REGİONLAR
Müasir texnologiyaların tətbiq olunduğu aqroparkda 1050 hektar sahədə soya becərilib VİDEO
Ağcabədi, 23 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə aqroparkların yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Belə aqroparklardan biri də "Əkinçi kəndli fermer təsərrüfatı" MMC tərəfindən Ağcabədi rayonunda yaradılıb.
MMC-nin direktoru Rəfail Pəsiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aqroparkın yaradılmasında məqsəd ölkəmizdə idxaldan asılılığın azaldılması, intensiv texnologiyaların tətbiqi ilə strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsidir. 4800 hektar ərazini əhatə edən aqroparkda birinci mərhələdə 1215 hektar sahənin suvarılması üçün 11 ədəd müasir pivot suvarma sistemi və nasosxana qurulub. Aqroparkın su təminatı Yuxarı Mil kanalı vasitəsilə həyata keçirilir. Hazırda bu il ilk dəfə 1050 hektar sahədə becərilən soya bitkisinın yığımına başlanılıb.
Pivot suvarma sistemlərinin üstünlüklərindən danışan R.Pəsiyev deyib: “Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, su itkisinə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır”.
Rəfail Pəsiyev bildirib ki, bu ilin sonunadək əlavə 18 ədəd pivot sisteminin qurulması və 1600 hektarda payızlıq taxılın səpilməsi nəzərdə tutulur. Növbəti illərdə isə aqropark ərazisində soya və taxılla yanaşı, qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri də becəriləcək.