CƏMİYYƏT


Müasir onkoginekologiyada xərçəng xəstələrinin sağalma göstəriciləri çox yüksəkdir

Bakı, 11 iyul, AZƏRTAC 

Dünya üzrə qlobal xərçəng statistikasına və Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə verdiyi hesabatlara əsasən, xərçənglə 18 milyon yeni xəstələnmə, həmin xəstəlikdən isə 9,6 milyon ölüm hadisəsi qeydə alınıb. Ümumiyyətlə, qadınlarda rast gəlinən bütün bədxassəli şişlərə görə il ərzində 8,6 milyon yeni xəstələnmə halı, 4,2 milyon isə ölüm hadisəsi qeydə alınır. Qadınlar arasında ən çox rast gəlinən bədxassəli şiş süd vəzisi xərçəngidir. Bu, zərif cinsin nümayəndələrində rast gəlinən bədxassəli şişlərin 24 faizini təşkil edir. Yoğun bağırsaq xərçənginin rastgəlmə tezliyi 9,5, ağciyər xərçəngi 8,4, uşaqlıq boynu xərçəngi isə 6,6 faizdir. Qadınlar arasında bədxassəli şişlərdən ölüm hallarına gəlincə, bu göstərici süd vəzisi xərçəngində 15, ağciyər xərçəngində 14, yoğun bağırsaq xərçəngində 9,5, uşaqlıq boynu xərçəngində isə 7,5 faizə bərabərdir. Lakin qeyd etmək lazımdır ki, uşaqlıq cisminin və yumurtalıqların xərçəngi də geniş yayılıb. Ginekoloji xərçənglər qadın xərçəngləri arasında bədxassəli şişlərin təxminən 15 faizini əhatə edir. Bunun təxminən 7 faizi uşaqlıq boynu xərçənginin, 5 faizi uşaqlıq cismi xərçənginin və təxminən 4 faizi isə yumurtalıq xərçənginin payına düşür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Onkoloji Klinikasının onkoginekoloqu Əkbər İbrahimov deyib.

Onun sözlərinə görə, müasir onkoginekologiyada ginekoloji xərçənglərin bir çoxunda praktik olaraq tam sağalma əldə edilə bilir: “Burada xəstəliyin lokalizasiyası, xərçəngönü və erkən mərhələdə aşkarlanması, həmçinin çox effektiv cərrahi və digər müalicə üsullarının tətbiq edilməsi böyük rol oynayır. Hazırda bunların hesabına proqnoz ürəkaçandır. Qısası, müasir onkoginekologiyada əvvəlki illərdən fərqli olaraq, xərçəng xəstələrinin sağalma göstəriciləri çox yüksəkdir.

Bədxassəli şişlərin etiologiyasında sadəcə 10 faiz hallarda irsi-genetik amillər, qalan 90 faiz hallarda isə xarici mühit amilləri rol oynayır. Hesablamalara görə, il ərzində uşaqlıq boynu xərçəngi ilə 570 min yeni xəstələnmə halı, ondan isə 311 min ölüm hadisəsi qeydə alınır. Bu rəqəm qadınlar arasında onkoloji xəstəliklərdən ölüm səbəbi kimi 4-cü yerdə durur. Bunların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. Bu xəstələrin, demək olar, 99 faizində insan papilloma virusu etioloji səbəbdir. İnsan papilloma virusunun uşaqlıq boynu xərçəngi ilə əlaqəsi danılmaz və qaçılmaz bir həqiqətdir. Digər risk amillərinə anamnezdə dəri-zöhrəvi xəstəliklərin olması, erkən yaşda evlənmə və erkən yaşda doğuş etmiş qadınlar, siqaretçəkmə, sosial-iqtisadi vəziyyətin aşağı olması uşaqlıq boynu xərçənginin risk amillərinə aiddir.

Yumurtalıq xərçəngi diaqnozu ilə il ərzində 295 min xəstələnmə, həmçinin həmin xəstəlikdən 185 min ölüm hadisəsi qeydə alınır. Yumurtalıq xərçəngi ən çox inkişaf etmiş və sosial-iqtisadi vəziyyətin yüksək olduğu ölkələrdə təsadüf edilir. Xəstəlik əsasən 63-65 yaşı əhatə edir. Yumurtalıq xərçəngi üçün əsas risk amilləri sırasında yaşlanma, doğuşun olmaması, endometrioz xəstəliyini və s. qeyd etmək olar. Xəstələrin təxminən 10-15 faizində əsas səbəb irsi-genetik amillərdir.

Uşaqlıq cisminin xərçəngi ilə hər il 328 min yeni xəstələnmə, 90 min ölüm hadisəsi qeydə alınır. Bu rəqəmlər qadınlar arasındakı bütün bədxassəli şişlərlə xəstələnmə göstəricisinin 4,4 faizini təşkil edir. Uşaqlıq cisminin xərçəngində də yumurtalıq xərçəngində olduğu kimi yaşlanma etioloji amildir. Qadının yaşı 50-70 arası olduqda risk 1,5 faizə qədər artır. Həmçinin hiperestrogeniya yaradan bütün faktorlar uşaqlıq cisminin xərçəngi üçün risk amili sayılır. Digər risk amillərinə isə uşaqlıq cismi üçün xərçəngönü problem sayılan atipik hiperplaziya, tamoksifen preparatından uzunmüddətli istifadə, heç doğuş etməmiş, yumurtalıq polikistozu sindromu olan qadınlar, piylənmə, şəkərli diabet, irsi-genetik amil olan Linç sindromu, yumurtalıqda estrogen sintezi edən şişlərin olmasını və s. misal göstərə bilərik”.

Mütəxəssisin sözlərinə görə, onkoginekoloji xəstəliklərin əlamətləri onların lokalizasiyasından və mərhələsindən asılıdır. Belə ki, uşaqlıq boynu və uşaqlıq cismi xərçəngi zamanı əsas simptom anormal qanamadır, bu da bir neçə şəkildə təzahür edə bilər. Yumurtalıq xərçəngində isə simptomlar fərqlidir. Əsasən yumurtalıqdan qaynaqlanan törəmənin yaratdığı kütlə simptomları, yəni qarında və çanaqda küt ağrılar, çanaqda təzyiq hissi, qarın və çanaq nahiyəsinin böyüməsi, qarında maye toplanması və kütlənin yer işğal etməsinə bağlı olaraq iştahanın azalması, köp, qəbzlik kimi qeyri-spesifik əlamətlərlə üzə çıxa bilir.

“Onkologiyada profilaktikanın 3 forması var. Birincili profilaktikada hədəf xərçəngin yaranmasının qarşısını almaqdır. İkincili profilaktikada hədəf şikayəti olmayan xəstələrdə erkən diaqnozun qoyulmasıdır. Bu, həmçinin skrininq proqramı adlanır. Üçüncülü profilaktikada isə əsas hədəf xərçəng xəstələrində yaşama müddətini və həyat keyfiyyətini artırmaq hesab edilir”, - deyə Ə.İbrahimov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.