REGİONLAR
Müasir toxum istehsalı kompleksi tikilir
Bakı, 19 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi kartof və tərəvəz toxumu istehsalı müəssisəsi tikir. İsrail təcrübəsinə uyğun inşa olunan müasir kompleks Elmi-Tədqiqat Tərəvəzçilik və Kartofçuluq İnstitutunun (ETTKİ) nəzdində fəaliyyət göstərəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, kompleks istixana, toxum emalı məntəqəsi, kartof toxumu kulturası laboratoriyası, xəstəlik və zərərvericilərin müayinəsi üçün diaqnostik laboratoriyadan ibarət olacaq.
Hazırda kompleksdə laboratoriya və inzibati otaqların yerləşəcəyi binanın tikintisi tamamlanmaq üzrədir.
Bundan başqa, birbaşa israilli mütəxəssislərin nəzarəti ilə 6,14 hektar ərazidə istixanaların quraşdırılmasına başlanılıb. İstixanalarla bərabər, 30 hektar açıq sahədə müasir damcı suvarma sistemləri quraşdırılacaq.
Nazirlik kompleksdə çalışacaq yerli mütəxəssislərin hazırlığı üçün təlimlər keçirilməsini və yeni işçilərin cəlb olunmasını da nəzərdə tutub.
Müasir toxum istehsalının təşkili yüksək məhsuldarlıq və qida təhlükəsizliyinin təminatı üçün vacib amillərdəndir. Yeni istehsal texnologiyalarının tətbiqi yetişdiriləcək məhsulları Avropa və Mərkəzi Asiya bazarlarında “Made in Azerbaijan” brendi ilə satışa çıxarmağa imkan verəcək.