CƏMİYYƏT
Müasir suvarma sistemlərinin tətbiqi üzrə təlim proqramı təşkil olunub
Bakı, 20 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində iki günlük təlim proqramı təşkil olunub. Təlim Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dövlət Su İşləri Müdirliyinin nümayəndələri və yerli mütəxəssislər tərəfindən keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda su idarəçiliyinin mövcud vəziyyəti, suvarma qurğularının istismarı, texniki xidməti və idarə edilməsi, habelə suyun paylanması və monitorinq proseslərinin idarə edilməsi, kənd təsərrüfatının su tarifləri və digər mövzularda ətraflı təqdimatlar verilib və interaktiv müzakirələr aparılıb. Türkiyəli mütəxəssislər ölkələrində tətbiq olunan qabaqcıl təcrübələri iştirakçılarla paylaşıb.
Təlimdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC və digər qurumların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Proqram üç mərhələli planlaşdırılıb. İlkin mərhələdə 40 iştirakçının təlim keçməsi, növbəti mərhələdə isə Türkiyə Su İnstitutunun (SUEN) koordinasiyası ilə Türkiyə Respublikasına bir həftəlik təcrübə səfərinin təşkili nəzərdə tutulub. Mayın 29-dan iyunun 3-dək keçiriləcək təcrübə səfərində Su Komissiyasının Katibliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ni təmsil edən nümayəndələrin iştirakı nəzərdə tutulub. Təlimin üçüncü və son hissəsində təcrübə səfərində iştirak edən nümayəndələr Azərbaycana geri döndükdən sonra Türkiyədə təşkil olunan görüşlər və sahəyə səfərlər zamanı əldə etdikləri biliklər barədə qısa təqdimatla çıxış edəcəklər.
Təlim və təcrübə səfərinin sonunda iştirakçıların sudan istifadənin səmərəliliyinə və məhsuldarlığın artırılmasına dair elmi və praktiki biliklərinin artırılması hədəflənir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.