CƏMİYYƏT
“Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş “Müasir nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edərək, bu tarixin bütün dünyada, o cümlədən Azərbaycan Tibb Universitetində də hər il qeyd edildiyini bildirib. Onun sözlərinə görə, 2006-cı ildən etibarən əksər ölkələrdə bu gün tədbirlər, konfranslar keçirilir və çox önəmli mövzuları əhatə edir. Nefroloqlar fikir və bilik mübadiləsi aparır, elmi işləri müzakirə edirlər.
R.Bəylərov nefroloji xəstələrə dövlət qayğısından da danışıb: “İndi ölkəmizdə terinal xronik böyrək çatışmazlığı, hemodializ və böyrək transplantasiyası üçün lazım olan xərcləri dövlət proqramı əsasında Səhiyyə Nazirliyi öz üzərinə götürüb. Digər ölkələrdə isə belə deyil. Bu da dövlətimizin böyrək xəstəliyindən əziyyət çəkən insanlara olan diqqət və qayğısından xəbər verir”.
Tədbir müxtəlif mövzularda məruzələrlə davam edib.