SİYASƏT
Müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir
Bakı, 9 may (AZƏRTAC). Mayın 9-da Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Bildirilmişdir ki, bu Mərkəzi artıq 5 ildir fəaliyyət göstərir.
Ötən illərdə burada müxtəlif mərkəzi icra hakimiyyətləri orqanları, ali təhsil müəssisələri, elmi institutlar və digər təşkilatlarla birgə 130-dan çox tədbir keçirilmişdir. Onlardan dördü Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil olunmuşdur.
Mərkəzin elektron lektoriya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra konfrans öz işinə başlamışdır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov konfransı açaraq demişdir ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuşdur. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş ulu öndər Heydər Əliyev hər bir vətənpərvər azərbaycanlının qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənsevərliyi və digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycanın rəmzinə çevrilmişdir. Ulu Öndərin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir müstəqil Azərbaycan inkişaf yoluna çıxmış və Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də Ulu Öndərin humanizm prinsiplərinə söykənən nəcib ideyalarıdır. Ümummilli Liderin bu nəcib ideyalarını davam etdirən, onun milli dövlətçilik amallarını rəhbər tutaraq fəaliyyət göstərən, humanitar dəyərlərin təşviqinə öz töhfələrini verən Heydər Əliyev Fondu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində bu gün mühüm rol oynayır.
Konfransda çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov demişdir ki, Heydər Əliyev müdrikliyindən, Tanrının ona qismət etdiyi istedad və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını doğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdən Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq. Heydər Əliyevlə Azərbaycan birlikdə olanda daim inkişaf və tərəqqi baş verib.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyevanın çıxışından sonra Dövlət İdarəçilik Akademiyası Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin “Varisliyə, qabaqcıl təcrübəyə və modernləşməyə əsaslanan regional inkişaf siyasəti”, DİA-nın elm-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin “Müstəqillik dövründə Heydər Əliyevin dövlət idarəçiliyi sistemində institusional islahatlar konsepsiyasının əsas istiqamətləri” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirin sonunda Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin 5 illiyi ilə əlaqədar Mərkəzin işinin təşkilində fəal iştirak edənlər, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslərin keçirilməsində, Gül bayramının təşkilində fərqlənənlər, Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ilə bağlı orta məktəb şagirdləri arasında keçirilmiş şeir və inşa müsabiqələrinin qalibləri Fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup rayon sakininə partiyanın üzvlük vəsiqəsi təqdim edilmişdir.