keçmiş və gələcək nəsillər qarşısında məsuliyyət daşıyıcısı olması üçün əlverişli şərait yaradır.

- Bu gün millət daha çox siyasi, yoxsa etnik məzmuna malikdir?

- Hər bir tarixi dövr müəyyən anlayışlar və kateqoriyalar aparatı ilə səciyyəvidir. Son iki yüz ildə “millət” anlayışı əsaslı dəyişikliklərə məruz qalmışdır. XIX əsrdə Azərbaycanda “millət” anlayışı müstəsna dini kontekstə malik idi. Millət və ümmə tamamilə eyniləşdirilirdi və millət anlayışı insanların dini prinsip üzrə daha geniş mənada birləşməsi demək idi. Milli təfəkkürün təkamülündən sonra “millət” anlayışı dini tərkib hissə ilə yanaşı, həm də tədricən prioritet xarakter almış sosiomədəni tərkib hissəsini əhatə etmişdir. Millətin etnik məzmunu yaranmış və bu, XX əsrin əvvəlində milli azadlıq hərəkatının proqramına daxil edilmişdi.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti yaradılarkən “millət” anlayışının siyasi məzmun kəsb etməsi reallıq idi, o vaxt hakim siyasi qüvvə milli, dini və sinfi mənsubiyyətindən asılı olmayaraq bütün sosial qruplara ümumi dövlətin problemlərinin həllində iştirak etmək imkanı vermişdi. Sovet dövrü Azərbaycanın tarixində etniklikdən uzaqlaşma və “sovet vətəndaşı” deyilən süni millətə keçid ilə əlamətdar olmuşdur. Bu terminə sırf siyasi məna vermək cəhdi uğursuz oldu.

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi nəticəsində “biz kimik?” mövzusunda müzakirələr yenidən geniş miqyas aldı. Kollektiv identifikasiya formalarından biri olan etnik identifikasiya prioritet əhəmiyyət qazanırdı. Yetmiş il ərzində etnikliyin təkzib edilməsinə cavab olaraq bu komponent qısa müddətdə güclü təkan almış və ifrat dərəcəyə çatmışdır.

Lakin respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi. Buna görə də identifikasiyanın bu formasının qətiyyətli seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dini identifikasiyası mövzusunda debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini zəiflədir, onu etnik əlamət üzrə parçalanmaya doğru sürükləyirdi. Yalnız Azərbaycançılığı vətəndaşlığın dövlət formasının etniklik üzərində prioriteti kimi seçmiş Heydər Əliyevin bu prosesə vaxtında müdaxilə etməsi problemin kəskinliyini aradan qaldırdı. Eyni zamanda, dövlətin adı ilə eyniləşdirilmiş millətin adı qorunub saxlandı.

Müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasının bu dövrünü Fransada milli ideyanın formalaşması dövrü ilə müqayisə etmək olar. 1789-cu il Fransa inqilabı dövründə mərkəzsizləşmə tərəfdarları bir müddət əyalətlərdə populyarlaşdığı vaxtda Yakobinçilərin qələbəsi sayəsində Fransada milli birlik qorunub saxlanmış və bu aspekt Fransa milli ideyasının əsasını təşkil etmişdi. O vaxtdan “milli” anlayışı yeni kontekstdə istifadə edilməyə başlandı. Parlamentin adı dəyişdirilərək Milli Assambleya adlandırıldı və o, millətin adından həyata keçirilən suverenliyi təcəssüm etməyə başladı. Millət anlayışına yeni yanaşma: birgə yaşamaq əzmi və bunun nəticəsi kimi millətin və dövlətin vəhdəti və bölünməzliyi yaranmışdı. Dünya Azərbaycanlılarının I qurultayında Heydər Əliyev bu barədə demişdir: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Bu gün Azərbaycan müsbət təcrübəni uğurla tətbiq edir. Təsadüfi deyildir ki, “kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə azərbaycanlılar kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin vətəndaşları olanlar üçün aktualdır. Son illərdə Azərbaycan bütün azərbaycanlıların Vətəninə çevrilmiş və universal dəyərlərin daşıyıcısı statusu qazanmışdır.

- Ermənilər bizim qonşularımızdır. Ermənistanda bəzi şəxslər isə bəyan edirlər ki, erməni xalqı səkkiz min il bundan əvvəl yaranmışdır. Buradan belə çıxır ki, onlar bu yerlərin əzəli sakinləridir. Belə bəyanatlar elmə nə dərəcədə uyğundur?

- Bu bəyanatların elmlə heç bir əlaqəsi yoxdur. İnsan nə istəsə uydura bilər. Lakin məsələ ondadır ki, bəzi yalançı erməni alimləri tarix elmini əyləncə mövzusuna çevirmişlər. Məsələn, ermənilərin qədimdə yarandıqları vaxtdan bəri tarixlərində heç bir fasilə olmayan yeganə millət olması barədə bəyanat nəyə desən dəyər. Əlbəttə, bu, absurddur. Belə bəyanatlar mövcud elmi sxemlərlə uzlaşmır, çünki onlar etnogenez prinsiplərinə ziddir.

Ermənilərin öz tarixləri ilə fəal manipulyasiya etmələri onların işidir. Lakin onlar bununla sakitləşmir, ona görə də qonşu xalqların, o cümlədən guya XX əsrin əvvəlində süni şəkildə yaradılmış Azərbaycan xalqının tarixini hər vasitə ilə təhrif etməyə çalışırlar.

Biz Ermənistanın bəzi dairələri və rəhbərləri tərəfindən guya Azərbaycanda ayrı-ayrı etnik qrupların narazılığı, hətta separatçı əhval-ruhiyyəli şəxslər üçün məqsədi Azərbaycan cəmiyyətinin bütövlüyünü şübhə altına almaq olan “konfranslar” təşkil edilməsi barədə təhrikçi şayiələr yayılmasının tez-tez şahidi oluruq.

Məqsədi Azərbaycan xalqına ləkə yaxmaq olan belə iftiralar müəyyən xəstəliyin nəticəsidir. Onların düşmənçilik hərəkətləri Ermənistandakı bəzi qüvvələrin şüur və davranış pozulması ilə bağlı olan xəstəlik əlamətlərinin vəhdətindən yaranan etnospesifik sindroma nə dərəcədə dərindən yoluxmasını göstərir. Böyüklük barədə müntəzəm sayıqlamalarla səciyyələnən parafren sindromu da nəzərə alınarsa, erməni cəmiyyətində bəzi dairələrin pozuculuq fəaliyyətinin nə ilə şərtləndiyini anlamaq çətin deyildir.

Əlbəttə, müxtəlif etnik qrupların vahid dövlətdə dinc şəraitdə necə yaşaması, bir-birinin kədər və sevincini necə bölüşməsini başa düşmək onlar üçün çətindir. Ermənilər özlərinin süni dövlətçiliyini tarixi Azərbaycan ərazilərində qurmuş, təkmillətli ölkə yaratmışlar. Milli dövlətin qurulmasında etnikliyə arxaik bağlılıq ermənilərin hələ milli quruculuğun siyasi xarakterini dərk etmək yolunda olduqlarını göstərir. Milli dövlətçiliyin dərk edilməsində onlar hələ də XX əsrin əvvəllərindəki şəraitdə ilişib qalmışlar. Erməni cəmiyyəti müstəqil inkişafı və qonşularla dinc yanaşı yaşamağı nəzərdə tutan keyfiyyətcə yeni formul işləyib hazırlamaq iqtidarında deyildir. Öz dövlətinin regiondakı roluna destruktiv yanaşma nəinki Ermənistanın inkişafını ləngidir, xalqları inkişafın keyfiyyətcə digər mərhələsinə adlamış Cənubi Qafqazın problemlərinin həllinə də mənfi təsir göstərir.

Ermənilərin belə davranışı erməni xalqının bu əraziyə genetik bağlılığının olmaması ilə izah edilir. Ermənilərin tarixinə aid arxeoloji məlumatların azlığı səbəbindən bu xalqın etnogenezinin öyrənilməsinin özəyini linqvistik və antropoloji məlumatlar təşkil edir. Əlbəttə, hər bir xalq kimi, ermənilərin də tarixi vardır. Lakin ermənilərin tarixi kimi qələmə verilənlər arxeoloji tədqiqatlara, yaxud qədim abidələrə əsaslanmır. Tədqiqatçılara antik və ya daha erkən dövrlərin elə məxəzləri məlum deyildir ki, orada ermənilər öz tarixləri haqqında nə isə demiş olsunlar. Eramızın V əsrində erməni əlifbası yaranana qədər erməni yazısı haqqında mötəbər məlumat yoxdur. Alimlərə məlum olan ilk erməni mətnləri V əsrə aiddir. I əsrdən əvvəl erməni şəhər mədəniyyətinin və ya fundamental tikililərin arxeoloji izləri nə Şərqi Türkiyənin ərazisində, nə də axtarışların xüsusi diqqətlə aparıldığı müasir Ermənistanın ərazisində aşkar edilmişdir.

Arminlərin yaşadığı Arminiya ölkəsinin adına ilk dəfə İran şahı I Daranın (təxminən e.ə. 522-488-ci illər) kitabələrində rast gəlinir. Müasir İran şəhəri Həmədanın yaxınlığında paralel olaraq akkad, qədim fars və elam dillərində həkk edilmiş Nəqşi-Rüstəm və Bisütun kitabələrində qədim fars sözü Armina və elam sözü Har-mi-nu-ia qədim fars və elam mətnlərinin o yerlərində ortaya çıxır ki, akkad mətnində həmin yerdə U-ra-as-tu, yəni Urartu yazılmışdır. Şah I Dara təslim edilmiş 25 xalqın adını çəkir və onun tabeliyində olan torpaqların ölçülərini göstərir. Bu siyahıda haylar haqqında bir kəlmə də yoxdur, lakin bugünkü ermənilərə aidiyyəti olmayan Arminiya coğrafi vilayəti vardır.

Ermənilər antropoloji baxımdan avropoid irqinin armenoid (Ön Asiya) tipinə aiddirlər. Bu tipin səciyyəvi cizgilərinə əsasən bütün Ön Asiya əhalisində rast gəlinir. Ön Asiya tipi neolit dövründə e.ə. IV minillikdən gec olmayaraq formalaşmışdır.

Eyni zamanda, müasir ermənilər antropoloji yekcinsliklə seçilmirlər. Bu da mürəkkəb etnogenez prosesi ilə bağlıdır (erməni etnosuna daxil olmuş etnik elementlərin müxtəlif miqrasiyaları nəticəsində).

Ermənistan ərazisində qədim qəbiristanlıqlardan tapılmış kəllələr baş göstəricilərinə görə müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir. Öz irsi fiziki əlamətlərinə görə isə ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçılarda heyrət doğurur: bir xalqda bu qədər antropoloji fərq ola bilməz. Doğrudan da, bu, yalnız ermənilərin tərkibində assimilyasiyaya uğramış və mənşəyi ilə fərqlənən xeyli etnik qrupun mövcudluğu nəticəsində mümkün ola bilər. Ermənilərin etnogenezini öyrənən tədqiqatçılar bilirlər ki, onların tərkibində assimilyasiyaya uğramış qaraçıların müəyyən təbəqəsi vardır. Ola bilsin, bu səbəbdən ermənilər daimi yaşayış yerinə bağlı deyillər. Bu gün onların nümayəndəsinə yalnız Amazonka cəngəlliklərində rast gəlməzsən.

Ermənilərin etnogenezinin tədqiqi deməyə ciddi əsas verir ki, ermənilər – xalqların konqlomeratıdır, onların dili isə kombinasiyadır, kimmerlər tərəfindən Balkanlardan Kiçik Asiya ərazilərinə, Dəclə və Fərat çaylarının (yunanlar buranı Mesopotamiya adlandırırlar) yuxarılarına sıxışdırılmış muşk tayfalarının dili ilə yerli xalqların - akkadların, hettlərin, luviyalıların, urartların, aysorların, midiyalıların, farsların, parfiyalıların, türklərin və s. dillərinin birləşməsidir. Eramızdan əvvəl IX-VII əsrlərdə Mesopotamiya Assuriyanın tərkibinə, e.ə. VII-VI əsrlərdə Yeni Babilistan şahlığının, e.ə. VI-IV əsrlərdə Əhəmənilər dövlətinin, e.ə. IV əsrdə Makedoniyalı İsgəndərin imperiyasının, e.ə. IV-II əsrlərdə Selevkilər dövlətinin tərkibinə daxil idi. Bundan sonra Parfiya dövləti, Ərəb xilafəti, Səfəvilər dövləti, Osmanlı imperiyası gəlir, nəhayət Birinci dünya müharibəsindən sonra Mesopotamiya qismən İraqın, Suriyanın və Türkiyənin tərkibinə daxil olur. Beləliklə hayların əcdadlarının – adətən adlandırıldıqları kimi ermənilərin yox, muşkların bu regionda heç vaxt öz dövləti olmamışdır.

Bütün bunlar deməyə əsas verir ki, bu xalqın tarixində heç bir unikallıq yoxdur. Ermənilərin etnogenezi bu və ya digər xalqın mənşəyini elmi cəhətdən izah edən ümumi qanunauyğunluqlara tabedir. O başqa məsələdir ki, uzun əsrlər boyu erməni-qriqorian kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib ki, hətta mütəxəssislər də nəyin həqiqət, nəyin yalan olmasını çox zaman dəqiq seçə bilmirlər. Əgər ermənilər barədə müxtəlif ensiklopedik məqalələri tutuşdursaq, bütün bunları üzə çıxarmaq çətin deyildir.

Məsələn, erməni alimləri sübut etməyə çalışırlar ki, onların mənşəyi Türkiyə və Cənubi Qafqazdır. Onlar iddia edirlər ki, Urartu qədim erməni dövlətidir. Əfsus ki, bəzi Qərb tədqiqatçıları da real tarixi faktlara müraciət etməyə ərinib bu mifə uyurlar.

Ancaq elmə məlumdur ki, Urartu e.ə IX-VI əsrlərə aid qədim dövlətdir. O, Ermənistan yaylasının coğrafi ərazisində yerləşirdi və Cənubi Qafqazın XX əsrin əvvəlində süni surətdə yaradılmış Ermənistan dövlətinə ayrılan zonasını qismən əhatə edirdi. Urartu dövləti Assuriya ilə uzunmüddətli müharibələr aparmış, lakin e.ə. VI əsrdə azərbaycanlıların qədim əcdadlarından biri - midiyalılar tərəfindən istila edilmişdi. Urartların və Urartu dövlətinin dili hald və biayn dilləri idi, onlar hurrit dili ilə birlikdə hurri–urart dilləri ailəsinə mənsubdur. Onların dili e.ə IX-VI əsrlərə aid mixi yazılarından məlumdur. Gördüyümüz kimi, onun erməni dilinə heç bir aidiyyəti yoxdur.

Hayların əcdadları muşk tayfaları kimmerlər tərəfindən Balkanlardan qovulduqdan sonra Mesopotamiyaya gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə uğramış Urartu dövlətinin ərazisində peyda olmuşlar. Muşklar burada yurd saldıqdan sonra yerli əhaliyə qatışmışlar. E.ə VII əsrdən başlayaraq min il ərzində yerli xalqların və bura gələn yeni etnik qrupların qatışması, habelə assimilyasiya prosesləri nəticəsində Kiçik Asiyanın lokal ərazisində e.ə. III əsrdə özünə “hay” etnonimi götürmüş yeni etnos formalaşmağa başladı. Lakin yunanlar onlara yerləşdikləri Arminiya coğrafi ərazisinə uyğun ad verdilər – “ermənilər”. Beləcə xalqın özü-özünə verdiyi ikinci ad – “ermənilər” yarandı.

Mənim yeni tədqiqatımda ermənilərin etnogenezinə böyük yer ayrılmışdır, çünki bu məsələ bu xalqın davranış məntiqinin dərk edilməsində başlıca məsələdir. Tarixən ermənilər güclü dövlətlərin əlində alət olmağa və ya iri dünya dövlətlərinin mübarizəsində istifadə olunmağa asanlıqla razılaşmışlar. Bu, Parfiya və Roma imperiyalarının hökmranlığı dövründə belə olmuş, Qafqaz Albaniyasının mövcudluğu və ərəb istilaçılarına qarşı mübarizəsi vaxtı, Orta əsrlərdə ərəb-bizans müharibələri və ya türk-bizans qarşıdurmaları zamanı, həmçinin XX əsrin əvvəllərində - Birinci dünya müharibəsi dövründə ermənilər onlara sığınacaq vermiş Osmanlı Türkiyəsinin tərkibində “beşinci dəstə” qismində çıxış etdikləri zaman davam etmişdir. Bu gün Ermənistan Cənubi Qafqazda “forpost” rolunu oynayır.

Qeyd etmək lazımdır ki, erməni xalqının etnopsixoloji xəritəsində opportunizm prioritet təşkil edir. Ermənilər bütün imkanlardan istifadə edərək, hətta bütün insani və humanist prinsipləri ayaqlayaraq öz məqsədlərinə nail olmağa çalışırlar. Lakin məqsədlərinə çatdıqdan sonra nə edəcəklərini bilmirlər, hərəkətlərinin ardıcıllığını təmin etməyi bacarmırlar. İki min ildən çox əvvəl - Tiqranın vaxtında belə olmuşdur. Tiqranın dövləti 40 ildən bir qədər çox - Roma ilə Parfiya özünə gələnə qədər mövcud olmuşdur. Bu gün də belədir, SSRİ dağılandan sonra yaradılmış müstəqil Ermənistan pozuculuq yolu seçdiyinə görə əhalisi onu tərk edir, o, humanitar fəlakətin astanasında olan, ələbaxım dövlətə çevrilir.

Erməni cəmiyyətini birləşdirən təbəqələr yalnız Türkiyənin qondarma “1915-ci il soyqırımı”nı tanımasının zəruriliyi barədə tarixi iftiralara və xülya olan “miasum” ideyasına əsaslanır. Fikir verin, təcavüzə əsaslanan bu ideyaların heç birinin obyektiv tarixi səbəbi, gələcəklə, perspektivlə heç bir ümumi cəhəti yoxdur. Ermənistanda hakim rejimin əsas ideoloji konseptinə – faşizm və nasizmə yaxın olan etnodin və etnikliyin üstün tutulması

konseptlərini əsas götürən njdeizmə nəzər salmaq ermənilərin bu siyasi-ideoloji konseptlə sivil cəmiyyətdən təcrid olunmaqdan savayı heç nə əldə edə bilməyəcəklərini başa düşmək üçün kifayətdir.

- Siz Azərbaycançılıq ideoloji konsepsiyasının təşəkkülündə şəxsiyyətin rolunu necə səciyyələndirərdiniz?

- Millət quruculuğa, çox vaxt isə dəyişik yenilənməyə yönəlmiş iradədir. Milləti formalaşdıran birgə həyata istiqamətlənmiş vahid iradədir. Lakin ideya ilə yüklənməmiş millət məhvə məhkumdur. İdeyasız heç nə yaranmır. Nəyisə yaratmaq üçün ideya lazımdır. Millətin mənası da bundan ibarətdir. Lakin güclü xarakterli və yüksək intellektli şəxsiyyətlər, ideya və quruculuq əzmi lazımdır. Şəxsiyyətlər olmadan millət yaranmır. Etnosun əsl konstruktorları məhz onlardır.

Azərbaycan xalqının milli ideyasının təkamülü prosesində ideoloji konsepsiyanın son versiyasının formalaşmasına öz töhfəsini verən parlaq şəxsiyyətlər olmuşdur. XIX əsrin ortalarından ictimai-siyasi mühit siyasi arenaya proseslərin sükanını əlində saxlayan şəxsiyyətlər irəli sürdü. Həmin proseslərin nəticəsi Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi oldu. Bu insanların öz xalqına sadiqliyi, milli maraqlar üçün canlarından keçməyə hazır olmaları onların gördükləri böyük işlərin mahiyyətini dərk etmələrinin əsl nümunəsidir.

Azərbaycan tarixində fəaliyyətləri ilə dərin izlər buraxmış, Azərbaycan xalqının taleyini dəyişmiş şəxsiyyətlər olmuşdur. Həyatında Azərbaycanda iki dəfə hakimiyyətə gələn, ölkəni böhran vəziyyətindən çıxaran və milli inkişafın əsas prinsiplərini müəyyən edən Heydər Əliyev də belə şəxsiyyətdir.

Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin – azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir. Heydər Əliyev başa düşürdü ki, tarix statik fenomen deyil, o, dəyişir, yeni hadisələrlə zənginləşir. Vaxt gələcək, Azərbaycan xalqının sabahkı günə inamı artacaq, odur ki, gələcəyə baxmaq, tarixin lokomotivindən geri qalmamaq haqda düşünmək lazımdır.

Əvvəlki əsərlərimin birində mən Heydər Əliyev və Almaniya kansleri Konrad Adenauer arasında analogiya aparmışdım. Millətlərinin və dövlətlərinin tarixində dərin izlər qoymuş, uzun illər üçün inkişaf strategiyası yaratmış hər iki şəxsiyyət məqsədə nail olmaq naminə sarsılmaz mətinlik və cəsarət nümayiş etdirən dahi dövlət xadiminin mücəssəməsidir.

“Yeni Almaniya” yaradarkən Konrad Adenauer müharibədən təzəcə çıxmış, iki dövlətə parçalanmış və sabaha inamını tamamilə itirmiş almanlar üçün yeni milli ideya formalaşdırdı. Heydər Əliyev 1969-cu ildən başlayaraq azərbaycanlılarda özünə inam hissi formalaşdırır, milli maraqların müdafiə olunmasının mümkünlüyünü təsdiq edir, azərbaycanlıları milli inkişaf naminə birləşdirirdi. Konrad Adenauerin qarşısında müharibənin külə döndərdiyi, bir vaxtlar “Avropa konserti”ni formalaşdıran Bismark və Höte Almaniyasını bərpa etmək vəzifəsi dururdu.

Geridə qalmış Azərbaycanı 13 il ərzində transformasiya edib SSRİ tərkibində özünü təmin edən respublika səviyyəsinə qaldıran Heydər Əliyevi on ildən sonra geri qayıdıb artıq müstəqil ölkənin yeni uğurları və nailiyyətləri naminə bir daha dövlət sükanı arxasında dayanmaq gözləyirdi. Onların hər ikisi ilk addımlarını totalitar sistemlərdə atmış, quruculuq fəaliyyətlərini isə milli kredo və dövlətin inkişaf perspektivlərini formalaşdırıb müstəqil dövlətçilik şəraitində davam etdirmişlər. 1969-cu ilə qədər milli dilin dövlət dili kimi işlədilməsinə qadağadan tutmuş minlərlə kvadratkilometr ərazilərin itirilməsi təhlükəsinə qədər Azərbaycanın üzləşdiyi problemləri təhlil edərkən Heydər Əliyevin respublikanı hansı şəraitdə qaldırması və azərbaycanlılarda özünə inam hissini bərqərar etməsi aydın olur.

- Azərbaycan sabit dövlətdir. İyirmi illik müstəqilliyin nəticələri göstərir ki, dövlət ayaq üstə möhkəm dayanmışdır və gələcəyə baxır. Sizin fikrinizcə, müasir mərhələdə milli ideyanın inkişafı üçün hansı şərtlər əsasdır?

- Heç bir şübhə yoxdur ki, XXI əsrdə iqtisadi tərəqqiyə, azad və layiqli həyata, millətin müstəqilliyinin və təhlükəsizliyinin güclənməsinə aparan yol demokratik prinsip və normaların sosial və siyasi praktikaya tətbiqindən keçir. Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə real imkanlar yaradır, qarşıdan gələn yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, demokratiyanı “kəməndinə salmalıdır”, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır. Buna görə də müasir şəraitdə demokratiya Azərbaycan milli ideyasının ən mühüm komponentinə çevrilir.

Bu gün respublikanın elmi dairələrində modernləşmə planlarının həyata keçirilməsinin konseptual layihələri fəal müzakirə olunur, müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında baş verən dəyişikliklərin dinamikası nəzərə alınmaqla transformasiya prosesləri tədqiq edilir. Sosiumun sosial quruluşunun vacib elementi, demokratiyanın tərkib hissəsi sayılan formalaşmaqda olan vətəndaş cəmiyyətinə xüsusi diqqət yetirilir. Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, bütün millətlərin nümayəndələrinin birgə yaşayış atmosferinin mütəmadi mənəvi-psixoloji yeniləşməsində dərin marağı olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər. Beləliklə, müasir dövrdə milli ideyanın vətəndaş cəmiyyətinin maraqları xaricində reallaşdırılmasının perspektivi yoxdur.

Müasir mili ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir. Qloballaşma şəraitində bu, olduqca vacib amildir. Hələ 2004-cü ildə Prezident qeyd edirdi ki, “iqtisadi artım və cəmiyyətin demokratikləşdirilməsi siyasətimizin əsas elementləridir, bunların biri olmadan digəri mümkün deyildir. İqtisadi cəhətdən güclü olmaq olar, lakin əgər demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur gözləməyə dəyməz”.

Bizim əsrimizdə gənc dövlətin yaradılması və inkişafı olduqca çətin məsələdir. Yalnız öz qüvvə və resurslarına arxalanaraq müstəqil daxili və xarici siyasət yürütmək isə müstəsna çətin məsələdir. Bu məsələnin həllinə nail olan dövlət rəhbəri həqiqətən milli liderdir. Prezident İlham Əliyev müstəqilliyimizin iyirminci ilində ölkəyə uğurla rəhbərlik edir və dövləti yeni üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəsinə keçməyə doğru aparır. Ölkə tarazlı və ardıcıl siyasət sayəsində həm mədəni, həm də siyasi kontekstdə dünyada getdikcə daha çox uğurlar qazanır. 2011-ci il Azərbaycan ili olmuşdur – Avropanın ən böyük mədəniyyət yarışmasında qələbə və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunun qazanılması – bütün bunlar ağıllı, düşünülmüş siyasətin nəticəsidir. Eyni zamanda, bu faktların özü dünya birliyi tərəfindən Azərbaycanın beynəlxalq problemlərin həllinə təsir göstərmək iqtidarında olan dövlət kimi tanınmasının göstəriciləridir. Bu, həmçinin ölkəmizin beynəlxalq nüfuzunun etiraf edilməsidir. Şübhəsiz ki, bütün bunlar azərbaycanlıların kollektiv şüurunda Vətəni ilə bağlı qürur hissi doğurur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.