CÜMHURİYYƏT - 100
Müasir müstəqil Azərbaycan hüquqi dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqdə ilk demokratik respublikadır” mövzusunda tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil ocağında Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən tədbirlər planının hazırlandığını deyib. Diqqətə çatdırılıb ki, universitetdə bəzi qruplarda cümhuriyyətə həsr olunan dərslər aparılıb, tələbələrlə görkəmli dövlət xadimlərinin, tədqiqatçıların görüşləri təşkil edilib.
Rektor AXC-nin yaranma tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafına verdiyi töhfələrdən danışıb. O, müasir müstəqil Azərbaycanın hüquqi dövlət kimi məhz AXC-nin varisi olduğunu deyib. M.Babanlı ölkəmizin dövlət suverenliyini bərpa etməsindən sonra əldə olunmuş müstəqilliyin qorunub saxlanmasında və daha da möhkəmlənməsində ulu öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, inkişaf edən Azərbaycan iqtisadiyyatı və sənayesinin tələblərinə uyğun yüksək ali təhsilin verilməsi ADNSU-nun əsas hədəflərindəndir.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova xalqımızın şanlı tarixinin ən parlaq səhifəsi olan AXC-nin yaranması və o dövrün siyasi vəziyyəti barədə danışıb. O, 1920-ci ildə Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasını AXC-nin ən böyük nailiyyətlərindən biri kimi səciyyələndirib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə ADNSU-da Cümhuriyyətin 100 illiyinin qeyd edilməsinin xüsusilə əlamətdar olduğunu deyib. Diqqətə çatdırılıb ki, cəmi 23 ay yaşamasına baxmayaraq AXC Azərbaycan xalqının müstəqil dövlət yaratmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirib.
“Səs” Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev AXC-nin yaradılmasında ziyalıların böyük rolu olduğunu xüsusi vurğulayıb. Qısa müddətdə dövlət atributlarının - ordunun, parlamentin formalaşdırıldığını və bir sıra “ilk”lərə imza atıldığını deyən natiq qeyd edib ki, AXC-nin yaranmasından keçən 100 ilin yarısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
AXC-nin yaranmasını tarixi nailiyyət kimi dəyərləndirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmin dövrdə bir sıra mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan yalnız Ümummilli Liderin qətiyyəti sayəsində qorunub saxlanıb və möhkəmlənib.