ELM VƏ TƏHSİL
Müasir müstəqil Azərbaycan AXC-nin siyasi və mənəvi varisidir
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ümumi iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şuranın sədri, dosent Famin Salmanov gündəlikdəki məsələlər barədə məlumat verib.
F.Salmanov Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamını xatırladıb. Qeyd edilib ki, 2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi tamam olur. AXC təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmayıb. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bilib.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaradıb.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan Respublikasının siyasi və hüquqi varisi kimi”, “Azərbaycan Xalq Cümhuriyyətində ədəbiyyat və maarifçilik məsələləri” və digər mövzularda məruzələr dinlənilib. Qeyd edilib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olmaqla müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalıb, AXC-nin siyasi və mənəvi varisi kimi onun üçrəngli bayrağını, gerbini və himnini qəbul edib.