ELM VƏ TƏHSİL
“Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XI respublika tələbə elmi-praktiki konfransı keçirilmişdir
Bakı, 21 dekabr (AZƏRTAC). Dekabrın 21-də Bakı Slavyan Universitetində (BSU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XI respublika tələbə elmi-praktiki konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tərcümə fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bildirmişdir ki, artıq ənənəyə çevrilmiş elmi konfransda respublikanın müxtəlif ali təhsil ocaqlarından tələbələr iştirak edirlər. Ümid edirəm ki, bir çoxlarınız üçün bu görüş böyük elmi araşdırmaların başlanğıcı olacaqdır. Rektor keçirilən konfransın təkcə tərcüməçilər üçün deyil, eyni zamanda, digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də son dərəcə önəmli olduğunu vurğulamışdır.
K.Abdullayev konfransda dinləniləcək məruzələrdə olduqca maraqlı və ciddi problemlərə toxunulduğunu bildirmiş və konfransın işinə uğurlar arzulamışdır.
BSU-nun tərcümə fakültəsinin dekanı, dosent S.Həsənov konfransın işi barədə ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, “Tərcümə nəzəriyyəsi”, “Tərcümə tarixi və praktikası”, “Dilşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mədəniyyətşünaslıq”, “İctimai elmlər” bölmələri üzrə aparılacaq iclaslarda tələbə və magistrantın 200-dək elmi məruzələri dinləniləcəkdir.
Sonra tələbə və magistrantlar çıxışlarında belə konfransların gənclərin elmi işə cəlb olunmasında müstəsna rolundan danışmışlar.
Konfrans çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda təşkil edilmiş “dəyirmi masa”da qədim dövrlərdən başlayaraq bugünədək xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyasının təşəkkül tapmasında ulu öndərin misilsiz xidmətlərindən söhbət açılmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirmiş, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırmışdır.
Konfransda fərqlənən elmi məruzələr BSU tərəfindən toplu şəklində çap olunacaqdır.