MƏDƏNİYYƏT
Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında
Gəzdim Azərbaycanı: Bakı-Gəncə VİDEO
Bakı, 3 avqust (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) “Gəzdim Azərbaycanı” layihəsi bu dəfə 4 min illik tarixi olan, dahilər vətəni Gəncə haqqındadır.
On dəqiqəlik videoreportajda Gəncə xanlığının paytaxtı olan şəhərin tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və təbiəti barədə məlumat verilir.
Süjetdə qeyd edilir ki, Gəncənin qədim tarixindən xəbər verən tikililərdən şəhərdə Comərd Qəssab türbəsi, Şah Abbas, Şahsevənlər məscidləri, İmamzadə kompleksi, Karvansaray, Çökək hamam, Alban məbədi, Alman kilsəsi, 1875-ci ildə quberniya mərkəzində yaşayan ruslar üçün inşa edilən Rus Pravoslav kilsəsi bu gün də qorunub saxlanılır.
Süjetdə Gəncənin sənaye müəssisələri, yeni tikililəri, müasir park və meydanları, səhiyyə, təhsil, idman, mədəniyyət ocaqları barədə də geniş məlumat verilir.
“Gəzdim Azərbaycanı: Bakı-Gəncə” videoreportajında qeyd edilir ki, bu qədim şəhərdə qonaqlar üçün müasir otellər, təbiət qoynunda istirahət guşələri fəaliyyət göstərir. Bildirilir ki, Gəncədə gənclər üçün geniş imkanlar yaradılmışdır. Burada Olimpiya İdman Kompleksi, müxtəlif idman meydançaları və istirahət guşələri gənclərin ixtiyarındadır. Gəncə idmançıları beynəlxalq turnirlərdə Azərbaycan bayrağını şərəflə dalğalandırırlar. Elə XXX London Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran sərbəst güləşçimiz Toğrul Əsgərov da Gəncədə anadan olmuşdur. Gəncəli gənclər doğma şəhərlərini çox sevirlər. Onlar Gəncənin 2016-cı ildə Avropanın gənclər şəhəri kimi seçilməsi üçün də namizədliyini irəli sürmüşlər.
“Gəzdim Azərbaycanı: Bakı-Gəncə” videoreportajında bildirilir ki, son illər Gəncədə 25076-sı daimi olmaqla 28703 yeni iş yeri açılmışdır. Geniş küçə və meydanlar, park və istirahət guşələri Gəncəni ölkənin bir çox şəhərlərindən fərqləndirir. Şəhərin müasir görkəmi və onun özünəməxsus binaları buraya gələn qonaqlarda böyük maraq oyadır. Təməlinin qoyulmasının IV minilliyini başa vuran Gəncə bu gün yaşadığı yenilik, müasirliklə daha da inkişaf edir, ölkənin gözəl və sürətlə böyüyən şəhərinə çevrilir.